main-post-cover

    'Barama Hackathon' üçün 36 saat yatmayacaq 15 əjdaha komanda axtarılır

    27.04.2018
    Farid Pardashunas
        Bütün dünyada proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5 -ci dəfə baş tutacaq. Bir neçə gündür qeydiyyat prosesinin başlandığı bu yarış üçün 15 komanda sayı tamamlandıqdan sonra, yarış start götürəcək. 
        36 saat davam edən və yuxusuzluğun pik həddə çatdığı bu yarışda proqramçıların əsas məqsədi qarşıya qoyulan tapşırığı ən yaxşı şəkildə yerinə yetirməkdir. 5 May 09:00 tarixində start götürəcək yarışa 6 May 21:00 -da yekun vurulacaq. Digər "Hackathon"lardan fərqli olaraq, bu dəfə Barama Hackathon 2018 üçün fərqli bir mövzu ortaya qoyulub. Beləliklə, əgər bugünə qədər proqramçılardan əsasən mobil həllər hazırlamaq tələb olunurdusa, bu dəfə koderlər əvvəlcədən təyin olunmuş bir "web" həll üzərində çalışacaqlar.
        "Developer"lərə təqdim olunan mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır. 
        36 saatın sonunda qalib komanda üçün daha bir xoş xəbər ondan ibarət olacaq ki, əgər hazırlanan məhsul Azercell tərəfindən təsdiqlənsə, həmin məhsul üzərindən xidmət göstərilməsi üçün komanda Azercell ilə 5000 AZN dəyərində müqavilə bağlayacaq. Yarışda 2 -ci və 3 -cü yerin sahibləri olan komandalar isə Azercell və PAŞA Bank tərəfindən dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar.
        Yarışı hədiyyələrdən daha çox maraqlı edən isə, 36 saat ərzində proqramçılar arasında baş verən kəskin rəqabət olacaq. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin geniş və rahat ofisində keçiriləcək yarışda, gözdən qaçıb yatmaq üçün ən rahat yerləri, ən ağıllı "developer"lərin də tutacağı istisna olunmur. Amma məsələ burasındadır ki, hər "Hackathon"da olduğu kimi onların hər addımını izləyən Fərid Pərdəşünas da bu yarış üçün baş rolda olacaq. Gecələr ofisdə nələrin yaşandığını isə aşağıdakı videodan izləyə bilərsiniz.
        Əlavə olaraq qeyd etmək yerinə düşər ki, 36 saat ərzində proqramçıların qida təminatını Özsüt restoranlar şəbəkəsi öz üzərinə götürüb. Bu isə o deməkdir ki, yuxusuz keçən 36 saat ərzində heç kim ac qalmayacaq. Hələ də bu yarış üçün qeydiyyatdan keçməmisinizsə, biz düşürük ki, bir proqramçı olaraq çox şey itirmisiniz. Elə isə qeydiyyatın bitməsinə son günlər qalarkən aşağıdakı qeydiyyat forumundan istfadə etməklə, komandanızı yarış iştirakçısına çevirin.
    Yenilənmə: 36 saat ərzində bütün proqramçılar PAŞA Sığorta tərəfindən tibbi sığorta ilə təmin olunacaqlar.
        Müsabiqədə iştirak etmək istəyən proqramçılar 02.05.2018 tarixinə qədər hackathon.barama.az saytına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər