main-post-cover

    Alien Covenant filmi (İCMAL)

    27.05.2017
    Farid Pardashunas
    2012-ci ildə məşhur və öz işinin ustası olan rejissor Ridley Scott-un “Prometheus” filmi izləyicilərə təqdim olundu. Bütün tənqidçilərin mənfi rəylərindan asılı olmayaraq film müəyyən mənada mənim xoşuma gəlmişdi. Lakin bununla yanaşı o, məndə cavabsız suallar yaratmışdı. Belə ki, “Prometheus”, 1979-cu ildə böyük ekranlara çıxmış “Alien” filmindəki hadisələrdən əvvəlki dövrü əhatə edirdi və bu film seriyasından tanınan məşhur ksenomorflar adlı canlıların yaradılışından bəhs edirdi. Nəticə etibarilə filmin final səhnəsi, yeni filmin olacağına işarə verirdi və mən düşünürdüm ki, yeni filmdə mənim bütün cavabsız suallarıma cavab tapılacaq. Yeni film olan “Alien Covenant”, “Prometheus” filminin davamı olmaqla yanaşı həmçinin “Prometheus” ilə 1979-ci ildə təqdim olunmuş “Alien” filminin arasındakı boşluğu doldurmalı idi. Bunun nə dərəcədə alındığını isə sizlərə başa salacam. İlk öncə qeyd etmək istəyirəm ki, əgər siz filmdən horror və ya bol action səhnəli epizodlar görmək istəyirsinizsə, onda ən yaxşısı filmə ümumiyyətlə baxmayın. Çünki bu filmdə süjet xətti olduqca ləng və harmonik şəkildə inkişaf edir. Bu baxımdan o, “Prometheus”a bənzəyir. Yəni, ksenomorf ilə ilk görüş filmin əvvəlində olmayacaq. Ümumiyyətlə yeni filmin ssenarisi barədə qısa bir məlumat vermək istəyirəm. Deməli 2104-cü ildə tərkibində çoxlu sayda insanların olduğu böyük kosmik aparat yeni planetin kolonizasiyası üçün yola düşür. Lakin yaxınlıqda olan planetdən naməlum siqnal qəbul olunur və kosmik aparatın heyəti həmin planetə yollanmağı qərara alır. Bütün vacib hadisələr isə bundan sonra baş verir. Ümumiyyətlə bu filmin trailerlərinə və filmin özünə baxandan sonra anladım ki, filmin montaj mərhələsində bir çox vacib və maraqlı səhnələr nəticə etibarilə kəsilmişdir. Bu baxımdan şəxsən mən “Alien Covenant”ın rejissor versiyasını gözləyirəm. Filmə gəldikdə isə Ridley Scott-un “Prometheus” filmindəki səhvlərindən sonra daha ağıllı film gözləyirsən. Lakin yeni filmdə olan bir çox məntiqsiz hərəkətlər filmdən olan ümumi pozitiv fikri pozur. Məsələn, kəşfiyyat komandasının yeni planetin səthinə enməsi zamanı heç nəyi yoxlamadan xüsusi skafandırsız planet səthinə ayaq basması və ya müəyyən personajın, virusa yoluxmuş personajı heçnə olmamış kimi qucaqlaması və s. Filmin ümumi fonunda yalnız 3 personajı qeyd etmək lazımdır. Michael Fassbender-in iştirakı ilə canlandırılmış David və Walter, aktrisa Katherine Waterston-un iştirakı ilə canlandırılmış Daniels və aktyor Danny McBride-ın canlandırdığı Tennessee personajları. Bu baxımdan əsas yük məhz Michael Fassbender-in üstünə düşüb və filmi izləyən zaman belə bir hiss yaranır ki, film boyu bütün əsas rolu məhz o canlandırıb. Əslində isə bu belədir. Qalan digər personajları isə qeyd etməyə ehtiyac yoxdur. Belə ki, onlar sadəcə ksenomorflar üçün qida rolunu canlandırıblar.
