main-post-cover

    Avropa raketqayırma sahəsində SpaceX-ə artıq uduzduğundan narahatdır

    Elm & Texnologiya
    24.03.2021
    Emil Nəcəfov
        Fransanın və İtaliyanın iqtisadiyyat nazirləri Avropanın kosmonavtika sahəsi ətrafında yaranmış vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər. Avropa SpaceX şirkətinin ucuz və effektiv Falcon 9 raketlərinə qarşı cavab vermək qabiliyyətinə sahib deyil. Bundan əlavə olaraq Avropa Birliyi Starlink peyk internetinin analoquna da sahib deyil. Avropa Kosmik Agentliyinin (ESA) rəhbərliyi yeni nəsil Ariane 6Vega-C raketlərinə ümid bəsləyir. Lakin onların kommersiya məqsədli uçuşlar sahəsində mövqelərini bərkidəcəkləri ehtimalı çox kiçikdir. Görünür, bu məsələdə qatar çoxdan gedib və həmin qatarda təkcə Elon Musk olub. Bir neçə müddət bundan öncə ESA “kosmik nəqliyyatın gələcək həlləri” təşəbbüsünü anons etmişdi.

    Faktiki olaraq isə agentlik digər analoqlar ilə rəqabət apara biləcək uçuş sistemlərinin tədqiqatı məsələsində Avropanın 3 aerokosmik şirkətinin hər birinə 600.000$ vəsait ayırıb. Söhbət, ArianeGroup, Avio və Rocket Factory Augsburg şirkətlərindən gedir.

        Ayrılmış vəsaitlər böyük olmasa da ESA ümid edir ki, bu, SpaceX ilə gələcəkdəki rəqabət üçün investisiyalardır. Görünür, indiki zamanda rəqabət məsələsində Avropanın kosmonavtika sahəsi artıq uduzub. ESA-nın nəqliyyat üzrə direktoru Daniel Neuenschwander-in sözlərinə əsasən bu təşəbbüs Avropaya gələcək kosmonavtikaya hazırlıq şəraitini yaradacaq. O həmçinin ümid edir ki, yeni nəsil Ariane 6 və Vega-C raketləri növbəti onillikdə Avropa Birliyinin fərdi peyklərinin kosmosa göndərilməsi tələbatlarını qarşılayacaqlar. Lakin məlumata əsasən sözügedən raketlərin bazarda digərləri ilə lazımi səviyyədə rəqabət apara bilməyəcəkləri narahatlığı Avropa təmsilçiləri arasında daha da artır.
        Fransa və İtaliyanın iqtisadiyyat nazirlərinin fikirlərinə əsasən 2014-cü ildə bu aparatların yaradılması zamanı Avropa istehsalı olan raketlərin sərfəli müqavilələr əldə etmələri ehtimalları aşağı düşmüşdü. Bunun əsas səbəbi isə SpaceX-in fantastik sürətlə inkişaf etməsidir. Özünün çoxistifadəli və ucuz Falcon 9 raketləri sayəsində SpaceX şirkəti böyük peyklərin kosmosa göndərilməsi prosesinin qiymətini dəfələrlə aşağı salmağı bacardı. Bundan əlavə olaraq Avropa digər əsas sahələr üzrə də SpaceX-dən geridə qalır.
        Məsələn NASA ilə əməkdaşlıq SpaceX-ə astronavtların BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərilməsi imkanını verdi. Fransız astronavt Thomas Pesquet gələn ay SpaceX-in Crew Dragon aparatı vasitəsilə Yer kürəsinin orbitinə yollanacaq. Çox güman ki, bu, avropalı astronavtların gələcəkdə SpaceX-in xidmətlərindən istifadə edəcəkləri üzrə ilk addım olacaq. Bundan əlavə olaraq Avropanın Starlink peyk internetinə cavab analoqu da yoxdur. Buna görə də nazirlər Avropanı SpaceX-in yüksək sürətli inkişafına texnoloji cavabın verilməsinə çağırıblar. Lakin bu cavabın hansı formada və nə zaman olacağı bilinmir.
    Linki kopyala