Logo
    main-post-cover

    Braziliyada konteyner yüklərinin sürətli daşınması üçün hyperloop magistralının inşası planlaşdırılır

    Elm & Texnologiya
    17.03.2025
    Emil
         Latın Amerikasında qitənin ilk vakuum magistralı (HyperPort) inşa edilə bilər. Bu sistem dəniz konteynerlərinin yüksək sürətlə ölkənin daxilinə və digər limanlara çatdırılmasını təmin edəcək. Bu iddialı layihə artıq ümumi iqtisadi əsaslandırma əldə edib və hərtərəfli ekspertizadan keçməyə hazırlaşır. Layihənin həyata keçirilməsi gündə 4000-dən çox standart 40 futluq (12.2 metr) yük konteynerinin 100 və daha çox kilometr məsafəyə daşınmasına imkan yaradacaq. Bu, yük maşınları ilə daşımada rast gəlinən çətinlikləri aradan qaldıracaq. İqtisadi əsaslandırmaya görə, layihə hətta özəl investisiyalar hesabına maliyyələşdirildikdə belə sərfəli olacaq. Dövlət dəstəyi ilə isə həm ekoloji, həm də sosial baxımdan çoxsaylı üstünlüklər qazandırmaqla yanaşı, zəmanətli mənfəət gətirəcək.
         Layihənin inkişafı ilə Hyperloop Transportation Technologies (HTT) şirkəti məşğul olur. Konteynerlər azaldılmış hava təzyiqinə malik boru daxilində 595 km/saat sürətlə hərəkət edəcək. Bu, Santos limanından ən yaxın logistika məntəqəsi olan San-Pauloya (97 km) avtomobillə iki saatlıq yolun 20-30 dəqiqəyə qət edilməsinə imkan verəcək. Hazırda bu marşrutda gündə 3000-dən 15 000-ə qədər yük maşını hərəkət edir ki, bu da yol infrastrukturuna ciddi yük yaradır və ətraf mühitə mənfi təsir göstərir. Layihənin ilkin analizi LabTrans şirkəti tərəfindən Santa-Katarina Federal Universiteti və Braziliyanın liman logistika şirkəti EGA Group ilə əməkdaşlıq çərçivəsində aparılıb. Magistralın Santos limanından başlayaraq San-Paulu üzərindən keçməsi və daha sonra digər iri şəhərlərə və dəniz limanlarına genişləndirilməsi planlaşdırılır.
         Santos limanı 2024-cü ildə 5 milyondan çox TEU (20 fut ekvivalent konteyner) yük emal edərək dünyada təxminən 40-cı yeri tutub, lakin yenə də Latın Amerikasının ən böyük və ən müasir konteyner limanı olaraq qalır. Proqnozlara görə, San-Paulu və Santos arasında gündəlik 4810 kapsul, San-Paulu və Kampinas arasında isə 4156 kapsul hərəkət edəcək. Bu, yollardakı gündə 4000 yük maşınının sayını azaltmağa imkan verəcək. HyperPort layihəsinin tikintisi böyük investisiyalar tələb edəcək. İnfrastrukturun inşasına proqnozlaşdırılan kapital xərcləri 9.6 milyard dollar, istismar xərcləri isə bütün fəaliyyət dövrü üçün 1.6 milyard dollar təşkil edəcək. Bununla yanaşı, yalnız layihənin ilk mərhələsi üzrə gözlənilən gəlir 17.1 milyard dollar olacaq.
         Nəticədə HyperPort magistralının uzunluğu 549 km olacaq və Santos limanından San-Joze-du-Riu-Pretoya qədər uzanacaq. Hazırda HTT şirkəti 169 km uzunluğundakı Santos - Kampinas hissəsinə diqqət yetirir, çünki proqnozlara görə, bu marşrut ən gəlirli olacaq. 549 kilometrlik magistralın ümumi istismar xərcləri 2.8 milyard dollar, illik gəliri isə təxminən 525 milyon dollar olacaq. Əgər Braziliya hökuməti layihəni tam maliyyələşdirsə, daxili gəlir norması 62.7%, xalis indiki dəyəri isə 4.8 milyard dollar olacaq ki, bu da onu son dərəcə cəlbedici investisiya halına gətirir. Hətta kapital xərclərinin 25 %-ni özəl sektor ödəsə belə, layihə maliyyə baxımından dayanıqlı və yüksək gəlirli olaraq qalacaq.
    Mənbə: New Atlas
    Paylaş
    Bənzər xəbərlər
    yeni-texnologiya-batareyalardaki-enerji-sixligini-yukseldecek
    Elm & Texnologiya

    Yeni texnologiya batareyalardakı enerji sıxlığını yüksəldəcək

    Alimlər litium-ion batareyalarının ömrünü uzadan nano yaylı örtük hazırlayıblar. Yeni örtük texnologiyası batareyaların ömrünü əhəmiyyətli dərəcədə artırır.
    yeni-batareya-texnologiyasi-elektromobilleri-9-deqiqeye-sarj-etmeye-imkan-verir
    Elm & Texnologiya

    Yeni batareya texnologiyası elektromobilləri 9 dəqiqəyə şarj etməyə imkan verir

    Elektromobil sahibləri üçün uzunmüddətli şarj prosesi böyük bir problem olaraq qalır. Yanacaq doldurma ilə müqayisədə batareyanın enerjisini bərpa etmək vaxt tələb edir, xüsusilə uzun səfərlər zamanı bu, ciddi narahatlıq yaradır.
    alimler-50-ilden-cox-calisa-bilen-atom-batareyasi-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər 50 ildən çox çalışa bilən atom batareyası hazırlayıblar

    Çinin Qansu əyalətində yerləşən Lançjou Şimal-Qərb Pedaqoji Universitetinin alimləri karbon-14 (¹⁴C) izotopu əsasında işləyən atom batareyası hazırladıqlarını elan ediblər. Batareya 50 il müddətində enerji itirmədən işləyə bilir. O, ürək stimulyatorları, kosmik aparatlar və ekstremal şəraitdə işləyən cihazlar üçün nəzərdə tutulub.
    beefree-agro-startapi-mal-qaranin-otarilmasi-ve-idare-olunmasi-ucun-dronlarin-istifadesine-start-verib
    Elm & Texnologiya

    BeeFree Agro startapı mal-qaranın otarılması və idarə olunması üçün dronların istifadəsinə start verib

    İsrailin BeeFree Agro startapı mal-qaranın otarılması və idarə olunması üçün nəzərdə tutulmuş avtonom uçan dronların istifadəsinə başlayıb. Şirkətin qurucusu Noam Azran bir neçə il boyunca at belində rançolarda mal-qaraya nəzarət edib.
    4-aya-marsa-ucmaq-raketler-ucun-termonuve-muherriki-teqdim-edilib-video
    Elm & Texnologiya

    4 aya Marsa uçmaq: Raketlər üçün termonüvə mühərriki təqdim edilib (VİDEO)

    Böyük Britaniyanın Pulsar Fusion şirkəti nüvə mühərriki ilə işləyən raketini təqdim edib. Bu mühərrik termonüvə sintezi texnologiyasına əsaslanır. Yeni raket Marsa uçuş müddətini iki dəfə azalda və Günəş sisteminin kənarlarına daha sürətli çatmaq imkanını yarada bilər.