    Filmin ümumi aurası çox cəlbedici və maraqlıdır. Burda rəngli və günəşli mənzərələrə rast gəlmək olmur. Hər şey qara və boz fonda yaradılıb. Lakin bununla belə filmdə əks olunmuş gözəl mənzərələri izləmək böyük zövq verir. Kəşfiyyat komandasının ilk dəfə planet səthinə endiyi zaman isə insanda, yeni planetlərin kəşf olunması ruhu yaranır və bir anlıq real həyatda gələcəkdə bu cür kəşflərin olacağını göz önünə gətirirsən. Yəni bir söznən, filmin mühiti möhtəşəmdir. Əvvəldə də dediyim kimi filmin süjet xətti ləng şəkildə cərəyan edir və filmin yaradıcıları, izləyiciləri ksenomorflarla tanış etməyə tələsmirlər. Ksenomorf ilə ilk tanışlıq zamanı böyük bir həyəcan və qeyri-adi bir şey gözləyirsən. Lakin bunun yerinə standart action səhnəsi baş verir və tez bir zamanda yaddan çıxır. Bu filmdəki personajları elm adamları kimi təsvir etsək, onda görərik ki, onlar çox ağılsız elm adamlarıdır. Ksenomorflar da onlardan geri qalmır. Əgər “Alien 2” filmini izləmisinizsə, onda yadınızda olmalıdır ki, həmin filmdə ksenomorflar bir növ qəbilə şəklində həyat sürürdülər. Yəni onlar özlərindən daha böyük növə sitayiş edirdilər və onların müəyyən mənada qorumaq və sağ qalmaq instinktləri var idi. Yeni filmdə isə onlar sadəcə olaraq yırtıcı rolunu oyanayaraq qarşılarına çıxan hər bir canlıya hücum etmək motivinə sahibdirlər. Filmdə olan bəzi ksenomorf növləri isə ümumiyyətlə qıcıqlandırır. Buna baxmayaraq filmin bir sıra müsbət cəhətləri də var. Məsələn, filmdə dini mövzular və incəsənət nümunələrindən gətirilən sitatlar. Filmin əvvəli ümumiyyətlə mükəmməl şəkildə çəkilib və bu hissədə robot Walter ilə adi insan arasındakı dini mövzuda söhbət əks olunub. Həmin söhbətdən sonra bu mövzu haqqında çox düşünməli olursan. David və Walter adlı əkiz robotlar arasındakı söhbət zamanı isə Şekspir-in məşhur “Hamlet” pyesindən dilə gətirilən sitatlar əslində bir robotun icra edə biləcəyi və ya bilməyəcəyi öhdəliklər mövzusuna toxunur. Bu cür səhnələr mükəmməl şəkildə əks olunub və filmin ümumi aurasını tamamlayır. Bundan əlavə olaraq filmdə olan bir sıra ani süjet dəyişiklikləri də izləyicini daima həyəcanda saxlayır və əvəlki sualların cavablarının axtarışı əvəzinə əksinə daha da yeni suallar ortaya çıxardır. Filmin sonuna yaxın baş verən action səhnələr də yaxşı keyfiyyətdə reallaşdırılıb. Ən azından “Prometheus” filmindən daha yaxşı şəkildə izlənilir. Lakin bununla yanaşı sanki filmin sonunda nəsə çatışmır. Hansısa əskikliyin olduğunu hiss edirsən.
    Nəticə etibarilə demək lazımdır ki, filmin finalı heç də son nöqtəni qoymadı. Əksinə yeni sual yaradaraq izləyicini intizarda saxladı. Bundan əlavə olaraq final səhnə, yeni filmin olacağına da işarə edir. Rejissor Ridley Scott özü bununla bağlı planlarının olduğunu söyləmişdi. Filmi izlədikdən sonra sanki belə bir hiss yaranır ki, Ridley Scott, filmin çəkilişi zamanı həmin kiçik və məntiqsizliklərin olduğu detallara ümumiyyətlə fikir verməyərək öz təsəvvüründə olduğu filmi çəkmək istəyib. Təbii ki, “Alien Covenant”, “Prometheus” filmindən bir qədər yaxşıdır. Lakin keyfiyyətin daha da üst səviyyədə olmasını istəyirsən. Ksenomorfların yaradılışı bu filmdə açıq-aydın əks olunub. Lakin fikrimcə bu əks olunmuş hekayə bir qədər gülməlidir. Əslində bu cür film seriyasının yaradıcısı Ridley Scott-dan belə bir filmin təqdim olunması bir qədər məyus edir. Çünki 1979-cu ildə onun çəkmiş olduğu “Alien” filmi həqiqətən də mükəmməl idi. Həmin film insanı hər dəqiqə həyəcanda və qorxuda saxlaya bilirdi. Hətta indiki günə nisbətən də həmin film bir çoxlarını qorxudur. “Alien Covenant”I izlədikdən sonra isə anlayırsan ki, Ridley Scott sadəcə olaraq orijinal “Alien” filminin müəyyən mənada remake-ni çəkib. Orijinal və yeni filmi izləmiş insanlar nə demək istədiyimi anlayacaqlar. “Alien Covenant” müəyyən anlarda izləyicini həyəcanda saxlayan, onu maraqlı mövzular ətrafında düşündürən, bəzən isə öz məntiqsizliyi ilə onu qıcıqlandıran və onun suallarına cavab verməyən bir filmdir. Əslində bu filmin çəkilişlərinə hələ start verilməmişdən öncə “District 9”, “Elysium” və “Chappie” kimi filmlərin rejissoru Neill Blomkamp öz “Alien” versiyasının çəkilməsinə hazırlaşırdı. Onun əlində artıq ideyalar və ssenari var idi. Lakin Ridley Scott, studiyaya öz filminin çəkilməsində təkid etdi. Nəticə isə nə yaxşı, nə də pis alındı. Bəlkə də Neill Blomkamp bu seriya üçün daha fərqli və maraqlı bir yanaşma təqdim edəcəkdi. Bunu artıq bilmək olmaz. Sonda isə ou qeyd etmək istəyirəm ki, “Alien Covenant” filmini mütləq IMAX formatında izləmək lazımdır. Əgər gözəl mənzərələri və ən əsası ksenomorfları daha diqqətli şəkildə görmək istəyirsinizsə mütləq IMAX formatında filmi izləməlisiniz. Təbii ki, bunu ParkCinema IMAX kinoteatrında edə bilərsiniz. Filmin seansları haqqında məlumatları isə ParkCinema-nın saytından əldə etmək mümkündür. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər