
Apple 2024-cü ilə kimi AirPods qulaqlıqlarını və Mac üçün aksesuarları USB Type-C ilə təchiz edə bilər
Elm & Texnologiya
10.10.2022
Bloomberg saytının jurnalisti Mark Gurman-ın verdiyi məlumata əsasən növbəti bir neçə il ərzində Apple şirkəti AirPods qulaqlıqlarını və Mac kompüterləri üçün nəzərdə tutulmuş aksesuarları USB Type-C girişi ilə təchiz edəcək. Apple şirkətinin bu addımı atmasının səbəbi isə Avropa Birliyinin öz regionunda satılacaq bütün elektron cihazların vahid USB Type-C girişi ilə təchiz edilməsi üzrə qanunu olacaq. Qeyd etmək lazımdır ki, Avropa Birliyinin yeni qanununa əsasən 2024-cü ilin sonuna kimi Avropa Birliyi regionundakı smartfonlar, planşetlər, qulaqlıqlar və s. elektron cihazlar USB Type-C girişi ilə təchiz olunmalıdırlar. Avropa Birliyi ölkələri bu qanunu hələ qəbul etməsələr də, Avropa Parlamenti artıq onu təsdiqləyib.
Mark Gurman-ın sözlərinə əsasən sözügedən yeni qanuna uyğunlaşmaq üçün Apple şirkəti 2024-cü ilə kimi USB Type-C girişini yeni AirPods, AirPods Pro modellərinə və Mac kompüterləri üçün nəzərdə tutulmuş aksesuarlara inteqrasiya edəcək. Həmin aksesuarlara misal olaraq Magic Mouse, Magic Keyboard və Magic Trackpad-ı gətirmək olar. Bununla belə aksesuarlara USB Type-C girişinin inteqrasiyası artıq gələn ildən başlaya bilər. Yeni iMac və Mac Pro kompüterlərinin gələn il təqdim olunacaqlarını və yeni Mac kompüterlərinin satışa çıxmalarının adətən aksesuarların yenilənmələri ilə üst-üstə düşdüklərini nəzərə almaqla Mark Gurman güman edir ki, kompüterlər üçün nəzərdə tutulmuş aksesuarlar USB Type-C girişini məhz gələn il əldə edəcəklər.
Bununla yanaşı Gurman əmindir ki, Apple AirPods-un konstruksiyasını Avropa Birliyinin yeni qanun layihəsinin qüvvəyə minməsindən öncə dəyişəcək. Hələ bir neçə müddət bundan öncə Gurman məlumat vermişdi ki, Apple USB Type-C girişinə sahib iPhone modellərinin testinə artıq start verib. Lakin bu cür iPhone modellərini 2023-cü ildən tez gözləmək lazım deyil. Onun fikrincə Apple iPhone 15-dən başlayaraq öz smartfonlarını USB Type-C ilə təchiz etməyə başlayacaq. Digər mütəxəssislərin fikirlərinə əsasən isə USB Type-C girişi ilk dəfə 2025-ci ildə iPhone 17-də təqdim ediləcək.
Avropa Birliyi tərəfindən qəbul edilən qanun elektron cihazların 2024-cü ilə kimi USB Type-C girişinə keçidlərinin nəzərdə tutmasına baxmayaraq istehsalçılara əlavə olaraq 2 il keçid vaxtı veriləcək. Buna görə də Apple tələsmədən USB Type-C-ni 2025-ci ildə iPhone-lara inteqrasiya edə bilər. Lakin Gurman-ın fikrincə Apple bunu daha tez edəcək. Bununla belə Gurman-ın fikrincə USB Type-C girişinə keçid qısamüddətlli həll yolu olacaq. Belə ki, məlumata əsasən Apple öz gələcək cihazlarında yalnız naqilsiz şarj texnologiyasının dəstəyini reallaşdırmağı planlaşdırır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...