Azərbaycanda ən çox istifadə olunan proqramlaşdırma dilləri (HESABAT)

Azərbaycanda ən çox istifadə olunan proqramlaşdırma dilləri (HESABAT)

20.12.2017 PAYLAŞIM

    Azərbaycanda developerlər arasında ən çox istifadə olunan proqramlaşdırma dillərini müəyyən etmək üçün bir müddət əvvəl qapalı qruplarda sorğular keçirdik. Hazırlanmış sorğuda iştirak edən 370 developerdən yalnız 303-ü sorğu sonunda yerləşdirilmiş tapşırığı doğru yerinə yetirdiyi üçün həmin şəxslərin iştirakı əsasında formalaşdırılmış nəticələrii sizlərlə bölüşürük. Beləliklə, 303 yerli developer arasında keçirilmiş sorğu nəticələri aşağıdakı kimidir.

Ən çox istifadə olunan proqramlaşdırma dili

    303 developer arasında aparılan sorğuya əsasən, iştirakçıların 56%-i Javascripdən istifadə edir. (170 nəfər) Eyni statistikaya əsasən developerlərin 51.8%-i (157 nəfər) PHP proqramlaşdırma dilindən yararlanır. SQL isə demək olar ki, bu dilləri bilən istifadəçilərin bildiyi verilənlər bazasında işləmək üçün lazım olan köməkçi dilidir.  Sorğu iştirakçılarının 53%-i bu dildən istifadə edirlər. Üçüncü əsas proqramlaşdırma dili olaraq isə Azərabycanda Java-dan daha çox istifadə olunur.


    Beləliklə Azərbaycanda proqramçılar tərəfindən istifadə olunan əsas proqramlaşdırma dilləri:

  1. Javascript
  2. SQL
  3. PHP
  4. Java 


Ən çox tələb olunan proqramlaşdırma dilləri

    Sorğu nəticələrə əsasən proqramçılardan daha çox məhz bu proqramlaşdırma dillərində web layihə yaratmaq istənilir. Müştəri istəyinə əsasən Azərbaycanda tələb olunan proqramlaşdırma dilində 1-ci yerdə 57.1% -lə PHP gəlir. Bu mövzuda Java proqramlaşdırma dili heç də PHP-dən geri qalmır. 147 nəfər developer düşünür ki, Azərbaycanda ən çox tələb olunan dillərdən biri də Java-dır. Azərbaycanda olan IT kursların da daha çox bu dillərdə tədris verdiyini nəzərə alsaq, statistikanın doğru olduğunu söyləyə bilərik.



Proqramçılar hansı dili öyrənmək istəyirlər?

     Sorğunun üçüncü hissəsi məhz sorğuda iştirak edən proqramçıların hansı proqramlaşdırma dilinə maraq göstərməsi və öyrənməsi ilə bağlıdır. Azərbaycanlı developerlərin əsasən PHPJava-ya köklənməsi öz nəticəsini bu sorğuda da göstərir. Alınmış cavablara əsasən 303 nəfərin əsasən PHP və Java bildiyini nəzərə alsaq, bu developerlərin əsas maraq göstərdiyi digər dil məhz Pyhton-dur. Sorğu iştirakçılarının 38.9%-i məhz bu dili öyrənmək istəyir. Eyni sorğuda ən çox öyrənilməsi lazım olan dil kimi Java görünür. PHP göstəriciləri isə bu sorğuda aşağıdır. Çünki sorğu iştirakçısı olan developerlərin əksəriyyəti bu dili bilir və onlar növbəti mərhələdə öyrənmək istədikləri dili qeyd ediblər ki, burada ən çox maraq Pyhton-a olub.



Proqramçılar əsasən hansı sektorda çalışır? 

    46.9% göstərici ilə özəl sektor proqramçıların əsas çalışdığı sahədir. 41.2% developer isə ya şəxsi biznesdə ya da frilanser olaraq fəaliyyət gəstərir. Son sırada isə dövlət sektoru qərarlaşıb. 11.9%, yəni cəmi 36 nəfər dövlət sektorunda çalışır.



Developerlərin əsas müştəriləri kimlərdir?

