main-post-cover

    Apple şirkəti FBI-dan olmuş şikayətlərdən sonra end-to-end şifrələnməsi ideyasından imtina edibmiş

    Elm & Texnologiya
    22.01.2020
    Emil Nəcəfov
        Apple şirkəti dəfələrlə cinayətkarların iPhone smartfonlarının blokdan çıxarılmasından imtina etməsi məsələsində ABŞ-ın Federal təhqiqat bürosu (FBI) ilə mübahisələr aparıb. İctimai səviyyədə şirkət hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyərək istifadəçilərin konfidensial məlumatlarını verməməsi məsələsində öz mövqeyini qorusa da yeni hesabata əsasən şirkət FBI-ya xoş olmayan funksiyanın öz smartfonlarına inteqrasiyasından imtina edib. Bu barədə Reuters saytı xəbər verib.
        Reuters saytı hal hazırda FBI-da çalşan 1 şəxsə, 3 keçmiş FBI əməkdaşına və 1 keçmiş Apple işçisinə istinadən məlumat verib ki, 2 il bundan öncə Apple şirkəti iPhone-dan iCloud-a istifadəçilərin şəxsi məlumatlarının saxlanılması məsələsində end-to-end şifrələnməsini tətbiq etmək istəyirdi. Güman edilirdi ki, bu öz növbəsində Apple cihazları istifadəçilərinin yüksək təhlükəsizliyini təmin edəcəkdi. Lakin bu halda hətta Apple şirkəti də şifrələnmiş məlumatların blokdan çıxarılması üçün nəzərdə tutulmuş açarlara sahib olmayacaqdı.
        Nəticədə hətta məhkəmə qərarı olsa da şirkət istifadəçi məlumatlarını oxunula bilən şəkildə hüquq-mühafizə orqanlarına təqdim edə bilməyəcəkdi. Anonim mənbələr qeyd ediblər ki, Apple bu planını FBI-ya bildirib. Kibercinayətlər üzrə agentlər isə Apple şirkətinin bu ideyasına qarşı çıxıblar. Belə ki, bunun olacağı halda agentlər iPhone istifadə edən şübhəli şəxslər barəsində sübutların əldə edilməsi imkanından məhrum olacaqdılar.
        Məlumata əsasən FBI əməkdaşları ilə Apple şirkəti arasında bir neçə dəfə qeyri-rəsmi görüşlər baş tutub. Nəticədə Apple end-to-end şifrələnməsi ideyasından imtina edib. Bu cür qərarın səbəbini isə şirkət qeyd etməyib. Keçmiş Apple əməkdaşı qeyd edib ki, şirkət istəmirdi ki, onu cinayətkarların qorunmasında və əldə oluna bilən məlumatların ABŞ dövləti üçün qapalı olan mühitə yayılmasında günahlandırsınlar. Reuters saytına məlumat vermiş anonim mənbələr qeyd ediblər ki, Apple şirkətinin planlarının dəyişilməsinə digər səbəblər də təsir göstərmiş ola bilər.
    Linki kopyala