main-post-cover

    2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

    Elm & Texnologiya
    13.04.2021
    Emil Nəcəfov
        Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay idarəçiləri Origin adlı pilotsuz taksilərin şəhərə gətirilməsi üzrə ABŞ-ın Cruise adlı şirkəti ilə müqavilə bağlayıblar. Origin adlı pilotsuz taksilərin istehsalı ilə məhz Cruise şirkəti məşğul olur. Sözügedən nəqliyyat növü elektrikli mikroavtobus dizaynında reallaşdırılıb və onun daxilində 6 nəfərlik oturacaq mövcuddur.
        Bu nəqliyyat növü sükana və pedallara sahib deyil. Sözügedən pilotsuz taksilərin ilk versiyaları Dubayda 2023-cü ildə istifadəyə veriləcək. Gələcəkdə Cruise şirkəti onların saylarını 4000-ə çatdırmağı planlaşdırır. Dubay idarəçilərinin fikirlərinə əsasən 2030-cu ilə kimi Dubayın şəhər nəqliyyatı sisteminin 25%-i tamamilə avtonom rejimdə çalışacaq. Bundan əlavə olaraq sözügedən əməkdaşlıq çərçivəsində Cruise şirkəti Birləşmiş Ərəb Əmirliklərində öz ofisini açacaq.
        Həmin ofis isə pilotsuz taksilərin ölkəyə gətirilməsini və onlara xidmətin göstərilməsini təmin edəcək. Bununla yanaşı şirkət 2029-cu ilə kimi Dubayda pilotsuz nəqliyyat növü xidmətini təklif etmə üzrə eksklüziv hüquqa sahib olacaq. Qeyd etmək lazımdır ki, Cruise şirkəti 2013-cü ildə San Fransiskoda təsis edilib. 2016-cı ildə isə General Motors şirkəti onu 1 milyard dollara almışdı. Bu ilin əvvəlində Microsoft şirkəti sözügedən layihəyə 1 milyard dollar investisiya yatırmaqla General Motors-un tərəfdaşına çevrilmişdi.
    Linki kopyala