Logo
    main-post-cover

    52 yaşlı qadın beyin xərçənginin müalicəsində vacib rol oynaya bilər

    Elm & Texnologiya
    30.01.2025
    Emil
         Qlioblastoma, beyin xərçəngi növləri arasında ən ölümcül növlərdən biri kimi tanınır. Bu xəstəlik ortaya çıxdıqdan sonra, xəstələrin əksəriyyəti 1-1.5 il ərzində həyatını itirir və 5 ildən artıq yaşayanların nisbətinin cəmi 5% olduğu bildirilir. Üstəlik, bu müddət ərzində xəstəlik baş ağrısı, yaddaş itkisi, düşüncə və davranış dəyişiklikləri kimi əlamətlərlə müşayiət olunur. Technote.az Cambridge University Hospitals-a istinadən xəbər verir ki, alimlər bir neçə müddət bundan öncə unikal tədqiqata start veriblər və tədqiqatın mərkəzində sözügedən xərçəng növündən xilas olmuş 52 yaşlı qadın dayanır. Kembricdən olan Katherine Webster adlı qadına 2020-ci ilin mart ayında 4-cü dərəcəli qlioblastoma diaqnozu qoyulmuşdu.
         Həmin vaxtda onun 47 yaşı var idi. Xəbərin əvvəlində də qeyd etdiyimiz kimi bu xəstəlik ortaya çıxdıqdan sonra 5 ildən artıq yaşayanların nisbətinin cəmi 5% təşkil edir. Lakin Katherine Webster-in halında bütün gözləntilər kölgədə qalıb. Məhz bu səbəbdən alimlər bu mövzuda yeni tədqiqat aparmağa qərar veriblər. Onlar ümid edirlər ki, Katherine nəticədə xərçəngə qarşı qalibiyyətdə əsas rolu oynayacaq faktor ola bilər. Diaqnozdan sonra Katherine, Addenbruk xəstəxanasında əməliyyat olundu və radioterapiya ilə kimyaterapiya proseslərindən keçdi. Hazırda o, remissiyadadır, lakin yaddaş itkisi və sağ tərəfində məhdud hərəkətlilik kimi bəzi problemlər yaşayır.
         O, sağalmasını təəccüblü dərəcədə rahat keçdiyini bildirir. Keçmiş idmançı olan Katherine, müalicə zamanı avarçəkməyə olan həvəsini əsas motivasiya mənbəyi hesab edir. Ailəsi və Çesterton Avarçəkmə Klubundakı dostlarının dəstəyi ilə o, yenidən idman növünə qayıdıb və həftəlik avarçəkmə ilə məşğul olur. O, sağ qalması haqqında düşünərək deyir: "Mənə bir neçə il yox, bir neçə ay ömrümün qaldığı deyilmişdi. Bu diaqnozdan sonra demək olar ki, beş il keçib və mən hər günümü son gün kimi yaşamağa çalışıram". Yaxın zamanda Katherine, "Rozalind" adlı beynəlxalq klinik sınaqda iştirak edəcək.
         Bu tədqiqat, onun kimi bəzi onkoloji xəstələrin gözləniləndən daha uzun yaşamasının səbəblərini araşdıracaq. Böyük Britaniyada Kembric Universiteti Xəstəxanası tərəfindən koordinasiya edilən "Rozalind" tədqiqatı, yayılmış kiçik hüceyrəli ağciyər xərçəngi, mədəaltı vəzi xərçəngi və qlioblastoma ilə bağlı uzun müddət sağ qalan xəstələrin bioloji faktorlarını öyrənməyi hədəfləyir. Tədqiqat, dünya üzrə bu xəstəlik növləri üzrə sağ qalma göstəricilərinin yuxarı 3%-ni təmsil edən, uzun müddət xərçənglə yaşayan 1000-dən çox insandan şiş nümunələrinin toplanmasına yönələcək. Bu nümunələr, tədqiqatı aparan Cure51 biotexnologiya şirkəti tərəfindən Parisdə təhlil ediləcək. Bu tədqiqatın nəticələri, gələcəkdə xərçəng müalicəsində əhəmiyyətli irəliləyişlərə səbəb ola bilər.
    Paylaş