“Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik qəbul edilib
Tech-Azərbaycan
26.05.2026
Farid
Milli Məclisin plenar iclasında “Vətəndaşların müraciətləri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Technote.az xəbər verir ki, dəyişikliklər vətəndaş müraciətlərinin qəbulu, qeydiyyatı və baxılması prosesinin elektronlaşdırılmasının təkmilləşdirilməsini nəzərdə tutur. Yeniliyə əsasən, vətəndaşlar müraciətin cavablandırılması üsulunu elektron, poçt və ya EHİS üzərindən seçə biləcəklər.
Qanun layihəsinə əsasən, müraciətdə vətəndaşın seçdiyi cavablandırma üsulu, elektron cavab istənildiyi halda isə elektron ünvan göstərilməlidir. EHİS vasitəsilə cavablandırılma istənildikdə fiziki şəxslər üçün FİN, hüquqi şəxslər üçün isə VÖEN təqdim olunacaq.
Elektron müraciətlər aidiyyəti qurumun rəsmi internet informasiya ehtiyatına daxil ediləcək və ya qurumun elektron ünvanına göndəriləcək. Müraciətlər həmçinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən də təqdim oluna biləcək.
Yeni qaydalara əsasən, elektron müraciətlərə cavab müraciət edən şəxsin seçiminə uyğun olaraq elektron, poçt və ya EHİS vasitəsilə yazılı formada təqdim ediləcək. Dəyişikliklər vətəndaşlarla dövlət qurumları arasında elektron kommunikasiya imkanlarını genişləndirəcək.
Paylaş