
Alimlər bioloji parçalanmaya məruz qalan dözümlü plastik material hazırlayıblar
Elm & Texnologiya
08.09.2025
Emil
Yaponiyadan olan bir qrup biomühəndis bağırsaq çöpü bakteriyalarını sintez edib. Bu bakteriyalar sənayedə geniş istifadə olunan termoplastik material - polietilentereftalatın (PET) alternativini istehsal edə bilirlər. Bu materialdan qab-qacaq və qablaşdırma hazırlanır. Yeni material yalnız təbii şəraitdə parçalanmır, həm də üstün fiziki keyfiyyətlərə malikdir. Üstəlik, bakteriyalar onu qlükoza əsasında misilsiz miqdarda və əlavə yan məhsullar olmadan istehsal edə bilirlər. Plastikin davamlılığı bu materialın əsas üstünlüklərindən biridir, lakin eyni zamanda ekologiya mühafizəçilərinin narahatlığının səbəbidir. Bundan başqa, o, neft məhsullarından hazırlanır ki, buna münasibət isə geosiyasətdən asılıdır. Bir çox tədqiqat qrupu təbii şəraitdə tez bir zamanda tərkib hissələrinə parçalanan plastik əvəzi axtarır, lakin çox vaxt aşağı çıxım, zəif təmizlik səviyyəsi və nəticədə yüksək maya dəyəri ilə üzləşirlər.

“Biokütlə əsaslı istehsal metodlarının əksəriyyəti karbon, oksigen və hidrogendən ibarət molekullara yönəlib. Lakin yüksək performanslı plastiklərin istehsalı üçün azot kimi digər elementləri də əhatə edən çox perspektivli birləşmələr mövcuddur, amma onların bioloji istehsalı üçün səmərəli strategiyalar yoxdur. Saf kimyəvi reaksiyalar isə qaçılmaz olaraq arzuolunmaz yan məhsullar yaradır” - deyə Kobe Universitetindən Tsutomu Tanaka bildirib. Tanaka və həmkarları məsələyə yeni yanaşma tətbiq ediblər: azotun mənimsənilməsi və birləşmənin əvvəldən axıra qədər yaradılması üçün hüceyrə metabolizmini istifadə etməyə qərar veriblər. Perspektivli birləşmə kimi isə onlar piridindikarbon turşusunu (PKKT) seçiblər. Bu maddə bioloji yolla parçalanandır və onun əsasında hazırlanmış materiallar PET-in fiziki xüsusiyyətlərinə bərabər, hətta bəzən ondan üstün göstəricilər nümayiş etdirir.

Alimlər PDKK-ni bioreaktorlarda biomühəndislərin əvvəlki nailiyyətlərindən 7 dəfədən çox yüksək konsentrasiyalarda əldə edə biliblər. “İşimizin əhəmiyyəti ondadır ki, metabolik reaksiyaların arzuolunmaz yan məhsullar yaranmadan azotun daxil edilməsində istifadə oluna biləcəyini nümayiş etdirmişik. Bu isə hədəf birləşmənin təmiz və səmərəli sintezini təmin edir” - deyə Tanaka bildirib. Proses zamanı qrup bir sıra problemlərlə üzləşib, onların ən çətini isə ondan ibarət olub ki, fermentlərdən biri hidrogen peroksid istehsal edirdi. Bu birləşmə onu istehsal edən fermentə hücum edərək onu deaktivləşdirirdi. Alimlər bu çətinliyi kultivasiya şəraitini optimallaşdırmaqla aradan qaldıra biliblər, lakin etiraf edirlər ki, onların tapdıqları həll iri miqyaslı istehsal üçün yeni iqtisadi və logistika problemləri yarada bilər.
Paylaş