main-post-cover

    2018-ci ilin texnoloji trendləri nə olacaq? Bizi nələr gözləyir?

    01.01.2018
    Farid Pardashunas
        2017-ci ilin artıq geridə qoyduq. Ötən ili, texnologiya dünyası üçün olduqca əhəmiyyətli bir il hesab etmək olar. Bir çox texnoloji yeniliyin olduğu 2017-ci ilin əsas trendləri "AI (Artificial İntelegence)" - Süni Zəka və "Blockchain" texnologiyası idi. Ümumiyyətlə gələcəyin texnologiyaları haqqında proqnoz vermək olduqca çətindir. Çünki texnologiya çox sürətlə inkişaf edir və bizim 5 il sonra gözlədiyimiz hər hansı bir texnologiya bəlkə də artıq reallaşıb. Sadəcə, bizim bundan xəbərimiz yoxdur. 2017-ci ildə baş verən hadisələrə əsasən, 2018-ci il üçün sizə bir trend listi çıxarmağı qərara aldım. Bəlkə də, bu sizə kömək edər ki, siz gələcək planlarınıza yaxud startaplarınıza bu trendləri tətbiq etməklə daha çox inkişaf edəsiniz. Uzun sözün qısası, 2018-ci il üçün əsas texnoloji trendlərin aşağıdakılardan ibarət olacağını düşünürəm:

    AI (Artificial Intelegence)
        Süni Zəka - Ümumiyyətlə süni zəka son illərdə gündəmdən düşmür. Xüsusilə, 2017-ci ildə artıq iki süni zəka əsasında çalışan robotun vətandaşlıq alması göstərdi ki, robotların inqilabı biz gözlədiyimizdən də tez baş verəcək. 2018-ci il süni zəka sahəsində böyük irəliləyiş əldə olunmayacaq. Ən azından bu hər hasnı inqilabi bir dəyişiklik olmayacaq. Çünki, hazırda olan suni zəka əsaslı sistemlərə nəzər saldıqda bütün alqoritmlərin hələ də müxtəlif əmrlər əsasında çalışdığını bilirik və süni zəkaların tam olaraq düşünmə və qərarvermə səviyyəsinə çatdığını görmürük. Bəlkə də bu işin görünən tərəfi ola bilər, amma Google, Apple, Microsoft, Facebook kimi iri şirkətlərin bu sahəyə külli miqdarda investisiya etməsi göstərir ki, bu trend tam olaraq düşünəbilən robotun ortaya çıxacağı günə qədər davam edəcək.
        2018-cı ildə AI əsaslı startapların artımı mütləq ki, müşahidə olunacaq. Çünki, investorlar bu il də olduğu kimi sözügedən sahədə olan startaplara külli miqdarda yatırımlar edəcəklər. Amma 2018-ci il üçün 2017-ci ildən fərqli olaraq, artıq investorlar hər adında AI hallanan layihələrə investisiya etməyəcəklər. Buna səbəb isə investorlar artıq başa düşür ki, iri şirkətlərin təqdim etdiyi açıq-qaynaqlı mənbələrdən yararlanan startaplar sadəcə bəzi əlavələr etməklə sadə startaplarla onların qarşılarına çıxırlar.
        Bizə qeyri-mümkün görünsə də ola bilər ki, bu dəqiqələrdə Amerikada hansısa gizli fabrikdə Google-un ortaq qurucularından olan Larry Page, Amerika dövləti ilə ortaq bir şəkildə hərbi robotlar hazırlayır. Bundan narahat olan simalar da var təbii ki. Məsələn, elə Elon Musk-ın özü. Yəni, biz istəsək də istəməsək də həm yaxşı həm pis məqsədlər üçün AI inkişaf edəcək. Görünən odur ki, biriləri bu sahənin irəliləməsini inadla istəyir. Dünya artıq çox dəyişib və biz daha bir böyük texnoloji inqilabın astanasındayıq və əminəm ki, növbəti 20 il ərzində bu inqilab artıq reallaşacaq. 2018-ci ildə Yaponiyanın robotik şirkətləri, Boston Dynamics, Google və s. kimi iri şirkətlər öz yeni robotlarını, süni zəka əsaslı səsli köməkçilərini təqdim etməyə davam edəcəklər.
