main-post-cover

    Azər Türk Bank rəqəmsal bankçılığa və marketinqə nə qədər önəm verir? (Müsahibə)

    11.12.2017
    Farid Pardashunas
        Banklar arasında apardığımız araşdırmanın bir parçası olan “Banklarımız nə qədər rəqəmsaldır?” mövzusu ilə ilk qapısını döydüyümüz bank, Dövlət Bankı - Azər Türk Bank oldu.
        2014-cü ildən etibarən Dövlət Bankı statusu qazanan Azər Türk Bankın səhmlərinin əsas hissəsi dövlətə məxsusdur. Əsasən korporativ sektoru hədəfləyən, hazırda daha çox kiçik və orta biznes nümayəndələrinə, müxtəlif şirkətlərə, onların menecerlərinə və əməkdaşlarına xidmət göstərən bu bankın son aylarda sosial mediadan və digər rəqəmsal kanallardan aktiv istifadə etməsi, hamı kimi, bizim də diqqətimizi çəkən əsas məqamlar idi. Bankda Strateji Planlaşdırma və Marketinq departamentinin direktoru Leyla Məmmədova bizi qonaq etdi və qeyd olunan mövzu ilə bağlı suallarımızı cavablandırdı.
        Müsahibə yazılarının adətən uzun, izləyicilərimizin vaxtının isə məhdud olduğunu nəzərə alaraq, Azər Türk Bankın rəqəmsal sferada gələcək planları haqqında olan bu müsahibəni qısa xülasə şəklində sizə təqdim edirik. 
    Leyla xanım, sosial şəbəkələrdə, rəqəmsal platformalarda və web saytlarda yerləşdirilən reklamlardan da rahatlıqla demək olar ki, bu bank rəqəmsal sferaya kifayət qədər büdcə ayırır. Bəs ümumi götürdükdə marketinq fəaliyyətlərinizdə ənənəvi yoxsa rəqəmsal marketinqin payı daha böyükdür?
        – Rahatlıqla söyləmək olar ki, bu ilki marketinq fəaliyyətlərimizdə rəqəmsal hissənin ağırlığı və payı daha çox oldu. Bu gedişatın növbətli illərdə də davamlı olaraq artan templə davam etməsi və 2018-ci ilin planlarında rəqəmsal platformalarda fəaliyyətin daha da genişləndirilməsini nəzərdə tutmuşuq. Bank rəqəmsal sferada daha çox sosial şəbəkələrdən istifadə etməklə yanaşı həm də paralel olaraq Google reklamlarına da böyük önəm verir. Hazırda SEO və SEM işi ölkəmizdə məhdud sayda şirkət tərəfindən həyata keçirlir və bazarda ağırlıq əsasən SMM-ə verilir. Buna baxmayaraq, Azər Türk Bank artıq gələn ildən SEO və SEM-ə daha böyük diqqət ayırmağı planlaşdırıb və bu sahədə bank tərəfindən yeni kadrlar cəlb olunub. Bankımız rəqəmsal sahədə bütün işləri öz daxili resursları - əməkdaşları hesabına həyata keçirmək fəlsəfəsini növbəti il daha da geniş şəkildə davam etdirəcək.
    Leyla xanım, bankın fəlsəfəsindən bəhs etdiniz. Bu fəlsəfə bankın rəqəmsal marketinq strategiyası və fəaliyyətlərində özünü necə göstərir?
        – Biraz öncə də qeyd etdiyim kimi, bankın bütün sosial şəbəkələrdəki hesabları öz daxili insan resursları - əməkdaşları tərəfindən idarə edilir. Bizim bankda bu sahədəki fəaliyyət digər banklarda olan nümunələrindən bir qədər fərqlənir. Bildiyiniz kimi digər bankların əksərriyyətində sosial media hesabları hansısa kənar agentliklər tərəfindən idarə olunur. Bizim isə bu məsələdə yanaşmamız başqa cürdür. Biz sosial media hesablarımıza filiallarımız kimi baxırıq. Hər bir ziyarətçi və bizə müraciət edən şəxs bizim cari yaxud potensial müştərimizdir. Bu səbəbdən, bizim burada əsas məqsədimiz, müştərilərlə “face-to-face” ünsiyyətdə olan filiallarımızda olduğu kimi, rəqəmsal kanallarda da müştərini ən yaxşı şəkildə qarşılamaq və tam məmnun yola salmaqdır. Biz mövcud fəaliyyət fəlsəfəmizə əsasən düşünürük ki, bu prosesdə birbaşa bankın əməkdaşları iştirak etməlidir. Müştəri həqiqətən inanmalıdır ki, ekranın digər tərəfində oturan şəxs məhz bankın öz əməkdaşıdır.
    Rəqəmsal marketinqdə kifayət qədər aktiv olan Azər Türk bank, rəqəmsal bankçılıqda yenilikci nələr edir bəs, biraz da bu barədə danışaq...
