main-post-cover

    Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

    Elm & Texnologiya
    17.01.2022
    Emil Nəcəfov
        Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlarını elan edib. LodeStar Works adlı şirkət artıq 9 mm kalibrli smart tapançanı təqdim edib. SmartGunz adlı şirkət bu məsələ ilə bağlı radiotezlikli identifikasiya əsasında yaradılmış məhsulunu təklif edir. Biofare şirkəti isə barmaq izi skanı texnologiyasına sahib silahın hazırlanmasına köklənib. Smart silahın əsas məğzi kənar şəxsin ondan istifadə edə bilməməsindədir. Tərtibatçıların sözlərinə əsasən bu cür texnologiyaların silah sahəsinə inteqrasiya edilməsi öz növbəsində bəzi bədbəxt hadisələrin qarşısını almaqda yardımçı olacaq. Məsələn elə hallar olur ki, uşaqlar valideynlərinin xəbərləri olmadan onların silahlarını əldə edirlər və nəticədə özlərinə zərər yetirirlər.

    Bu cür tenxologiyalar həmçinin həbsxana gözətçiləri və polislər üçün də faydalı olacaqlar. Belə ki, əgər cinayətkar hansısa üsul ilə qanun təmsilçisinin silahını əldə etsə də o ondan istifadə edə bilməyəcək.

        Ümumilikdə isə silah oğurluğu öz mənasını itirəcək. Belə ki, oğurlanmış silahdan istifadə etmək mümkün olmayacaq. Bir çox hallarda müxtəlif identifikasiya üsulundan istifadə məsləhət görülür. LodeStar Works şirkəti öz diqqətini məhz bu cür silahın hazırlanmasına yönəldib. Sözügedən şirkətin 9 mm kalibrli tapançasına barmaq izi skanı texnologiyası inteqrasiya edilib və bundan əlavə olaraq silah Bluetooth vasitəsilə xüsusi smartfon tətbiqinə qoşulur. Silahda olan üçüncü təhlükəsizlik səviyyəsi isə rəqəmsal PIN kodun daxil edilməsidir. Beləliklə sözügedən tapançanı bir neçə istifadəçi üçün identifikasiyadan keçirtmək mümkündür.

    Digər identifikasiya üsulu isə radiotezlikli texnologiyaya əsaslanır. Bu texnologiyaya sahib silah yalnız o zaman atəş açır ki, onun daxilində olan çip istifadəçinin gəzdirdiyi üzük və ya qolbaqdakı çip ilə qarşılıqlı əlaqədə olsun.

        Smart silahların istehsal olunmasını dəstəkləyənlər və buna qarşı çıxanlar da var. Smart silahların istehsalına qarşı çıxanların fikirlərinə əsasən bu cür texnologiyalara sahib silahlardan istifadə artıq zamanın itirilməsinə səbəb olur. Belə ki, hansısa fövqəladə hadisəyə sürətli reaksiyanın verilməsi halında bu cür silahların effektivlikləri aşağı düşür. Məsələn hansısa cinayətkarın hücumu zamanı barmaq izi skanı texnologiyası sürətlə çalışmaya bilər. Rəqəmsal PIN kodun daxil edilməsi isə bu cür hallarda dəyərli saniyələri heçə sayır. Bundan əlavə olaraq bir neçə müddət bundan önə hackerlərdən biri smart silahı hack etməyə nail olmuşdu. Bu da smart silah məsələsinə öz mənfi təsirini göstərir. Buna baxmayaraq bu ilin sonunda ABŞ-da artıq smart silahların satılması planlaşdırılır.
    Linki kopyala