    Sorğu nəticəsinə əsasən 73.9% çoxluq sifarişlərin əsasən daxili bazardan olduğunu qeyd edib. 15.5% göstərici isə sifarişlərin xarici bazardan olduğunu qeyd edib. Fərdi sorğu nəticələrinin analizlərinə nəzər yetirsək, xaricdən sifariş alan developerlərin əsasən frilanser olaraq çalışdıqlarını görə bilirik. Bu da sifarişlərin, əsasən frilanserlər üçün "marketplace" saytlardan olduğunun göstəricisidir.


Proqramlaşdırma sahəsində Azərbaycanda developerlərin təcrübə göstəriciləri

    Sorğu nəticələrinə əsasən 36%-lik göstərici ilə Azərbaycanda proqramçıların 1-3 il aralığında kodlama təcrübələri vardır. 25% - lik göstərici ilə isə 77 nəfər 1 ilə qədər proqramlaşdırma təcrübəsinə sahibdir. Sorğu iştirakçılarının 19.5%-i isə 3-5 il aralığında, 19.2% -i isə 5 ildən çox təcrübəyə sahibidir.


    Sorğunun ikinci hissəsi bazarda fəaliyyət göstərən və "outsource" işlər həyata keçirən agentliklərlə bağlıdır. Adlarının konfidensiallığını qorumaq şərtilə keçirdiyimiz sorğuda Azərbycanın aparıcı 15  web agentliyi iştirak edib. Beləliklə, sorunun ikinci hissəsi ilə sizləri tanış edirik.

    Azərbaycan bazarında proqramlaşdırma dilləri üzrə apardığımız sorğunun ikinci istiqaməti bu sahədə “outsource” işlər görən agentliklərlə bağlıdır. Azərbaycanın 15 seçilmiş agentliyi arasında apardığımız sorğu nəticələri yuxarıdakı sorğunun nəticələri ilə demək olar ki, eynidir. Beləliklə sorğu nəticələrinə əsasən agentliklərin ən çox sifariş aldıqları proqramlaşdırma dillərinin cədvədili aşağıdakı şəkildədir.


    Nəticələrə əsasən Azərbaycanda müştərilərin agentliklərdən istədikləri əsas tələblərdə PHP, JavascriptJava üstünlük təşkil edir. Bazarı nəzərə alsaq və agentliklərin təkliflərini dəyərləndirsək, bu dillərdə kodlama edən proqramçıların çoxluğu əsas verir ki, məhz PHP, Javascript və Java Azərbaycan bazarında ən çox istifadə olunan proqramlaşdırma dilləridir.

Sorğunun ikinci hissəsində agentliklərdə çalışan proqramçıların hansı dillərdə kodlama etməyi ilə bağlıdır və nəticələrdə gözlənildiyi kimi PHP, Javascript və Java üstünlük təşkil edir. Pyhton-a maraq isə burada daha ön planlandadır. Belə nəticəyə gəlmək olar ki, Bazarda Pyhton-da yazan proqramçılar olsa da müştərilər tərəfindən bu dilə tələb azdır. Açığı, PHP, Java-dan sonra Azərbaycanda maraq daha çox Pyhton-adır.

Sorğuda iştirak edən agentliklərinin cavabına görə ölkədə əsasən sifarişlər özəldövlət sektorundan alınır. Xüsusən Banklar və dövlət müəssisələri əsas sifarişçi tərəflərdir.

    Agentliklərin hansı dilləri bilən proqramçıya ehtiyacı olduqlarını isə bu statistikadan bilmək olar. Yenə ənənəvi olaraq liderlik PHP-dədir. SwiftPyhton bu siyahıda əvvəlki cədvəllərə nisbətən  daha ön plana çıxır. Nəzərə alsaq ki, Azərbaycanda Swift ilə işləyən proqramçılar azdır və əksi olaraq isə bazarda iOS tətbiqlərinə tələb kifayət qədərdir. Belə olan halda həm agentliklər həm sifarişçi tərəf iOS tətbiqlərinin hazırlanması üçün daha çox xarici - Ukrayna, Türkiyə, Hindistan bazarlarına üz tuturlar. Ümumi olaraq dəyərləndirsək, əsas üstünlüyün yenə də PHP, JavaJavascrtiptdə olduğunu aydın görmək olar.

    Bazarda həm tələb həm də təklif sırf bu proqramlaşdırma dilləri üzərindən formalaşır. Potensial olaraq isə Phyton-a böyük maraq var. Həm agentliklərdə həm developerlərdə bu proqramlaşdırma dilinə növbəti illərdə daha çox tələb yaranacağını düşünürük. Developerlər arasında sorğu nəticələrinə əsasən də, daha PHP və Java bilən proqramçılar növbəti mərhələdə Phyton öyrənmək niyyətindədirlər. C,C++C#,  PHP və Java-dan sonra ən çox istifadə olunan dillər sırasındadır.

    Mövzu və sorğu ilə bağlı olaraq proqramlaşdırma sahəsində geniş təcrübəsi olan bir neçə ekspertdən rəy aldıq. Azərbaycanda kifayət qədər bazar təcrübəsinə sahib proqramçıların bir neçəsinin ekskuliziv müsahibələrini təqdim edirik.

Amid Quliyev

    Söhbət Web-dən gedirsə Azərbaycanda ən çox istifadə olunan proqramlaşdırma dili PHP-dir.  "Desktop" tətbiqlər üçün isə əksər hallarda  C#.NET - dən istifadə olunur. PHP web  proqramlaşdırmaya başlayanlar üçün çox tez öyrənə biləcəkləri bir dildir. Yəni, kodu yazdın, səhifəni  yeniləndin və kod işləyəcək. Heç bir "compile" ehtiyac yoxdur. Hazır sistemlərlə sayt düzəltmək istətənlər üçünsə imkanlar çoxdur. Məsələn, Drupal, Joomla, Wordpress kimi sistemlər PHP ilə yazılıb. Bu səbəbdən müəyyən qədər PHP bilən bu sistemlərdə xüsusi saytlar düzəldə bilər. Eyni zamandan PHP-nin, Laravel, Phalcon, Sympohy kimi çox gözəl "framework"ləri mövcuddur. PHP-ni biraz öyrənən və MVC anlayışı olan hər kəs bu "framework"lərlə işlərini qat-qat rahatlaşdırırlar.

    Azərbaycan səviyyəsinə baxsaq, şirkətlərin tələbləri elə də böyük deyil. Əsasən özəl qrumlarda tələblər biraz fərqli olur. Nəzərə alsaq ki, bəzi dövlət qrumları hələ də Delphi-də yazır. Web üçün Azərbaycanda PHP, Pyhton çox nadir halda isə "ruby on rails" developerlərə ehtiyac olur. "Desktop" tətbiqlər, servislər yazanlara əsasən C#.NET, Java bilən, iOS və Android proqramları, avadanlıqla işləyən və spesifik inteqrasiya tələb edən şirkətlərə isə C, C++ bilən developerlər lazım olur və bu developerləri ölkəmizdə tapmaq mümkündür. Təbii ki, "senior" səviyyədə azlıq təşkil etsələr də "Junior" və orta səviyyədə developer tapmaq asandır.

    Biz işçi axtaran zaman PHP, Phyton bilən, mobildə isə Android və iOS üçün tətbiq yaza bilənlərə üstünlük veririk.


Rufət Babakişiyev

    Mənim fikrimcə əslində Web Proqramlaşdırma anlayışı özü bir sahəni göstərmək üçün artıq köhnə anlayışdı, müəyyən bir sahəni bildirməkdən çıxıb, ümumi bir məlumat daşıyır. Çünki bu gün nə Web də deyil ki?. Bəzi xüsusi Desktop tətbiqləri çıxsaq bütün həllər web dədir. Hətta bu gün o dərəcədədir ki, demək olar ki Office proqramları xaric kompyuterə başqa proqramlar qurulmur. Azərbaycanda Web Proqramlaşdırma dedikdə mənim müşahidələrim onu göstərir ki, çox zaman hansısa bir məlumat xarakterli saytın hazırlanması ağıla gəlir və ona görə hər kəsin dilidə iki söz : PHP və MySQL var. Bəziləri isə iddia edirlər ki PHP istifadə etmək qeyri profesionallıqdı (mənə görə yanlışdı), mütləq ki Java texnologiyaları və ya .NET (Dot NET) texnologiyaları istifadə olunmalıdır. Ümumilikdə isə yuxarıda adlarını sadaladığım texnologiyalar (Dillər yazmıram, çünki düşünürəm ki dil development üçün ən sonuncu işdir, əsas verilənlər strukturu- Data Structure və texnologiyalardır) və onların hazır Framework lər (Türk dilində Çatı, mənası belə verə bilərəm ki, development üçün müəyyən bir qaydauyğunluğun artıq təyin olunmuş formasıdır, sadəcə sən hazır istifadə edirsən. Bir növ Azərbaycanın Azsamand avtomobilinin hissələrini alıb birşləşdirməsi kimidir) istifadə olunur. 

