
Avropa Birliyi daxili yanma mühərrikli yeni avtomobillərin 2035-ci ildən qadağan edilməsini şərti olaraq təsdiqləyib
Elm & Texnologiya
30.10.2022
Emil
Avropa Birliyinin qanunvericiləri daxili yanma mühərrikli yüngül avtomobillərin və mikroavtobusların istehsallarının 2035-ci ildən tamamilə qadağan edilməsi ilə bağlı olan qanunun qəbul edilməsi üzrə ilkin razılığa gəliblər. İndi isə bu yeni qanun layihəsi Avropa Birliyi Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Gözləntilərə əsasən sözügedən qanun layihəsi bəzi kiçik dəyişikliklərlə qəbul ediləcək. Bu yeni qanun layihəsinə əsasən yeni avtomobillərdən olacaq CO2 tullantıları 2030-cu ilə kimi 55% aşağı salınmalıdır. Yeni mikroavtobuslar ilə furqonların isə CO2 tullantıları 50% aşağı salınmalıdır. 2035-ci ildən başlayaraq bütün yeni avto nəqliyyat növləri üçün CO2 tullantısı 100% aradan qaldırılmalıdır. Bu isə daxili yanma mühərriklərinin istifadəsinin tamamilə qadağan edilməsi deməkdir.
Qanun layihəsində bəzi nüanslar mövcuddur. Məsələn il ərzində 10 000 ədəd yüngül avtomobildən və 20 000 ədəd mikroavtobusdan daha az nəqliyyat vasitəsi istehsal edənlərə 2030-cu ilə kimi CO2 tullantılarının 55% və 50% aşağı salınması tələbi şamil edilməyəcək. Həmin istehsalçılar sadəcə olaraq 2035-ci ildən başlayacaq tələbi yerinə yetirməli olacaqlar. Bu bir növ kiçik biznesin qorunmasına hədəflənmiş nüansdır. Bununla yanaşı sözügedən qanun layihəsində 2035-ci ildən sonra CO2 tullantıları baxımından neytral olan alternativ yanacaq vasitələri ilə çalışan avtomobillərin istehsalına icazənin verilməsi üzrə təklif yerləşdirilib. Söhbət, müxtəlif bioloji yanacaq növləri vasitəsilə çalışan avtomobillərdən gedir. Buna misal olaraq spirti, metanı, butanı və hidrogen yanacağını gətirmək olar.
Bu qanun layihəsinin hazırlanması zamanı Avropa Parlamenti adından danışıqlarda iştirak etmiş hollandiyalı siyasətçi Jan Huitema layihəni yüksək şəkildə qiymətləndirib və bildirib ki, bu layihə avtomobil sənayesini və avtomobil istehsalçılarını innovasiyaların reallaşdırılmasına stimullaşdıracaq və yeni investisiyaların cəlb edilməsində yardımçı olacaq. Bu qanun layihəsi Avropa Birliyinin “Fit for 55” adlı layihəsinin ilk və əsas hissəsidir. “Fit for 55” 2030-cu ilə kimi Avropa Birliyi regionunda zərərli tullantıların 55% aşağı endirilməsinə hədəflənmiş qanunlar paketidir.
Layihənin yekun məqsədi isə 2050-ci ilə kimi Avropa Birliyini karbon neytrallığı səviyyəsinə çatdırmaqdır. Layihənin digər qanun paketləri torpaq sahələrinin istifadəsi, aviasiya və gəmiçilik üçün daha ekoloji yanacaq növlərinin yaradılması və həmçinin bərpa olunan enerji mənbələri texnologiyalarının inkişafları üçün yeni maliyyələşdirilmənin təqdim edilməsi kimi sahələri əhatə edəcəklər. Digər ölkələrdə də daxili yanma mühərrikli yeni avtomobillərin qadağan edilməsi üzrə qanun layihələri hazırlanır. Məsələn Böyük Britaniya bu cür avtomobillərin satışlarını 2030-cu ilə kimi qadağan etməyi planlaşdırır. ABŞ-ın Kaliforniya ştatı isə bu qadağanı 2035-ci ilə kimi reallaşdırmaq niyyətindədir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
