Logo
    ABŞ-də 403 məlumat mərkəzi 148 ölkədən çox enerji sərf edib

    ABŞ-də 403 məlumat mərkəzi 148 ölkədən çox enerji sərf edib

        Harvard Universitetinin “Nature Sustainability” jurnalında dərc olunan araşdırması 2024-cü ilin mayından 2025-ci ilin aprelinədək olan dövrü əhatə edib. Araşdırmaya görə, ABŞ-dəki 403 nəhəng məlumat mərkəzi təxminən 82 teravatt-saat elektrik sərf edib. Bu, ölkənin ümumi elektrik istehlakının 1,8 faizidir. Həmin həcm Miçiqan ştatında 2024-cü ildə satılan 99 teravatt-saat elektrikin 80 faizindən çoxuna bərabərdir. Üstəlik, bu sərf 148 ölkənin illik istehlakından çoxdur.
    ABŞ-də 403 məlumat mərkəzi 148 ölkədən çox enerji sərf edib
        Hipermiqyaslı məlumat mərkəzləri onlarla MVt gücündə olan və iri bulud, eləcə də məzmun xidmətlərini işlədən obyektlərdir. Generativ süni intellekt bu mərkəzlərin sürətlə artmasına təsir göstərsə də, araşdırmadakı obyektlərin hamısı yalnız süni intellekt üçün işlədilmir. Mərkəzlərlə əlaqələndirilən 25,7 milyon ton CO2 emissiyası Danimarkanın illik karbon izinə yaxındır. 2018-ci il üçün bu göstərici 10,5 milyon ton hesablanmışdı. İndiki rəqəm həmin səviyyədən 2-3 dəfə yüksəkdir.
        Sərf olunan elektrikin 53,9 faizi qaz və kömür kimi fosil yanacaqlardan alınıb. Ümumi elektrik sərfində qazın payı 38,2 faiz, kömürün payı 15,2 faiz olub. Bərpa olunan enerji mənbələrinin payı 25,3 faiz, nüvə enerjisinin payı 20,9 faizdir. Hər kVt-saat elektrik üçün karbon emissiyası 314 qram hesablanıb. Bu, ABŞ-nin elektrik şəbəkəsi üzrə orta göstəricidən təxminən 10 faiz aşağıdır.
    ABŞ-də 403 məlumat mərkəzi 148 ölkədən çox enerji sərf edib
        Məlumat mərkəzləri ölkə üzrə bərabər paylanmayıb. Virciniyadakı 142 obyekt 21,4 teravatt-saat elektrik sərf edib. Onların yaratdığı CO2 emissiyası 7 milyon tona çatıb. Virciniya, Oreqon, Ohayo və Ayova araşdırmadakı ümumi enerji sərfinin yarıdan çoxunu əhatə edib. Kömürdən asılı olan Vayominqdə eyni miqdarda enerji Oreqonla müqayisədə təxminən 7 dəfə çox emissiya yaradıb.
    ABŞ-də 403 məlumat mərkəzi 148 ölkədən çox enerji sərf edib
        Tədqiqatçılar 675 namizəd obyekt arasından 403 məlumat mərkəzini peyk görüntüləri və bina xəritələri ilə təsdiqləyiblər. Obyektlərin orta gücü 39,9 MVt olub, orta sıradakı göstərici isə 36 MVt-dir. Mərkəzlərin real elektrik sərfi açıqlanmadığı üçün hesablamada maksimum güc, iş saatları və gücdən istifadə səviyyəsi əsas götürülüb. Emissiya göstəriciləri də 23 regional elektrik şəbəkəsində işlədilən enerji mənbələrinə əsasən təxmin edilib.
        Araşdırmanın əhatə etdiyi dövr 2025-ci ilin aprelində bitdiyi üçün rəqəmlər indiki vəziyyəti tam göstərməyə bilər. Yeni məlumat mərkəzi kampusları üçün yüzlərlə, hətta minlərlə MVt güc planlanır. Bu mərkəzlərin elektrik şəbəkəsindən kənarda öz enerjisini istehsal etməsi üçün 189 giqavatta qədər layihə planlaşdırılır. Layihələrin hamısı tikilsə, ABŞ-də emissiyalar 10 faiz arta bilər. Enerji İnformasiya Administrasiyası 10 ştatda sınaq sorğularını tamamlayıb və sektor üçün ayrıca könüllü sorğu hazırlayır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...