    İstənilən texnologiyanı populyar edən müəyyən meyarlar var. Məsələn, əməliyyat sisteminin resurslarından düzgün istifadə etməsi, mühəndisə verdiyi rahatlığı, development mühitinin (development enviroment) qurulması rahatlığı, rahat test edilməsi və ən əsası BÖYÜK MƏLUMAT RESURSLARI. Mənim gördüyüm qədərilə PHP daha geniş istifadə olunur. Yuxarıdakı səbəblər rol oyanyır. Java və .NET ən geniş istifadə olunur, buna da öyrənmək üçün resursların Türk və rus dillərində çox olması təsir edir. Məsələn diqqət etsəz görərsiz ki türk dilində texnoloji kitabları oxumağı xoşlayanlar daha .NET və ya MSSQL meyilli olurlar və ya tərsinə onları işlədənlər çox vaxt ingilis dil bilikləri zəifdirsə Türk dilində materiallara üstünlük verirlər. Mən düşünürəm ki texnologiyanı ingilis dilində bir başa onun sahibi (məsələn .NET də microsoft) materiallarından oxunmalıdır.

    Bu təəssüf ki şirkətin, şirkətin CTO sunun və hətta deyərdim ki Software Managerin seçimlərindən asılı olaraq davam edir. Məsələn baxırsan ki bir şirkət bütün produktlarını ancaq Javada yazır, və ya ancaq .NET də. Ətraflı axtarsaq baxarıq ki manager özü bu dillərdən birini yaxşı bildiyini üçün belə seçilir. Mənim fikrimə görə təmamilə səhv yanaşmadır. Söhbət developmentlə məşğul olan şirkətlərdən gedir, Bank və Operatorlar təbii ki aldıqları texnologiya hansı dillər və texnologiyalarla hazırlanıbsa  onla da davam etmək məcburiyyətindədilər. Və əsasən də .NET və Java texnologiyaları biliyi olanlara üstünlük verirlər. Amma ümumiyyətlə development komandası gələn requirement əsasında, müştərinin mövcud İT infrastruktunun əsasında, Proqram təminatının genişlənə biləcəyi imkanlarını nəzərə alaraq qərar verməlidir. 

    Mən demək olar ki hansısa dilə üstünlük vermirəm Mobil Development xaric. Mənə görə ilk növbədə developer teoriyanı güclü bilməli və müəyyən alqoritmik bilikləri olmalıdır. OOP (Object Oriented Programmin) dilinin əsaslarını bilməyən, İnterface və Abstract Class arasındakı fərqi bilməyən, 2 - 3 pattern bilməyən, ən sadə quick sort, buble sort u bilməyən developerin nə fərqi var ki hansı dillərdə yazırlar. O qədər olub ki bizm komandaya uşaqlar Java bilirləri ilə gəliblər, elə 10 gün sonra .NET də yazmağa başlayılar. Düzdü texnologiyanın özünə məxsus əlavələri və sairə var ki, bunu da öyrənmək uzun çəkmir, əgər mühəndis əzbərçi yox, məntiqlidirsə. Mobildə bir qədər fərqlidir, sistemlər özü sizi məcbur edir ki o müəyyən dildə development etməyə məcbur edir. Məsələn əgət iOS əməliyyat sistemində developmentdən söhbət gedirsə təbii ki Objective C və ya Swift bilgisi çox vacibdir, Android əməliyyat sistemində isə Java və ya Kotlin. Cross platform texnologiyalar istifadə etmək olar. Mənim fikrimcə sadə nəsə hazırlansa bəlkə hə, amma ki Native in yerini verməyəcək. Unity xaric, bunun da səbəbləri var, demirəm uzundur ) 

