Logo
    main-post-cover

    ABŞ Konqresi raket zərbəsindən sonra belə hərəkıətini davam etdirmiş naməlum obyektin videosunu təqdim edib (VİDEO)

         ABŞ-da Nümayəndələr Palatasında keçirilən dinləmələrdə maraqlı bir video nümayiş etdirilib. Videoda ABŞ istehsalı olan Hellfire raketinin dəniz üzərindəki naməlum obyektə zərbə endirdiyi, lakin onu məhv etmədiyi göstərilir. Raket obyektə dəyib geri sıçrayır, obyekt isə zədələnmədən hərəkətini raketin qalıqları ilə birlikdə davam etdirir. Hadisə 2024-cü ilin oktyabrında Yəmən sahillərində baş verib. Sessiya zamanı Missuri ştatından respublikaçı nümayəndə Eric Burlison MQ-9 Reaper dronu ilə çəkilmiş kadrlardan istifadə edib. Görüntülərdə dalğaların üzərində hərəkət edən parlaq obyekt və raketin ona dəydiyi an əks olunur, lakin görünür ki, obyektə heç bir dağıdıcı təsir göstərməyib. Burlison həmin kadrları haradan əldə etdiyini açıqlamayıb.
         Hadisə 2024-cü il oktyabrın 30-da Yəmən sahillərində baş verib. Həmin vaxt bölgədə fəal hərbi əməliyyatlar gedirdi. Regionda husilər tərəfindən ticarət və hərbi gəmilərə atılan raket və pilotsuz uçuş aparatlarının mütəmadi olaraq qarşısı alınırdı. Dinləmələrin iştirakçıları hadisənin qeyri-adi olduğunu qeyd ediblər. Araşdırmaçı jurnalist George Knapp bildirib ki, raket naməlum obyektə dəyib ondan sıçrayaraq uçuşunu davam etdirib. Burlison isə qalıqların, görünür, obyektlə birlikdə hərəkət etdiyini vurğulayıb və bu cür materialların uzun müddət ictimaiyyət üçün əlçatan olmamasından narahatlığını ifadə edib.
         Yəməndən olan videonu 2015-ci ildə Sakit okean üzərində sürətlə hərəkət etmiş bir obyektin müşahidə edildiyi “Go Fast” hadisəsi ilə müqayisə edirlər. O zaman analitiklər bunun çox güman ki, meteoroloji zond olduğunu və sürətin isə paralaks səbəbindən yaranmış optik illüziya olduğunu müəyyənləşdirmişdilər. Pentaqonun AARO (All-domain Anomaly Resolution Office) əməkdaşları izah ediblər ki, köhnə hadisələr barədə qəti nəticələr çıxarmaq üçün tez-tez sensor məlumatları çatışmırdı. Müasir dronlar və təyyarələr vasitəsilə əldə edilən hesabatlar analiz üçün daha çox informasiya versə də, onlar belə bütün halları izah etməyə imkan vermir. Müşahidələrin bir hissəsi təbii səbəblərlə bağlıdır, lakin çoxlu hadisələr hələ də izahsız qalır.
    Paylaş