
5 arxa kameralı Nokia 9 PureView smartfonunun ilk reklam videosu sızdırıldı
Elm & Texnologiya
03.01.2019
Emil
Yanvar ayı sonunda gəlib çatdı. Bu isə o deməkdir ki, HMD Global şirkətinin 5 arxa kameraya sahib qeyri adi Nokia 9 PureView smartfon modelinin təqdimatı getdikcə yaxınlaşır. Belə ki, internetdə sözügedən smartfonun reklam videosu yayılıb. Bu barədə Mysmartprice online mağazası xəbər verib. Reklam videosunda heç bir sürprizə rast gəlinməyib. Belə ki, smartfonun dizaynı barəsində məlumatlar hələ əvvəlki sızıntılarda məlum olmuşdu. Smartfonun ekranı üzərində heç bir çıxıntı hissə yoxdur. Buna görə də ekran ətrafındakı çərçivələrin qalınlığı bir qədər artırılıb. Smartfon yuxarı və aşağı hissələrdə qalın çərçivələrə sahibdir.

Ekranın özü isə 5.99 düymdür və 2K ilə HDR10-u dəstəkləyir. Smartfonun arxa panelində dairəvi şəkildə yerləşdirilmiş Zeiss markalı 5 ədəd kamera və işıqlandırma sistemi var. Reklam videosundakı məlumata əsasən Nokia 9 PureView modeli 5 arxa kamera vasitəsilə eyni anda 5 ədəd foto çəkməyi, pis işıqlandırılmış mühitdə keyfiyyətli fotoların əldə olunması üçün 10 dəfə daha çox işığı qəbul etməyi bacarır. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 845 prosessoru, 6 GB RAM və 128 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq.
Nokia 9 PureView Android One proqramı çərçivəsində satışa çıxacaq və Android 9.0 Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun təqdimatı bu ayın sonunda baş tutmalıdır. Digər bir yayılmış məlumatlara əsasən Nokia 9 PureView-ın daha bir versiyası olacaq və o, Snapdragon 855 prosessoru ilə 5G texnologiyasına sahib olacaq. Məlumata əsasən həmin versiya isə bu ilin avqust ayında satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
