Apple M5 prosessorlarının kütləvi istehsalına start verilib
Elm & Texnologiya
05.02.2025
Emil
Apple şirkətinin istehsal tərəfdaşları yeni M5 prosessorunun kütləvi istehsalına başlayıblar. Bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb. M5 çipi TSMC-nin 3 nanometrlik texnoloji prosesi (N3P) əsasında istehsal olunacaq. Bu da prosessorun performansının 5% artmasını və enerji effektivliyinin 5-10% yaxşılaşmasını vəd edir. Apple bu prosessorda süni zəka performansına daha çox diqqət ayıracaq.
Buna görə də M5-də gücləndirilmiş neyron çipinin (NPU) olacağı gözlənilir. M4 Neural Engine-in gücü 38 TOPS təşkil edir ki, bu da M3 Engine-in 18 TOPS göstəricisindən xeyli yüksəkdir. Maraqlı məqam odur ki, bəzi M5 prosessorları yeni System-on-Integrated-Chips-molding-Horizontal (SoIC-mH) texnologiyasından istifadə edəcək. Bu texnologiya mikrosxemlərin xüsusi şəkildə birləşdirilməsi və mis kontaktlar vasitəsilə bağlanması metodudur.
Gözləntilərə görə, bu yeni yığım texnikası istilik yayılmasını yaxşılaşdıracaq və daha yüksək performansı təmin edəcək. Apple ilk olaraq M5 prosessorunun əsas versiyalarını təqdim edəcək. Bu prosessorlar bu ilin ikinci yarısında yeni iPad Pro modellərində debüt edəcək. Daha sonra Apple şirkəti M5 seriyasının Pro, Max və Ultra versiyalarını da təqdim edəcək. İnsayderlərin məlumatlarına görə, M5 prosessorlarının qablaşdırılması bir neçə şirkət tərəfindən həyata keçiriləcək:
- ASE (Tayvan) ilk kütləvi istehsal partiyası ilə işə başlayacaq
- Daha sonrakı partiyalara Amkor (ABŞ) və JCET (Çin) də qoşulacaq.
Analitiklərin proqnozlarına əsasən, M5 Ultra prosessoru yalnız 2026-cı ildə təqdim ediləcək. Bu isə yeni Mac Pro və Mac Studio modellərinin bu il təqdim olunmaya biləcəyi ehtimalını artırır.