Odlar Yurdu Universitetində “OYU CYBER AI HACKATHON 2026” müsabiqəsi keçirilib
Tech-Azərbaycan
23.11.2026
17–18 noyabr 2026-cı il tarixlərində Odlar Yurdu Universitetində Startap və İnkubasiya Mərkəzi ilə İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik kafedrasının birgə təşəbbüsü ilə təşkil olunan “OYU CYBER AI HACKATHON 2026” müsabiqəsi keçirilib.
Hakatonun açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda gənclərin süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi, real problemlərə innovativ texnoloji həllər hazırlamaları, eləcə də bu ideyaların gələcəkdə kommersiyalaşdırılaraq uğurlu startap layihələrinə çevrilməsinin əhəmiyyəti vurğulanıb.
- AI for Cybersecurity – süni intellekt əsaslı kibertəhlükəsizlik həlləri;
- Cyber Defense & Digital Security – rəqəmsal sistemlərin və məlumatların müdafiəsi;
- Human-Centric Cybersecurity – insan faktoruna əsaslanan kibertəhlükəsizlik həlləri.
Hakaton müddətində iştirakçı komandalar mentorların dəstəyi ilə öz layihələri üzərində çalışaraq prototiplər hazırlayıblar. Müsabiqənin final mərhələsində 10 komanda münsiflər heyəti qarşısında layihələrini təqdim edib, hazırladıqları texnoloji həllərin funksionallığı və tətbiq imkanları barədə məlumat verib, ünvanlanan sualları cavablandırıblar.
Təqdimatlardan sonra keçirilən bağlanış və mükafatlandırma mərasimində Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik kafedrasının müdiri, akademik Əli Abbasov və Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü çıxış ediblər.
Müsabiqənin yekun nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi müəyyənləşib:
1. ZeroTrace – 81 xal
2. Lucy – 74 xal
3. RedAct – 71 xal
4. RootForce – 70 xal
5. Cryzen – 69 xal
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev ilk üç yeri tutan komandaları mükafatlandırıb. Sponsorların dəstəyi ilə birinci yerin qalibinə 3000 AZN, ikinci yerin qalibinə 2000 AZN, üçüncü yerin qalibinə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub.
Bununla yanaşı, Holberton School Azerbaijan tərəfindən ilk beşlikdə yer alan komandaların hər birinə kibertəhlükəsizlik və süni intellekt istiqamətləri üzrə kurslar hədiyyə edilib. Bu təşəbbüs iştirakçıların peşəkar biliklərinin artırılması və müvafiq sahələrdə praktiki bacarıqlarının inkişaf etdirilməsinə töhfə vermək məqsədi daşıyır.
Mərasim çərçivəsində müsabiqənin təşkilinə və qiymətləndirmə prosesinə verdikləri töhfəyə görə münsiflər heyətinin üzvlərinə təşəkkürnamələr təqdim olunub. Həmçinin tədbirin yüksək səviyyədə təşkilində fəal iştirak edən könüllülər də Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlünün iştirakı ilə təşəkkürnamələrlə təltif ediliblər.
Qeyd edək ki, “OYU CYBER AI HACKATHON 2026” beş tərəfdaş və üç sponsor olmaqla, ümumilikdə səkkiz qurumun dəstəyi ilə həyata keçirilib.
Hakatonun tərəfdaşları:
- İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
- Digital Azerbaijan
- National Artificial Intelligence Center (NAIC)
- Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası
- Azerbaijan Startup Community
Hakatonun sponsorları:
- MegaSec
- Holberton School Azerbaijan
- RCT
İki gün davam edən “OYU CYBER AI HACKATHON 2026” müsabiqəsi tələbələrin və gənclərin süni intellekt və kibertəhlükəsizlik sahələrində biliklərini praktikada tətbiq etmələri, komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmələri, innovativ layihələr hazırlamaları və ideyalarını peşəkar mühitdə təqdim etmələri üçün mühüm platforma rolunu oynayıb.
Odlar Yurdu Universiteti gələcəkdə də innovasiya və sahibkarlıq ekosisteminin inkişafına, tələbələrin yaradıcı potensialının üzə çıxarılmasına və texnoloji ideyaların real layihələrə çevrilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...