
Avropa Starlink-in analoqunu hazırlayır
Elm & Texnologiya
14.07.2025
Emil
Böyük Britaniya və Fransa hökumətləri, Elon Musk-a məxsus Starlink peyk internetindən Avropanın asılılığını azaltmaq məqsədilə birgə maliyyələşdirdikləri layihəyə dəstək vermək üçün güclərini birləşdiriblər. Məlumatına görə, London Fransanın Eutelsat şirkətinə 163 milyon avro investisiya qoymağı planlaşdırır, Paris isə 1.35 milyard avroluq dəstək paketi çərçivəsində 717 milyon avro ayıracaq. Borc yükü daşıyan Eutelsat üçün ümumi dokapitalizasiya məbləği 1.5 milyard avroya çatacaq. Fransa Prezidenti Emmanuel Macron, X sosial şəbəkəsində paylaşım edərək britaniyalı dostlara dəstəyə görə təşəkkür edib, lakin razılaşmanın dəqiq məbləğini açıqlamayıb.

Eutelsat, təxminən 1200 km hündürlükdə yerləşən 653 peykdən ibarət olan və ölçüsünə görə Avropada üçüncü yeri tutan peyk qruplaşmasına sahibdir. Şirkət bəyan edir ki, Avropa daxilində əhatə dairəsi və siqnal gecikməsi baxımından Starlink-dən geri qalmır. Eyni zamanda, Fransanın maliyyə naziri Eric Lombar iyun ayında bu investisiyaları rəqabətqabiliyyətli və suveren kosmik sənayenin formalaşdırılması yolunda atılmış addım adlandırıb. “Bu razılaşma Avropanın rəqəmsal suverenliyi üçün strateji istiqamət olan peyk rabitəsinin inkişafına sadiqliyimizi təsdiqləyir” - deyə o, bəyan edib.

Məlumata görə, maliyyə dəstəyi Eutelsat üçün olduqca vacibdir, çünki şirkətin 2024-cü ilin sonuna olan xalis borcu 2.6 milyard avro təşkil edir. Bu vəsaitlər həmçinin şirkətə 2030-cu ilə qədər fəaliyyətə başlayacaq IRIS2 layihəsinin - Avropa peyk qruplaşmasının həyata keçirilməsində iştirak etməyə imkan verəcək. IRIS2, Eutelsat və Lüksemburqa məxsus SES şirkətlərinin imkanlarını birləşdirərək Avropa Birliyinin müstəqil rabitə sisteminin əsasını təşkil etməlidir. Lombar-ın sözlərinə görə, bu layihə Avropanın kosmosda müstəqilliyinin əsas elementi olacaq, lakin artıq dolu olan bazarda rəqabət aparmalı olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
