main-post-cover

    Apple bəzi səbəblərə görə Lightning girişindən imtina etməyəcək

    Elm & Texnologiya
    03.03.2021
    Emil Nəcəfov
        Öz yeni hesabatında məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcəkdə öz məhsullarında Lightning girişindən imtina edib-etməyəcəyi barəsində olan mübahisələrə son qoyub. Belə ki, analitik öz hesabatında şirkətin nəyə görə bu girişdən imtina etməyəcəyini, nəyə görə USB Type-C girişinə keçid məsələsində tələsmədiyini açıqlayıb və heç bir fiziki girişə sahib olmayacaq iPhone modeli barəsində məlumatlara aydınlıq gətirib. Analitikin sözlərinə əsasən Apple şirkətinin öz məhsullarında Lightning girişini USB Type-C ilə əvəz etməməsinin bir sıra səbəbləri var. Belə ki, bunun olacağı təqdirdə şirkətin Apple MFi proqramının gəlirlərı azalacaq.

    Bundan əlavə olaraq guya USB Type-C-dən fərqli olaraq Lightning girişinin sudan qorunma texnologiyası daha yüksək səviyyədə olduğu üçün şirkət ondan imtina etmir.

        Bununla yanaşı analitik bildirib ki, bu ilki iPhone 13 modeli təkcə naqilsiz şarj texnologiyası ilə təchiz olunmayacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat yayılmışdı ki, Apple bu ilki iPhone modellərində yalnız naqilsiz şarj texnologiyasını reallaşdıracaq. Analitik qeyd edib ki, bunun baş verməyəcəyinin əsas səbəbi odur ki, naqilsiz şarj texnologiyası olan MagSafe hələki məlumatların ötürülməsi funksiyasını dəstəkləmir və onun vasitəsilə cihazı bərpa etmək və ya cihazın diaqnostikasını reallaşdırmaq mümkün deyil.
        Əgər gələcəkdə Apple şirkəti Lightning girişindən imtina etsə, iPhone modelləri USB Type-C əvəzinə heç bir girişə sahib olmayacaqlar və yalnız MagSafe dəstəyini əldə edəcəklər. Lakin MagSafe ekosistemi hələ lazımi səviyyədə inkişaf etmədiyi üçün Apple Lightning girişindən imtina etməyəcək. Buna baxmayaraq qeyd etmək lazımdır ki, Apple bəzi məhsullarında USB Type-C girişini reallaşdırıb. Söhbət, iPad Pro, iPad Air, MacBook Pro və MacBook Air cihazlarından gedir. 
    Linki kopyala