        - Hər bir bankın müasir dövrdə rəqəmsal bazarda ayaqda qalmasını təmin edən, onun mobil tətbiqləri və onlayn bankçılıq xidmətləridir. Azər Türk Bank da bu sahədə daimi yeniliklər edir və təkmilləşdirmə işləri aparır. Belə ki, növbəti 3 ay ərzində biz yeni və digər bankların Mobilbank tətbiqlərindən əsaslı şəkildə fərqlənəcək öz Mobilbank tətbiqimizi müştərilərinin istifadəsinə verəcəyik. Bildiyiniz kimi, adətən bankların mobil tətbiqi ilə standart əməliyyatları yerinə yetirmək olur. Bu tipli tətbiq hazırda biz də müştərilərimiz üçün təqdim edirik. Yaxın 3 ay ərzində təqdim edəcəyimiz Mobilbank tətbiqi ilə isə biz, tamamilə fərqli və bütün ehtiyacları qarşılaya biləcək bir vasitəni müştərilərimizin istifadəsinə verəcəyik. Bu tətbiq funksionallıq baxımından indiyə qədər olan alternativlərdən bir çox yeniliklərlə fərqlənəcək. Yeni tətbiqi istifadə edən müştərilərin demək olar ki, artıq banka gəlməyinə ehtiyacı olmayacaq. Bununla yanaşı biz 2018-ci ildə korporativ müştərilər üçün də banka gəlmədən bütün əməliyyatları yerinə yetirməyə imkan verən, yeni onlayn xidmətlər toplusunu özündə ehtiva edən internet bankçılıq platforması yaratmağı planlaşdırırıq.
    Son zamanlar bankların yeni rəqib olaraq gördüyü və kobud ifadə ilə bir qədər də çəkindiyi yeni quruluşlar olan “Fintechlər” barədə Azər Türk Bankın yanaşması necədir?
        - “Fintechlər” bugün çox sürətlə inkişaf edir və biz deyə bilərik ki, bu trendi görən dünya nəhəngi olan banklar maliyyə texnologiyaların yaratdığı fürsətlərdən artıq istifadə etməyə başlayıblar. Bu sahədə edilən investisiyalar günü-gündən artır. Buna misal kimi son bir neçə ildə bankların Fintech startaplarına etdikləri investisiyaları və alış edərək balanslarına keçirdikləri bu tip şirkətləri göstərmək etmək olar. Rəqəmsal bank olmağı hədəfləyən Azər Türk Bank da öz növbəsində bu sahə ilə ciddi maraqlanır, görüşlər edir və nələr etmək mümkündürsə nəzərdən keçirir. Növbəti ildə bununla bağlı reallaşdırılacaq bir sıra planlarımız da mövcuddur.
    Bizə maraqlı olan mövzulardan biri də məhz Azər Türk Bankın sponsorluq etdiyi tədbirlərdir. Məsələn, ilin əvvəlində təşkil olunan “Bomba” Sosial Media mükafatının əsas tərəfdaşlarından biri də elə Azər Türk Bank idi. Mövzu yenə də rəqəmsal sfera ilə bağlı idi və yəqin ki, bu özü də təsadüfü deyildi. İlin əvvəlində Azər Türk Bank bu tədbirə sponsor olmaqla, geridə qoyduğumuz il üçün rəqəmsal marketinqə nə qədər önəm verəcəyini göstərmişdi. Bizim və izləyicilərimiz üçün maraqlıdır, Azər Türk Bank növbəti ildə hansı növ tədbirlərə sponsorluq etməyi planlaşdırır ?
        - Əsasən biz hədəf kütləsi geniş, bankın biznes və sosial məsuliyyət maraqlarına uyğun olan tədbirlərə sponsorluq oluruq. Yəni, bankın elə “Bomba” Sosial Media Mükafatına sponsor olma səbəbi də həmin tədbirin hədəf kütləsinin genişliyi, bankın biznes və sosial məsuliyyət maraqlarına uyğunluğu idi. Bu tədbirdə idmançıdan tutmuş, bloqerə qədər müxtəlif sahələrdən bir çox şəxs iştirak edirdi və bu bankın Marketinq, PR və KSM fəaliyyətlərindəki hədəfləri ilə üst üstə düşürdü. Bu strategiyanı gələn il də geniş şəkildə davam etdirəcəyik.
        Ümumi dəyərləndikdə, fikrimizcə bankın sosial media aktivliyi kifayət qədər yüksək və uğurludur. Xüsusilə edilən canlı yayımlar zamanı müştərilərin suallarının cavablandırılması böyük marağa və rəğbətə səbəb olur. “Maaş oturub” konsepsiyası ilə edilən o məşhur paylaşım isə sosial media istifadəçilərində gülüş doğurmuş, viral marketinq məzmunu üçün ideal nümunələrdən biri olmuşdur. Maraqlı müsahibə üçün Leyla xanıma, bizə qapılarını açdığına görə Dövlət Bankı Azər Türk Banka öz təşəkkürümüzü bildirir və gələcək fəaliyyətlərində bu banka davamlı uğurlar arzu edirik.
    Linki kopyala