main-post-cover

    Alimlər alma formasında termonüvə reaktoru yaradaraq onu işə salıblar

    Elm & Texnologiya
    09.11.2020
    Emil Nəcəfov
        Çoxlu həcmdə enerjinin əldə olunması üçün perspektivli hesab edilən termonüvə reaktorları adətən ponçik formasında olurlar. Buna başqa cür tokamak deyirlər. Böyük Britaniyadan olan alimlər isə böyük almanı xatırladan yeni termonüvə reaktoru formasını yaradıblar. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, sfera formasında olan bu cür reaktor hələ 1999-cu ildə işə salınmışdı. Lakin 2013-cü ildə bu layihə təkmilləşdirilmək məqsədilə müəyyən müddətlik bağlandı.
        Beləliklə 7 ildən və xərclənmiş 55 milyon funt sterlinqdən sonra alimlər Mega Amp Spherical Tokamak (MAST) Upgrade adlı termonüvə reaktorunu işə salıblar. Tədqiqatçıların sözlərinə əsasən bu termonüvə reaktoru idarəolunan termonüvə sintezi sahəsindəki kritik vacib texnologiyalar üçün təcrübə stendi kimi çıxış edəcək və daha təkmilləşdirilmiş yeni texnologiyaların yaradılmasına şərait yaradacaq. Ponçik formalı termonüvə reaktoru ilə müqayisədə alma formalı termonüvə reaktoru bir sıra üstünlüklərə sahibdir.
        Belə ki, bu cür reaktor maqnit sahəsinin təzyiqini 40% aşağı salaraq plazmanın eyni təzyiqini saxlamağa imkan verir. Əgər MAST Upgrade-ə olan ümidlər doğrulsa, növbəti mərhələdə sferik formalı daha böyük və güclü tokamak yaradılacaq. Yeni texnologiyanın hazırlanmasına 2019-cu ildə start verilmişdi. Həmin vaxtda alimlər bunun üçün 220 milyon funt sterlinq miqdarında dövlət dəstəyi əldə etmişdilər. Fiziklər növbəti nəsil termonüvə reaktorunu 2040-cı ildə işə salmağı planlaşdırırlar. 
    Linki kopyala