main-post-cover

    Apple Vision Pro-da mətnlərin 4 üsul vasitəsilə dərc edilməsi reallaşdırılıb

    Elm & Texnologiya
    08.06.2023
    Emil Nəcəfov
        Apple şirkətinin WWDC 2023 konfransı çərçivəsində təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı ilk iPhone-nun təqdimatı dövründən indiyənə kimi təqdim edilmiş ən maraqlı yeni məhsulu oldu. Lakin hal hazırda bu cihaz istifadəçilərdə çoxlu sayda suallar yaradır. Yaranan suallardan bəziləri isə idarəetmə təchizatları olmadığı halda MR cihazın interfeysi ilə qarşılıqlı əlaqə məsələsini əhatə edirlər. Qeyd etmək lazımdır ki, digər şirkətlərin buna bənzər cihazları xüsusi idarəetmə təchizatlarına sahib olurlar və istifadəçi məhz onlar vasitəsilə cihazın interfeysi ilə qarşılıqlı əlaqədə olurlar. WWDC 2023 konfransı çərçivəsində keçirilmiş xüsusi sessiya zamanı şirkət Vision Pro vasitəsilə virtual mühitdə mətnlərin dərc  edilməsi üsullarından danışıb.
    Apple Vision Pro
        Məlum olub ki, Apple virtual mühitdə mətnləri dərc etmək üçün nəzərdə tutulmuş bir neçə üsulu reallaşdırıb. Təqdim edilmiş GIF-dən də görmək olar ki, istifadəçi Vision Pro-dan istifadə edən zaman onun qarşısına virtual klaviatura çıxacaq. Görmək olar ki, barmaq müvafiq düyməyə yaxınlaşan zaman düymə işıqlanmağa başlayacaq. Məhz işıqlanma zamanı düyməyə klikləmək lazım gələcək. Virtual düyməyə klikləmə prosesi zamanı müvafiq səs effektləri də olacaq. İstifadəçinin öz barmaqları vasitəsilə havada virtual düymələrə klikləmək prosesinin nə dərəcədə rahat olacağını indidən söyləmək çətindir.
        Bununla yanaşı virtual klaviatura vasitəsilə mətnləri daha təkmilləşdirilmiş şəkildə də dərc etmək mümkün olacaq. Söhbət, istifadəçinin göz hərəkətlərindən gedir. İstifadəçi öz gözləri ilə müəyyən düyməyə baxandan və iki barmağın bir-birinə toxunuşu jestini edəndən sonra düymə avtomatik şəkildə kliklənəcək. Bu proses çərçivəsində Vision Pro istifadəçinin göz hərəkətlərini və barmaqlarını izləyəcək. Bu halda istifadəçinin öz əllərini irəli uzatmağa ehtiyac qalmır. Belə ki, Vision Pro geniş baxış bucağına sahib çoxlu sayda kamera ilə təchiz olunub.
        Vision Pro vasitəsilə mətnlərin dərc edilməsi zamanı taktil geridönüşə üstünlük verənlər üçün isə şirkət naqilsiz klaviatura dəstəyini reallaşdırıb. İstifadəçi fiziki naqilsiz klaviaturadan istifadə edən zaman onun qarşısına virtual yazı sahəsi çıxacaq və onda naqilsiz klaviatura vasitəsilə dərc edilən sözlər görünəcək. Bununla yanaşı Vision Pro səs vasitəsilə mətnlərin dərc edilməsi funksiyasını da dəstəkləyəcək. Bunun üçün istifadəçi virtual mikrofon ikonuna baxmalı və daha əvvəl qeyd edilmiş iki barmaq jestini etməli olacaq. Bundan sonra isə o, daxil edilməsi planlaşdırılan mətni nitq formatında söyləyəcək. 
    Linki kopyala