    Blockchain
        Blok Zinciri - 2017-ci ilin ən qalmaqallı və texnologiya dünyasının şou-biznesi adlandırdığım bir sahə - "Blockchain". Ümumiyyətlə bu zincirin nə olduğunu bilənlər, əslində bu texnologiyanın necə əhəmiyyətli bir problemi həll etdiyini və gələcəkdə nələri dəyişəcəyini də yaxşı bilir. Təsəvvür edin ki, siz bir sənədi yaxud hansısa bir vasitəni ( bu musiqi də ola bilər ) dünyada olan minlərlə konpüterlərin yaddaşına şifrəli bir şəkildə yazırsınız. Buraya başqasının müdaxilə etməsi, oğurlanması, yoxa çıxması və itməsi demək olar ki, mümkünsüz bir səviyyədədir. Burada kompüterlər rolunda "maynerlər" dayanır. ( Böyük zincir həlqəsini formalaşdıranlar ) Onlar böyük bir hovuz yaratmaqla, bu işin əsasını təşkil edirlər. Lakin, təəssüflər olsun ki, geridə qoyduğumuz ilin əsas trendi daha çox bu texnologiya deyil, bu texnologiya üzərində qurulan kripto valyutalar oldu. "Bitcoin"in pik səviyyədə bahalaşması, uyğun olaraq il sonuna doğru qiymətində azalmaların olması, insanları bu şarın partlayacağı haqqında düşünmələrinə gətirib çıxardı.
        Fikrimcə, bütün dedi-qodulara və mübahisələrə 2018-ci ildə aydınlıq gələcək. Artıq "Bitcoin"in real dəyəri 2018-ci ildə bilinməlidir. Arxasında heç bir dövlətin və mərkəzi bankın dayanmadığı bu valyuta ya şişib partlayacaq ( ki, bu daha real ehtimaldır ) ya da ki, son "bitcoin" çıxana qədər şişəcək. Əsində 2018-ci il "ICO"larla zəngin bir il olacaq. "ICO" - bildiyimiz "IPO" ( Şirkətinin hissələrinin geniş kütləyə açılaraq, satılması) termininin rəqəmsal daha doğrusu isə "blockchain" əsasında işləyən versiyasıdır. Biz 2018-ci ildə "bitcoin"in hansı dəyərə sahib olacağını yaxud hansı valyutanın qiymətinin bahalaşacağını deyə bilmərik. Amma əminliklə demək olar ki, 1500 - dən çox kripto valyutanın olduğu bu bazarda hansısa bir valyuta artıq qlobal miqyasda arxasına bir güc alacaq. Dövlətlərin və Mərkəzi Bankların bu valyutalarla işləməməsinin əsas səbəbi, tranzaksiyaların izlənilə bilməməsidir. Bəlkə də 2018-ci ildə Amerika öz kripto valyutasını buraxıb, bütün ödəmələrdə rəsmi şəkildə tanıyacaq. Bir ehtimal da var ki, elə "Bitcoini" Amerika yaratmış olmasın?
         Hal hazırda insan, narkotika alveri və çirkli pulların yuyulmasında adı hallanan bu valyutanın talehinə 2018-ci ildə aydınlıq gələcək (mən belə düşünürəm). "Blockchain" texnologiyasına gəldikdə isə, təkcə sənəd dövriyyələrində istifadəsi böyük bir problemi həll edir. 2018, "Blockchain"in tətbiq sahələrinin artacağı ildir. Necə ki, artıq 2017-ci il sonunda "Blockchain", "AI" sahəsində də tətbiq olunmağa başladı.
    Mobil trendlər
        Son illərdə bazarda innovasiyalara hökmranlığından uzaq qalmış Apple, 2017-ci ildə "iPhone X" ilə geri döndü. Xüsusilə "Face ID" mobil sektorun gələcək trendidir. Son aylarda "Huawei" tərəfindən də təqdim olunan "Face ID" texnologiyası 2018-ci ildə mobil cihazların əsas trend mövzusu olacaq. Necə ki, artıq hər bir telefonda öz yerini alan barmaq izi skanı yavaş-yavaş "Face ID" texnologiyası ilə əvəz olacaq. Paralelində göz qişasının skanı texnologiyası ilə daha bir lider firma Samsung gəlir. Bu iki texnologiya özlüyündə bazarda yeni imkanlar yaradacaq.
