main-post-cover

    Apple ilk qarışıq reallıq (AR + VR) cihazının büdcəli versiyası üzərində çalışır

    Elm & Texnologiya
    18.01.2023
    Farid Pardashunas
        Apple şirkəti hələ də bu ilin sonuna kimi öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etməyi planlaşdırır. Bloomberg-in verdiyi məlumata əsasən şirkət ilk öncə planlaşdırmış olduğu AR eynəyi isə müəyyən müddətə kimi təxirə salıb və onun nə zaman satışa çıxacağı bilinmir. Məlumata əsasən şirkət ilk öncə öz AR eynəyini MR cihazın satışa çıxmasından sonra təqdim etməyi planlaşdırırdı. Lakin nəticədə şirkət bu planına dəyişiklik edib. Məlumatda qeyd edilib ki, AR eynəyin yerinə şirkət ya 2024-cü ya da 2025-ci ildə bu ilki MR cihazının daha büdcəli versiyasını təqdim edəcək. Daha öncə AR eynəyin MR cihazdan 1 il sonra və ya hətta bu il ərzində təqdim edilməsi planlaşdırılırdısa, şirkət nəticədə onu 2025-ci və ya daha sonrakı illərə təxirə salıb. Şirkətin öz planını dəyişməsi onun AR eynəyin hazırlanması prosesində müəyyən problemlərlə qarşılaşdığından xəbər verir. Heç istisna deyil ki, şirkətin ilk AR eynəyi uzun illərdən sonra satışa çıxacaq.
        Daha öncə güman edilirdi ki, AR eynək potensial olaraq iPhone-nu əvəz edə biləcək bir məhsula çevrilə bilər. Buna baxmayaraq MR cihazın hazırlanması indiki vaxtda tamamilə realdır. Belə ki, bunun üçün lazımi texnoloji baza mövcuddur. Son məlumatlara əsasən Apple şirkətinin ilk MR cihazı 3000$ qiymətində satışa çıxacaq. MR cihaz özündə yüksək keyfiyyətli ekranları, çoxlu sayda kameranı, MacBook noutbuklarında istifadə edilən M2 prosessorunu və AR/VR kontentlərin emal edilməsi üçün nəzərdə tutulmuş köməkçi çipi birləşdirməlidir. Verilmiş yeni məlumata əsasən şirkət daha büdcəli MR cihazı reallaşdırmaq üçün M2-nin yerinə daha ucuz prosessorlardan istifadə etməyi planlaşdırır. Heç istisna deyil ki, MR cihazın büdcəli versiyası iPhone modellərində istifadə edilən prosessorlardan birini əldə etsin.
        Bununla da Apple Meta şirkətinin Quet Pro adlı VR cihazı ilə rəqabət aparmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Meta Quest Pro 1500$ qiymətində satılır. Əmtəə nişanlarının qeydiyyatı üçün şirkət tərəfindən göndərilən sorğular şirkətin iki strategiyaya sahib olmasından xəbər verir. Həmin qeydiyyat sorğularını əhatə edən sənədlərdə Reality Pro Reality One adlı cihazlardan bəhs edilir. Çox güman ki, Reality Pro şirkətin flaqman MR cihazı, Reality One isə büdcəli MR cihazı rolunda çıxış edəcək. Bundan əlavə olaraq şirkət Reality Processor adlı əmtəə nişanının qeydiyyatı üçün də sorğu göndərib. Ehtimal etmək olar ki, bu, Apple şirkətinin bu cür gələcək cihazlarında istifadə ediləcək prosessorların adlandırılması üçün lazımdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər