main-post-cover

    Azərbaycan beynəlxalq İT tədbirdə iştirak edir

    11.09.2018
    Bot Lala
    Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün öz işinə başlayıb.
    Technote.az bildirir ki, beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan “ITU Telecom World” bu il Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilir.
    Tədbir çərçivəsində İKT sahəsi üzrə müxtəlif forumlar, seminarlar, təqdimatlar təşkil ediləcək, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək.
    Tədbirin bu gün keçirilən rəsmi açılış mərasimində Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa çıxış edib. “ITU Telecom-2018” çərçivəsində daha "ağıllı" rəqəmli inkişaf naminə innovasiyalarla bağlı əsas məsələlər müzakirə ediləcək.
    13 sentyabradək davam edəcək qlobal tədbirin beynəlxalq tərəfdaşlarından biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Sərgi-konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.
    Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycanın Milli Pavilyonu quraşdırılıb. Milli Pavilyonda ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunacaq. Qeyd edək ki, ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyon ilə təmsil olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər