main-post-cover

    Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotları yaradıblar (VİDEO)

    Elm & Texnologiya
    30.11.2021
    Farid Pardashunas
        Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış orqanizmlər təbiətdə mümkün olmayan şəkildə çoxalırlar. Qurbağa hüceyrələrindən yaradılmış mikroskopik ksenobotlar (müəyyən funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulan və kompüter tərəfindən avtomatik yaradılan sintetik orqanizmlər / müxtəlif bioloji toxumaların birləşməsi yolu ilə qurulurlar) birhüceyrəli orqanizmləri yeyirlər və özlərinin yeni kopyalarını yaradırlar. Nəticədə ksenobotların olduqları mühitdə qida mənbəyi mövcud olduğu müddətcə onlar sonsuz sayda çoxala bilirlər. Bu, tibbi və iqtisadi sahələrdə bir çox məsələləri həll etmək üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən ksenobotların yaradılması yolunda əla platformadır. Qeyd etmək lazımdır ki, superkompüterin iştirakı olmadan mikroskopik ksenobotların yaradılması mümkün ola bilməzdi. Əks halda öncədən proqramlaşdırılmış özəlliklərə sahib canlı orqanizmin yaradılması üçün çoxlu sayda hesablama resursu lazım olardı.
        Həyat qabiliyyətinə və çoxalma özəlliyinə sahib canlı orqanizmin yaradılması üçün superkompüterin təkamül alqoritmi ksenobot bədəninin milyardlarla potensial özəlliklərini yoxlayıb. Təbiətdə müşahidə olunan hallar çərçivəsində molekullar mövcud olduqları mühitdə hərəkət edən zaman onlar “inşaat blokları”nı yığırlar və nəticədə özlərini çoxaldırlar. Lakin hüceyrələrin və ya daha qəliz orqanizmlərin bu cür üsuldan istifadə etmələri ilk haldır. Kompüter modelləşdirilməsi əsasında Xenopus laevis adlı qurbağanın ürək və dərisinin kök hüceyrələrindən yaradılmış orqanizm xarici görünüşcə əfsanəvi PacMan oyun personajını xatırladır. Maraqlısı ondadır ki, bu orqanizm həmçinin özünü PacMan oyunundakı kimi aparır. Yəni orqanizm mövcud olduğu mühitdə hərəkət edir və ağzı ilə mümkün olan hər şeyi yığır.
        Beləliklə ksenobot daxilində yığılan bioloji material bir neçə gün ərzində ona bənzər digər ksenobota çevrilir. Lakin birinci ksenobot nəticədə məhv olur. Bu proses beləcə təkrarlanır. Ksenobotlar öz kopyalarının yaradılması prosesini qoruyub saxlamaqla mövcud olduqları mühitdə 2 həftə sağ qala biliblər. “Əgər biz, hüceyrələrdən ibarət qrupa istədiyimiz şeylərin edilməsi əmrinin necə verilməsini öyrənsəydik, bu, regenerativ tibb sahəsinə çevrilərdi. Travmatik zədələnmələrin, anadangəlmə qüsurların, xərçəngin xəstəliyinin və qocalmanın aradan qaldırılması. Bu müxtəlif problemlərin yaranmalarının əsas səbəbi isə odur ki, biz, hansı qrup hüceyrələrin qurulacağını öncədən bilə və idarə edə bilmirik. Ksenobotlar bizim bu məsələlərdəki anlayışlarımızı genişləndirmək üçün yeni platformadır” - deyə alimlərdən biri qeyd edib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər