Logo
    main-post-cover

    Artemis II Ayın cazibə zonasına daxil oldu

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, NASA-nın Artemis II missiyası Ay ətrafındakı tarixi səyahətinə bir addım daha yaxınlaşıb. Kosmik gəmi artıq Ayın “cazibə sferasına” daxil olub. Yəni bu nöqtədən etibarən aparat Yer cazibəsindən daha çox Ayın cazibə qüvvəsinin təsiri altındadır.
        Bu keçid Ay səthindən təxminən 39 min mil məsafədə, missiyanın başlanmasından 4 gün 6 saat 2 dəqiqə sonra baş verib. Qarşıdakı ən kritik mərhələ isə aprelin 6-da planlaşdırılan Ayın görünməyən (uzaq) tərəfi ətrafında uçuş olacaq.
        Missiyanın ekipajına astronavtlar Reid Wiseman, Christina Koch, Victor Glover və Kanadanı təmsil edən Jeremy Hansen daxildir. Onlar uçuşun ən uzaq nöqtəsində Yerdən 252 757 mil məsafəyə çatacaqlar. Bu göstərici 1970-ci ildə Apollo 13 ekipajına məxsus rekordu təxminən 4 min mil üstələyəcək.
        Beləliklə, Artemis II ekipajı 1972-ci ildəki Apollo 17 missiyasından sonra Ay sərhədini keçən ilk insanlar olacaq.
        Həftəsonu ərzində astronavtlar Ay yaxınlığındakı uçuşa hazırlıq işləri aparıblar. Proqram çərçivəsində:
        •    əl ilə idarəetmə sınaqları həyata keçirilib,
        •    elmi müşahidə planları nəzərdən keçirilib,
        •    fövqəladə hallarda həyat dəstəyi üçün istifadə ediləcək skafandrlar yoxlanılıb.
         Bununla yanaşı, ekipaj kosmosdan Yerə açılan möhtəşəm mənzərələri izləmək imkanı da əldə edib. NASA-nın paylaşdığı son görüntülərdə astronavtların Orion kosmik gəmisinin pəncərələrindən Yerə baxdığı anlar əks olunub.
    Paylaş