WUF13 üçün xüsusi elektron portal istifadəyə verilib
Tech-Azərbaycan
12.05.2026
Farid
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rabitə xidmətlərinin dayanıqlı təminatı üçün zəruri texniki tədbirlər görülüb. Hazırlıq işləri aidiyyəti qurumlar tərəfindən həyata keçirilib.
Technote.az Azərtac-a istinadən xəbər verir ki, mobil rabitə şəbəkəsində xidmət keyfiyyətinin qorunması məqsədilə operatorların ehtiyacları müəyyən olunub. Tədbir müddətində istifadə üçün əlavə radiotezlik resursları ayrılıb.
Forumun keçiriləcəyi məkanlarda mobil telekommunikasiya şəbəkəsinin tutumu artırılıb. Eyni zamanda ictimai Wi-Fi xidmətlərinin dayanıqlığı və kibertəhlükəsizlik istiqamətində də işlər aparılıb.
İştirakçıların tədbirə gətirəcəyi radioelektron vasitələr üçün xüsusi elektron portal – “wuf13-e-permission.icta.az” istifadəyə verilib. Portal vasitəsilə avadanlıqlara icazələrin verilməsi və tezlik resurslarının ayrılması həyata keçirilir.
Sistem üzərindən tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyata alınır. Həmçinin müvafiq tezlik resursları ayrılır və avadanlıqlar etiketlənir.
Paylaş