Logo
    main-post-cover

    ABŞ-da hava hərəkətinin idarəsində hələ də disketlərdən və Windows 95-dən istifadə edilir

    Elm & Texnologiya
    11.06.2025
    Emil
         Dünya rəqəmsal texnologiyalara keçid etdiyi bir zamanda, ABŞ-ın hava hərəkətinin idarə olunması sistemi hələ də məlumat ötürmək üçün disketlərdən Windows 95 əsasında işləyən kompüterlərdən istifadə edir. Rəsmilər bu vəziyyəti dəyişdirməyə söz veriblər. Məlumata əsasən  ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) köhnəlmiş sistemlərini modernləşdirmə planlarını rəsmi şəkildə bəyan edib. Qurumun müvəqqəti rəhbəri Chris Rocheleau Nümayəndələr Palatasının iclasında bildirib ki, modernləşmənin məqsədi uçuşların izlənilməsində disketlərdən və kağız etiketlərdən tamamilə imtina etməkdir. Nəqliyyat naziri Sean Duffy bu layihəni son onilliklərin ən vacib infrastruktur təşəbbüsü adlandırıb və onun iki partiya tərəfindən dəstəkləndiyini qeyd edib. Hazırda ABŞ-da bir çox nəzarət mərkəzləri və hava hərəkətinə nəzarət qüllələri elə bir avadanlıqla işləyir ki, bu, 20-ci əsrin sonlarına daha uyğun görünərdi.
         Bəzi əməkdaşlar hələ də uçuşları əlaqələndirmək üçün kağız lentlərdən istifadə edirlər, sistemlər arasında məlumat ötürülməsi isə disketlər vasitəsilə aparılır. Eyni zamanda, kompüterlər hələ də Microsoft-un 1995-ci ildə buraxdığı Windows 95 əməliyyat sistemindən istifadə edir. Lakin texnologiyaların köhnə olmasına baxmayaraq, sistem yüksək etibarlılıq nümayiş etdirir. Buna baxmayaraq, aviasiyada risklərin təhlili ilə məşğul olan İllinoys Universitetinin professoru Sheldon Jacobson da daxil olmaqla mütəxəssislər modernləşmənin zəruri olduğunu bildirirlər. Köhnə texnologiyaların üstünlükləri arasında onların müasir kibertəhdidlərə qarşı davamlılığı qeyd olunur. Məsələn, 2024-cü ildə CrowdStrike şirkətinin səbəb olduğu qlobal nasazlıq zamanı FAA sistemləri zərər görməyib. Bununla belə, idarənin özünün etiraf etdiyinə görə, FAA-ya məxsus 138 sistemdən 51-i köhnəlmiş avadanlıq və ehtiyat hissələrinin çatışmazlığı səbəbindən gələcəkdə istifadəyə yararsız hesab olunub.
         Bu problem təkcə FAA-ya aid deyil. Disketlərdən imtina ilə bağlı oxşar çətinlikləri, məsələn, Yaponiya və San-Fransiskonun dəmiryolu sistemi də yaşayır. San-Fransiskoda bu sistemin yenilənməsi yalnız 2030-cu ilə planlaşdırılır. Vurğulanır ki, hava hərəkətinə nəzarət sisteminin modernləşdirilməsi son dərəcə çətin bir vəzifədir. Adi korporativ İT şəbəkələrindən fərqli olaraq, bu sistemlər fasiləsiz və sutkalıq rejimdə işləməlidir. Hətta qısa müddətli dayandırma belə uçuş təhlükəsizliyinə təsir göstərə bilər. Bundan əlavə, yeni sistemlər kibertəhlükələrə qarşı dayanıqlı olmalıdır, çünki sistemin sındırılması bütün aviasiya infrastrukturunun iflic olmasına və bununla da nəqliyyat, ticarət və fövqəladə xidmətlərə təsir göstərməsinə səbəb ola bilər. Lakin bütün mütəxəssislər bu təşəbbüsün uğurlu olacağına əmin deyil. Məsələn, aviasiya sahəsi üzrə analitik Robert W. Mann Jr., NPR-ə verdiyi müsahibədə bildirib ki, sistemi modernləşdirmək vədləri artıq 30 ildən çoxdur səsləndirilir, lakin real dəyişikliklər baş verməyib.
         Narahatlığa səbəb olan hadisələrdən biri də 2023-cü ilin yanvarında baş vermiş və pilotlara yönəlik NOTAM (Notice to Airmen) məlumat sisteminin dayanması olub. Bu hadisə ölkə üzrə genişmiqyaslı reys gecikmələrinə gətirib çıxarıb. Mütəxəssislər həmin problemi köhnəlmiş infrastruktur və zədələnmiş verilənlər bazası faylları ilə əlaqələndiriblər. Bəzi hallarda problemi daha da ağırlaşdıran amil maliyyə məhdudiyyətləri olub, bu da avadanlığın vaxtında yenilənməsinə maneə törədib. Yaxın zamanlarda bənzər radar və rabitə problemləri Newark Liberty beynəlxalq hava limanında da müşahidə olunub və səbəblərdən biri kimi naqillərdəki nasazlıq göstərilib. Mövcud planlara görə, modernləşdirmə prosesi 4 il davam etməlidir, lakin Jacobson da daxil olmaqla mütəxəssislər bu müddətin real vəziyyətdən artıq olduğunu düşünürlər, xüsusilə də layihənin büdcəsi barədə məlumatın olmaması nəzərə alındıqda.
    Mənbə: Ars Technica
    Paylaş