Azərbaycan növbəti peykini orbitə buraxır-Foto

09.08.2018 0 PAYLAŞIM 466 OXUNMA

Bu ilin sentyabr ayında orbitə buraxılması planlaşdırılan Azerspace-2 peyki artıq Fransız Qvianasında yerləşən Kuru kosmodromuna gətirilib. Azerspace-2 Azərbaycanın orbitə çıxarılacaq üçüncü peyki olacaq.


Azərkosmos-dan Technote.az-a verilən məlumata görə, peyk “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Azerspace-2 peyki Arianespace şirkətinə məxsus Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılacaq.


Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Azerspace-2 peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək. Azerspace-2 peykinin orbitə çıxarılmasını təmin etmək məqsədi ilə daşıyıcı raketin hazırlanması üzrə aparılan son işlər qrafikə uyğun davam etdirilir.


Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun yenilənməsi ilə bağlı işlər artıq yekunlaşıb. Azerspace-2 peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.


Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – Azerspace-1 peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.