main-post-cover

    Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının bəzi özəllikləri məlum olub

    Elm & Texnologiya
    04.01.2023
    Farid Pardashunas
        Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı üzərində çalışmağa davam edir. Gözləntilərə əsasən şirkətin MR cihazı hal hazırda bazarda buna bənzər mövcud digər bütün cihazlardan tamamilə fərqlənəcək. The Information saytı isə öz mənbələrinə istinadən şirkətin ilk MR cihazı barəsində yeni məlumatları təqdim edib. Beləliklə verilmiş yeni məlumata əsasən Apple şirkətinin MR cihazı xarici batareya vasitəsilə çalışacaq və həmin xarici batareya istifadəçinin kəmər hissəsinə bərkidiləcək. İstifadəçinin kəmər hissəsinə bərkidiləcək xarici batareya öz növbəsində naqil vasitəsilə MR cihaza qoşulacaq. MR cihazın komplektində onun 2 saat ərzində çalışması üçün kifayət edəcək batareya yerləşəcək. Lakin bununla belə istifadəçi öz istəyinə uyğun olaraq daha böyük həcmli enerji mənbəyindən istifadə edə biləcək.

    MR cihazın gövdəsinin hazırlanmasında alüminiumdan, şüşədən və karbon lifindən istifadə edilib. Bu materialların sayəsində cihazın çəkisi minimal alınıb.

        Məlumatda qeyd edilib ki, estetik görünüş səbəbilə kameralar MR cihazın xarici hissəsində görünməz şəkildə yerləşdirilib. Cihazın sağ hissəsində naviqasiya düyməsi mövcuddur və o, diyircəkli təkər formasındadır. Söhbət, Apple Watch smart saatlarında istifadə edilən diyircəkli təkər düyməsindən gedir. Məlumata əsasən istifadəçi virtual və real dünya arasındakı keçidi sürətlə reallaşdıra biləcək. Həmçinin qeyd edilib ki, Apple Watch smart saatlarında olduğu kimi MR cihazda da müxtəlif növ kəmərlər olacaq. Söhbət, cihazın baş hissəyə bərkidilməsini təmin edən kəmərlərdən gedir. Məlumatda qeyd edilib ki, kəmərlərdən biri hətta səsgücləndiricilərə də sahib olacaq. MR cihaz ətraf mühitin 120 dərəcəlik bucaq əhatəsini təmin edəcək. Cihaz 2 ədəd 5 nanometrlik prosessor, AirPods qulaqlıqlarının qoşulması üçün nəzərdə tutulmuş H2 çipi və təsvirlərin emalı üçün nəzərdə tutulmuş köməkçi prosessor ilə təchiz olunacaq.

    Gözləntilərə əsasən mövcud olan iOS tətbiqləri MR cihazda 2D formatında işə salmaq mümkün olacaq.

        Məlumata əsasən oyun tətbiqlərinə diqqət hələ ki, çox az ayrılır və buna görə də MR cihaz xarici idarəetmə təchizatlarına sahib olmayacaq. Onların yerinə cihaz xarici obyektlərin yerlərini və istifadəçinin bədən hərəkətlərini təyin edən xüsusi sensorlar əldə edib. Cihaz ilk növbədə video formatında reallaşdırılan konfranslar və iş tətbiqləri üçün nəzərdə tutulub. Məlumata əsasən MR cihazın ön panelində xarici ekran mövcud olacaq və o, istifadəçinin üz ifadəsini əks etdirəcək. Cihazın enerj sərfiyyatına qənaət səbəbilə xarici ekranın təsvir yenilənməsi aşağı göstəricidə olacaq. Əsas təsvir isə Sony istehsalı olan 4K keyfiyyətli micro-OLED ekranlara ötürüləcək. İstifadəçinin hər bir gözünün vəziyyəti minimum bir kamera tərəfindən nəzarətdə olacaq. Son məlumatlara əsasən Apple şirkəti öz ilk MR cihazını artıq bu il təqdim etməlidir. Gözləntilərə əsasən MR cihazın qiyməti 3000$-a yaxın olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər