Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramında icra mərhələsi üzrə görüşlər başa çatıb
Tech-Azərbaycan
01.06.2026
Farid
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM tərəfindən icra olunan “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində müəssisələrin rəhbərliyi ilə yol xəritələrinin icra mərhələsinə dair görüşlər yekunlaşıb. Görüşlərdə prioritet layihələrin həyata keçirilməsi və rəqəmsal transformasiya prosesləri müzakirə olunub.
Technote.az xəbər verir ki, proqramın cari mərhələsində metallurgiya, qida sənayesi, ağır sənaye, tikinti və pərakəndə satış sahələrini təmsil edən 15 yerli müəssisə iştirak edir. Müəssisələrin rəqəmsal transformasiyaya hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilib.
Proqram çərçivəsində müəssisələrdə aparılan qiymətləndirmə nəticəsində 400-dən çox potensial tətbiq nümunəsi müəyyən edilib. Onlardan 80-ə yaxını texniki-iqtisadi əsaslandırma ilə prioritetləşdirilərək icra mərhələsinə keçirilib.
Hazırlanan yol xəritələri istehsal və planlama proseslərinin rəqəmsallaşdırılması, ERP sistemlərinin inteqrasiyası və real vaxt rejimində monitorinq kimi istiqamətləri əhatə edir. Eyni zamanda, süni intellekt əsaslı həllər vasitəsilə tələbin proqnozlaşdırılması, keyfiyyət yoxlaması və proses optimallaşdırılması nəzərdə tutulur.
Proqram çərçivəsində artıq Sİ əsaslı istehsalat asistenti, qaynaq keyfiyyətinə nəzarət və enerji optimallaşdırma layihələri prioritetləşdirilib. Strategiyaya əsasən, 2030-cu ilədək 65 müəssisənin Sənaye 4.0 transformasiya proseslərinə cəlb olunması planlaşdırılır.
Paylaş
Bənzər xəbərlər