Logo
    main-post-cover

    Beynəlxalq Kosmik Stansiyada suyun təkrar emalı necə baş verir?

         Suyun təkrar emalı Beynəlxalq Kosmik Stansiyadakı (BKS) astronavtlar üçün ən vacib məsələlərdən biridir. BKS-də suyun 90%-dən çoxu yenidən istifadə oluna bilməsi üçün təkrar emal olunur. Su BKS-də çox yer tuta bildiyindən mühəndislər bu suyun kosmosda təkrar emal olunması üçün mümkün olan hər şeyi ediblər. Bunun üçün NASA alimləri xüsusi suyun təkrar emalı sistemi yaradıblar. Bu prosesin necə baş verdiyini Florida Beynəlxalq Universitetinin mühəndislik professoru Berrin Tansel izah edir. Hazırda BKS-də suyun 90%-dən çoxu emal olunur. Təmiz su astronavtlara lazım olan hidratasiya, gigiyena və qidalanmanı təmin edir. NASA-nın kosmik stansiyadakı ətraf mühitin idarə olunması və həyat dəstəyi sistemi havanın və suyun keyfiyyətinə nəzarət, tullantıların idarəsi, atmosfer təzyiqinin tənzimlənməsi və fövqəladə hallara cavab sistemlərinin idarə olunması üçün nəzərdə tutulmuş avadanlıq və proseslər kompleksindən ibarətdir.
         Suyun təkrar emalı sistemi BKS-in həyat dəstəyi sisteminin ən mühüm komponentlərindən biridir. Bu sistem havadakı nəmdən, sidikdən, həmçinin astronavtların tərləməsindən əldə olunan suyu təkrar emal edir. Əlbəttə, astronavtların gigiyenik prosedurlar üçün istifadə etdikləri su da təmizlənərək yenidən emal olunur. Kosmosda astronavtların tullantı suları Yer üzündə olduğundan xeyli daha çox konsentrasiyalıdır. Onlar daha çox miqdarda sidik cövhəri (sidikdə olan birləşmə), duzlar və sabunla gigiyena vasitələrindəki maddələri ehtiva edir. Suyun içməyə yararlı və təhlükəsiz olması üçün suyun təkrar emalı sistemi bütün bu maddələri sürətli və effektiv şəkildə çıxarmalıdır. Kosmosdakı su təmizləmə sistemləri Yer üzündəki su təmizləmə sistemlərinin bəzi prinsiplərindən istifadə edir.
         Lakin onlar mikroqravitasiya şəraitində minimal texniki xidmətlə işləmək üçün hazırlanıb. NASA-nın su təmizləmə sistemi BKS-də istifadə olunan və ya yaranan demək olar ki, bütün növ suları toplayır və təkrar emal edir. O, toplanmış tullantı sularını suyun emalı bloku adlanan sistemə yönləndirir, burada onlar təhlükəsiz içməli suya çevrilir. BKS-də suyun təmizlənməsi və təkrar emalı sistemi bir neçə alt-sistemdən ibarətdir. Sidik emalı bloku sidikdən suyun təxminən 75%-ni qızdırma və vakuum sıxılması yolu ilə çıxarır. Çıxarılan su daha sonra əlavə təmizlənmədən keçir. Qalan maye - duzlu məhlul adlanan hissə - də xeyli miqdarda su ehtiva edir. Buna görə NASA sidikdəki duzlu məhluldan su çıxarmaq üçün xüsusi emal sistemi hazırlayıb.
         Duzlu məhlulun emalı blokunda isti quru hava qalan məhluldan suyu buxarlandırır. Filtr çirkləndirici maddələri su buxarından ayırır, sonra isə bu buxar içməli suya çevrilir. Havanın bərpası sistemi isə BKS modullarındakı havadan nəm toplayaraq onu maye suya çevirir. Toplanmış su emal blokuna yönləndirilir və burada təmizlənir. Su təmizlənməsi prosesi emal blokunda bir neçə mərhələdən ibarətdir. Əvvəlcə toplanmış bütün su toz kimi hissəciklərin çıxarılması üçün filtrlərdən keçirilir. Daha sonra bir sıra filtrlər duzları və bəzi üzvi çirkləndiriciləri təmizləyir, bundan sonra isə qalan üzvi birləşmələrin parçalanması üçün katalitik oksidləşmə aparılır. Son mərhələdə suya saxlanma zamanı mikrobların çoxalmasının qarşısını almaq üçün yod əlavə olunur. Nəticədə əldə edilən içməli su çox vaxt Yer üzündəki evlərin kran suyundan belə daha təmiz olur.
    Paylaş