    Son olaraq tələbələrə demək istəyirəm ki, riyazi biliklərinizi , alqoritmik biliklərinizi artırın, olimpiadalara qatılın. Mən özüm təəssüf edirəm ki o qədər də dərin riyazi alqorimik biliklərim yoxdu. Amma bəzən o biliyə sahib olanlar da düşünürlər ki bu kifayətdir, ümumiyyətlə mühəndis kimi yetişmək üçün çoxlu teorik oxumaq (dərk edərək, əlinə nə keçdi oxumadan) və onları tətbiq etmək, xüsusilə real proyektlərdə. Sertifikat bilik göstəricisi və işə qəbul üçün bir vacib göstərici deyildir. Şəxsən mən ancaq biliyə və təcrübəyə baxıram. Amma biliyin və təcrübənin yanında sertifikatda varsa bu artıq möhtəşəm. Bu dil onu döyər, yox o yaxşıdır, bu secure dır, bunlar hamısı gülməlidir. Ən zəif texnologiya ilə də secure sistem qurmaq olar, ən secure texnologiya ilə də unsecurable sistem qurmaq olar. Unutmuşam kimin sözüdür bu sahədə, amma yadımda təqribi belə qalıb : Yaxşı developer Verilənlər strukturunun (Data Structure) qeydinə qalır, qalan development üçün bir alətdir.

    Bu gün Banklar və başqa qurumlar baxırsan 10 - 15 developer saxlayır qrupda və bazarda çox dar biliklər yaranır, əslində isə bu işin tək adı var OUTSOURCE. Belə olduqda development şirkətlərində də maaş qalxır, çoxlu produktlar artır və ekosistem yaranır.

Ramin Orucov

    Korporativ sektor əsasən Java və C#, web studiyalar, web ilə bağlı startuplar isə daha çox PHP istifadə edirlər. Tələb və təklif məsələsidir. Bu texnologiyaları öyrənən, bilən mütəxəssislər daha çox olduğuna görə. Mövcud proyektləri davam və inkişaf etdirmək üçün Java/C# bilən proqramçılara tələbat var. C++, Python üzrə iş imkanları azdır, ona görə onları öyrənmək istəyən gənclər azdır. Java və ya C# bilən digərini rahat öyrənə bilir. Məsələn, Azercelldə vaxtı ilə Java üzrə biliyi və təcrübəsi az olan, amma .NET(C#, ASP.NET, WCF) üzrə 3-5 il real iş təcrübəsi olan bir neçə proqramçı işə qəbul olunub. Namizəddən çox şey asılıdır, real iş təcrübəsi olanlara üstünlük verilir. Mobil üçün Java(Android) və Objective C(iOS) təcrübəsi olanlara üstünlük verilir.

Vurğun Hacıyev - ATL - CTO    

    Şirkət olaraq əsasən Java və Phyton-dan daha çox istifadə edirik. Bu dilləri istifadə etməkdə əsas səbəb sırf bu dillərdə Azərbaycanda bacarıqlı developer tapa bilməyimizdir. Şirkətə yeni işçi qəbul edən zaman C++, C# və Java bilənlərə üstünlük veririk. Bizim üçün önəmli olan isə developerlərin təcrübəsidir. Seçim zamanı əsasən 3-5 il təcrübəsi olan proqramçıları şirkətə qəbul edirik. Burada hər zaman yerli mütəxəssisləri seçməyə çalışırıq. Pyhton proqramlaşdırma dili üzrə developer tapmaqda isə nisbətən çətinlik çəkirik. Bu dil üzrə Azərbaycanda təcrübəli proqramçılar digər dillərə nisbətən azlıq təşkil edir.

    Azərbaycanda proqramlaşdırma bazarı haqqında keçirdiyimiz ilkin sorğu nəticələrini sizlərlə açıq şəkildə bölüşdük. İlkin bazar araşdırması xarakteri daşıyan bu hesabın ikinci hissəsi Azərbaycanda böyük şirkətlərinin IT separtamentləri arasında keçiriləcək və tələblər öyrəniləcək. Qısa zaman ərzində hesabatın ikinci hissəsi ilə sizləri tanış edəcəyik. Sorğuda iştirak edən developerlərlə, 15 böyük agentliyin rəhbərlərinə və müsahibədə iştirak edən şəxslərə təşəkkür edirik.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×