Cənubi Koreyanın raket startapı Unastella 24 milyon dollar investisiya aldı
Elm & Texnologiya
01.06.2026
Sevinj
Cənubi Koreyada fəaliyyət göstərən kosmik texnologiyalar startapı Unastella yeni investisiya mərhələsində 24 milyon dollar vəsait cəlb etdiyini açıqlayıb. Bununla da şirkətin indiyədək topladığı ümumi investisiya məbləği 44 milyon dollara çatıb. 2021-ci ildə yaradılan Seul mərkəzli şirkət kiçik peyklərin orbitə çıxarılması üçün öz raketlərini və mühərriklərini inkişaf etdirir. Unastella 2025-ci ilin may ayında Cənubi Koreya ərazisindən özünün "UNA EXPRESS-I" raketini uğurla buraxaraq ölkənin özəl kosmik sənayesində mühüm mərhələyə imza atıb.
Şirkətin təsisçisi və baş direktoru Cae Park bildirib ki, Unastella-nın əsas məqsədi texnologiyasını real uçuşlarla sınaqdan keçirmək və kommersiya bazarına mümkün qədər tez daxil olmaqdır. Bu səbəbdən şirkət daha mürəkkəb və bahalı həllər əvəzinə, etibarlılığı sübut olunmuş kerosin və maye oksigen əsaslı mühərriklərdən istifadə edir. Maraqlıdır ki, eyni yanacaq kombinasiyası SpaceX-in Falcon raketlərində də tətbiq olunur.
Unastella həmçinin ənənəvi turbopompa sistemlərini elektrik mühərrikli nasoslarla əvəz edib. Bu yanaşma raketin faydalı yük qabiliyyətini bir qədər azaltsa da, istehsal xərclərini və texniki mürəkkəbliyi əhəmiyyətli dərəcədə aşağı salır. Şirkətin növbəti hədəfi bu ilin sonuna planlaşdırılan "UNA EXPRESS-II" uçuşudur. Raketin 100 kilometr yüksəkliyə çatması Unastella üçün vacib mərhələ hesab olunur və şirkət bu uğurun Cənubi Koreyanın iri müdafiə və aerokosmik şirkətləri ilə əməkdaşlıqlara yol aça biləcəyini düşünür.
Hazırda 22 nəfərlik komandaya sahib olan Unastella hələ gəlir əldə etməsə də, investorların diqqətini cəlb etməyi bacarıb. Son investisiya raunduna Altos Ventures rəhbərlik edib. Raundda həmçinin Korea Development Bank, Strong Ventures və Hana Ventures kimi investorlar iştirak ediblər.
Paylaş