main-post-cover

    ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiya qaydalarını sərtləşdirir

    Elm & Texnologiya
    16.05.2020
    Emil Nəcəfov
        ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları daha da sərtləşdirməyi qərara alıb. Belə ki, ABŞ hökuməti Huawei ilə əməkdaşlıq məsələsində təkcə öz yerli şirkətlərinə deyil digər xarici şirkətlərə də qadağa qoymaq niyyətindədir. Yeni qaydalar barəsində məlumatı ABŞ-ın ticarət nazirliyinin sənaye və təhlükəsizlik bürosu təqdim edib. Bu barədə Reuters saytı xəbər verib.

    “Sənaye və təhlükəsizlik bürosu Huawei şirkətinin ABŞ texnologiyalarından və proqram təminatlarından istifadə etməklə xaricdə yarımkeçiricilərin istehsalını məhdudlaşdıraraq ABŞ-ın milli təhlükəsizliyini qorumaq niyyətindədir” - deyə məlumatda qeyd edilib.

        Bu məsələ ilk öncə yarımkeçirici məhsulların istehsalı ilə bağlıdır. Başqa sözlə desək, mikrosxem istehsalında ABŞ texnologiyalarından istifadə edən xarici şirkətlər bundan sonra Huawei şirkətinə və onun strukturuna daxil olan digər şirkətlərə öz məhsullarını satmaq üçün ABŞ hökumətindən lisenziya almalı olacaqlar. Bu həmçinin Tayvanın TSMC şirkətinə də aiddir. Qeyd etmək lazımdır ki, TSMC şirkəti Huawei daxilində fəaliyyət göstərən HiSilicon şirkətinin sifarişi ilə mikrosxemlər istehsal edir. Bu cür istehsalçılara Huawei şirkətinə 120 gün ərzində yarımkeçirici məhsullar satmağa icazə veriləcək. Lakin o şərtlə ki, həmin məhsullar 15 may tarixinə kimi istehsalat prosesində olublar.
        Bu cür məhdudlaşdırıcı qərarlar görünür, Çin hökumətini sözün əsl mənasında qəzəbləndirib. Məlumata əsasən Çin hökuməti də ABŞ şirkətlərinə qarşı sanksiyaların tətbiq edilməsinə hazırlaşır. Həmin şirkətlər arasında Apple, Qualcomm Cisco da var. Bundan əlavə olaraq Çin hökuməti Boeing model təyyarələrin alınmasını da dayandırmaq niyyətindədir. Bütün bu şirkətlər müəyyən səviyyədə Çin bazarından asılıdırlar. Buna görə də yeni sanksiyalar həm bu şirkətlərə həm də ümumilikdə ABŞ iqtisadiyyatına ciddi zərər vurar bilər.
    Linki kopyala