
Atmosferdən CO2-ni yığaraq yanacaq istehsal edən reaktor prototipi hazırlanıb
Elm & Texnologiya
17.02.2025
Emil
Böyük Britaniyanın Kembric Universitetinin alimləri atmosferdən karbon qazını tutaraq günəş enerjisi vasitəsilə sintetik yanacaq istehsal edən qurğu hazırlayıblar. İdeal halda, belə bir sistem uzaq bölgələrdə yaşayan insanlar üçün faydalı ola bilər. Belə ki, onlar yanacaq tədarükündən asılı olmadan bu qurğu vasitəsilə öz ehtiyaclarını qarşılaya bilərlər. Bu, təbii yanacaq istifadə etmədən təmiz istehsal modeli olacaq və dairəvi iqtisadiyyatın əsasını təşkil edəcək. Havanın birbaşa karbon qazından təmizlənməsi sənaye, nəqliyyat, kənd təsərrüfatı və cəmiyyətin ümumi parnik qazı tullantılarının ətraf mühitə mənfi təsirini azalda bilər. Hazırda bu sahədə CO2-nin tutulub yeraltı təbii rezervuarlarda saxlanılması üsulu üstünlük təşkil edir.

Yalnız yaxın zamanda Böyük Britaniya hökuməti bu məqsədlər üçün 22 milyard funt sterlinq vəsait ayıracağını vəd edib. Lakin bu yanaşma emissiyaların azaldılması problemini həll etmir və CO2 tullantılarını davam etdirməyə bir növ "icazə" kimi qəbul edilə bilər. Kembric Universitetinin tədqiqatçıları bu problemi radikal həll etməyi təklif edirlər. Əgər hökumətlər, ekoloqlar və investorlar karbon qazını atmosferdən çıxarmağı hədəfləyirlərsə, onda onu dərhal faydalı bir şeyə çevirmək daha məntiqlidir, nəinki onun sıxılmış və ya qaz halında yerin altında etibarlı şəkildə saxlanacağına ümid etmək. Bu qazdan katalizatorlar və xüsusi temperatur rejimləri vasitəsilə sənaye üçün müxtəlif kimyəvi birləşmələr və hətta sintetik yanacaq istehsal etmək mümkündür.

Zərərli və lazımsız bir maddəni təbiətə zərər vermədən faydalı bir resursa çevirmək! “Əgər karbon qazını yeraltında saxlamaq vəzinə ondan faydalı bir şey hazırlasaq necə olar?” - deyə Nature Energy jurnalında yayımlanmış araşdırmanın müəllifləri sual edirlər. “CO2 zərərli parnik qazıdır, lakin onu qlobal istiləşməyə səbəb olmadan faydalı kimyəvi maddələrə çevirmək mümkündür”. Alimlər tərəfindən hazırlanıb sınaqdan keçirilmiş sintetik yanacaq reaktoru gecə atmosferdən karbon qazını udur, günəşin ilk şüaları ilə isə çalışmağa başlayır. Su, günəş şüalarının ayrı-ayrı komponentləri qızdırması, birbaşa günəş enerjisi və elektrik enerjisi, eləcə də toz halında olan yarımkeçirici katalizator vasitəsilə reaktor sintetik yanacaq istehsal edir.

Katalizatoru və çalışma rejimini dəyişməklə kimya və farmakologiya sənayesi üçün müxtəlif xammal növləri istehsal etmək mümkündür. Bunun çoxsaylı tətbiq sahələri var. “Təbii yanacaq çıxarmağa və yandırmağa davam etmək əvəzinə, ehtiyac duyduğumuz karbon qazını birbaşa havadan ala və onu təkrar istifadə edə bilərik” - alimlər buna inanırlar. “Əgər kifayət qədər siyasi iradə olsa, biz dövri və dayanıqlı bir iqtisadiyyat qura bilərik”. Bu texnologiyanın bazara universitetin innovasiyaları kommersiyalaşdırma bölməsinin dəstəyi ilə çıxarılması gözlənilir. Tədqiqat Böyük Britaniyanın Araşdırma və İnnovasiya Şurası (UKRI), Avropa Tədqiqat Şurası, Kral Mühəndislik Akademiyası və Cambridge Trust tərəfindən qismən maliyyələşdirilib.
Mənbə: University of Cambridge
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
