
Avstraliyada dünyanın ən böyük günəş elektrostansiyası inşa ediləcək
Elm & Texnologiya
26.08.2024
Emil
Avstraliyanın ətraf mühit naziri Tanya Plibersek, Avstraliyada dünyanın ən böyük günəş elektrostansiyasının inşası layihəsini təsdiqləyib. İnşa ediləcək bu günəş elektrostansiyası hal-hazırda dünyanın ən güclü günəş elektrostansiyasından daha performanslı olacaq. Sözügedən layihənin detalları hələ müzakirə mərhələsindədir. Onun inşasının 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. Artıq məlumdur ki, elektrostansiya Avstraliyanın şimalında 120 kvadrat kilometrlik ərazini əhatə edəcək və o, 20 giqavat enerji istehsal edəcək. Qeyd etmək lazımdır ki, hal-hazırda dünyanın ən performanslı günəş elektrostansiyası 8 giqavat enerji istehsal edə bilir. Avstraliyadakı günəş elektrostansiyasının inşası layihəsinə 24 milyard dollar investisiya yatırılıb.

Elektrostansiyanın inşası ilə SunCable adlı şirkət məşğul olacaq. Bunun üçün şirkət bir neçə müddət bundan öncə ekoloqların razılıqlarını əldə etməyi bacardı. Gözləntilərə əsasən bu elektrostansiya təkcə Avstraliyanı elektrik enerjisi ilə təmin etməyəcək. Belə ki, istehsal ediləcək elektrik enerjisinin Avstraliyada yalnız 1/3 hissəsi qalacaq. Bu həcmdə elektrik enerjisi 3 milyon evin elektrik enerjisi tələbatını ödəməlidir. Elektrik enerjisinin bir hissəsi Sinqapura ötürüləcək. Bunun üçün Sinqapura kimi 4300 km uzunluqlu sualtı kabelin çəkilməsi nəzərdə tutulub. Sinqapura 2 giqavat enerjinin ötürülməsi planlaşdırılır. Əgər hər şey yolunda getsə, elektrostansiya 2030-cu ildə istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