        Növbəti trend dalğası eyni zamanda barmaq izi skanı ilə də bağlı ola bilər. Beləki, artıq bir Çin firması Qualcomm-un patent sahibliyi ilə barmaq izini birbaşa ekrana inteqrasiya etməyi bacarıb. Biz bunu, Apple-dan gözləsək də, bunu bir Çin firması etdi.
        Mobil dünyanın dəbdən düşməyən digər bir trendi isə kameralar olacaq. Xüsusilə mobil cihazlarda ön kameraların inkişafı gözlənilir. Artıq arxa kameralarda gördüyümüz 4K çəkimdən tutmuş optik şəkil sabitləmə funksiyasına qədər digər funksiyalar da ön kameraya daşına bilər. DSLR effekti verən 2-li arxa kameralar isə bu il olduğu kimi yenə trenddə olacaq. Məsələn, Samsung-un fevralda təqdim edəcəyi Galaxy S9 modeli 2 arxa kameraya sahib olacaq. Eynilə, Note 8 modelində olduğu kimi.
        Batareya mövzusunda geridə qalan firmalar 2018-ci ildə də sürətli enerji yığma, naqilsiz enerji yığma və s kimi funksiyalara fokuslanacaqlar. Lakin əsas inqilabi dəyişiklik hələ baş verməyəcək. Söhbət "Lithium Ion" batareya texnologiyasından imtinadan gedir. Eyni zamanda 2018-ci ildə artıq şişirdilmiş texnoloji göstəricilər və böyük ekranlar dəbdə olmayacaq. Şirkətlər çalışacaq ki, lazımsız şişirdilmiş texnoloji göstəricilərdənsə, istifadəçiyə faydalı olan şeyləri təqdim etsin.
        Ekran ölçüsü mövzusunda isə şirkətlər daha çox çərçivəni kiçiltməyə yönələcəkər nəinki, ekranı böyütməyə. CPU mövzusunda böyük bir irəliləmə olacaq. Ən azından mobil cihazlarda VRAR təcrübəsinin daha real yaşanması üçün buna ehtiyac olacaq. 2018-ci ildə son illərin sürətli böyümə qət edən şirkəti Xiaomi yenə trend mövzulardan biri olacaq. Çin bazarının liderlərindən biri olan sözügedən şirkət Huawei ilə ciddi rəqabətdədir. Ölkəmizdə də geniş yayılan bu firmanın cihazları bəzi satış göstəriciləridə "Apple"ı belə qabaqlamağı bacarıb.
        2018-ci il Xiaomi üçün uğurli bir il olacaq. Ən azından son təqdim etdiyi cihazlar bunu deməyə imkan verir. Növbəti il üçün sözün əsl mənasında çinli şirkətdən inqilab gözləyirəm. Artıq bu firma nəinki mobil cihaz bazarında, eyni zamanda texnologiya bazarının digər sahələrinədə öz ağıllı cihazları ilə müdaxilə edir. Bazar liderlərinə baxdıqda isə 2018-ci ildə əsas rəqabət yenə də iki əzəli rəqib arasında olacaq. Söhbət AppleSamsung-dan gedir. Bazarın trendini müəyyənləşdirən və innovasiyaları ilə hökmranlıq edən bu şirkətlərdən Samsung-un bir addım öndə olacağını düşünürəm. 
    Mobil tətbiqlər
        Artırılmış reallıq virtual reallıq 2017-ci ilin trendi idi. Bu trend, hələ bir neçə il də davam edəcək. Bunu, Google, Facebook, Apple kimi firmaların bu sahəyə kütləvi investisiyalarından açıq-aşkar görmək olar. Eyni zamanda mobil tətbiqlər bazarında "image recognition" texnologiyası 2018-ci il üçün də trend olacaq. Bu texnologiya məhz Facebook, Snapchat və Instagram hekayələrində paylaşdığımız fərqli üz ifadələrinin əsaslandığı texnologiyadır. 2017-ci ildə VR bazarında böyük dəyişiklik baş vermədi. İnvestorların kütləvi investisiyaları hələ də geri dönüş verməyib. Hələ də insanlar bu cihazlardan və texnologiyadan kütləvi şəkildə istifadə etmirlər. Məhz bu səbəblər yatırımçı şirkətləri və investorları narahat edir.
        Digər tərəfdə isə Artırılmış Reallıq texnologiyası VR-a nisbətən daha geniş yayılır. Səbəb isə AR texnologiyasının rahatlıqla telefonun kamerası ilə inteqrasiya olunub, hər mobil cihazın daxilinə girə bilmə bacarığıdır. Düşünürəm ki, 2018-ci il üçün AR texnologiyası daha çox böyümə qətt edəcək. Mobil tətbiqlərdə trend isə AR və "image recognition" əsaslı texnologiyalar olacaq.
        Burada diqqət edilməli məqamlardan biri də "Face ID" texnologiyasıdır. Xüsusilə "Apple"ın son konfransında bu texnologiya ilə təqdim etdiyi emosiyalar, əslində developerlərə bu texnologiya ilə nələrin mümkün olacağını göstərdi. Bəlkə də indi böyük əmək və montajlama işi tələb edən hansısa personajların üz ifadələrinin canlandırılması, gələcəkdə "Face ID" texnologiyasının inkişafı ilə daha rahat olacaq. Daha doğrusu bu iş mobilə daşınacaq. Düşünün ki, siz hər hansı bir meymun sifətinə öz üzünüzün cizgilərini hərəkət etdirməklə köçürmə edirsiniz. O da sizin kimi danışır və emosiyalar ilə reaksiya verir. Bu baxımdan "Face ID"ni nəzərdə saxlamaq lazımdır. Növbəti trend bu texnologiyanın və sensorların köməyi ilə yaradılan tətbiqlər olacaq.
    Startaplar
        Startap və rəqəmsal sahibkarlıq bazarında konkret olaraq nəyin trend olduğunu deyə bilmərik. 2 il əvvələ baxdıqda bunun çatbotlar, keçən ilə baxdıqda isə AIBlockchain startaplarının daha önə çıxdığını görə bilərik. Amma artıq əminliklə deyə bilərik ki, sosial şəbəkə trendi illərdir bitib. Yeni startaplar ayaqda qalmaq və investisiya almaq üçün mütləq "disrupt" etməlidirlər. Yəni ortaya texnologiyanın qoyulmağı mütləqdir. 2018-ci ildə "blockchain" və süni zəka startapları kobud dildə desək ilin dəbi olacaq.
        "Fintech", "Medtech", "Traveltech" kimi sahələr isə öz tempi ilə davam edəcək. 2017-ci ilə damğasını vuran hadisələr isə maşın paylaşım startaplarının əhatəsində baş verdi. Lyft, Didi kimi tətbiq əsaslı taxi şirkətlərinin Uber kimi böyük bir rəqibi bazarda necə sıxdıqlarının şahidi olduq. SoftBank-dan aldığı investisiyalar ilə böyüyən Didi artıq nəinki Çin bazarının, etdiyi alışlar ilə Asiyanın liderinə çevrilib. Uber-in geriləməsi 2018-ci ildə də dava edəcək və gözləntilərimə əsasən Didi daha bir neçə bazarlardan alış etməklə, həmin bazarları ələ keçirəcək. Baxmayaraq ki, 2018-ci il planlarında uçan dron taxiləri işlə salmağı planlayan Uber, lazımsız böyümə dalınca qaçaraq, balonu partlada bilər.
        2017-ci il Elon Musk-ın ili idi desək, yanılmarıq. Etdiyi investisiyalar, sahib olduğu texnologiyalar və şirkətlər ilə dünyanı dəyişmək sözünü real mənada başa düşən bu adamın məqsədi insnalara Marsda alternativ bir dünya yaratmaqdır. 2018-ci ildə də adından söz etdirməyi bacaracaq olan bu adamın çılğın fikirləri bitib-tükənmək bilmir. Amma mən düşünürəm ki, 2018-ci ildə də Musk-ın Mars planı baş tutmayacaq. Digər tərəfdə isə Tesla-nın böyük inkişaf yolu qət etməsi gözləniləndir. Ən azından son təqdim etdiyi elektramobillər, elektrik enerjisi ilə hansı səviyyədə sürətəçatabilmə imkanını açıq-aşkar göstərdi. 
        Bu məqalə təmamilə şəxsi fikirlərimə və proqnozlarıma əsasən yazlıb. Ümid edirəm 2018-ci il də texnologiya dünyası üçün düşərli il olacaq. Düşərli olmaq məcburiyyətindədir :) Bayramınız Mübarək.
        
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər