main-post-cover

    Çin istehsalı elektrikli avtobuslar və elektrotaksilər dünyanı aktiv şəkildə ələ keçirirlər

    Elm & Texnologiya
    05.12.2018
    Emil Nəcəfov
        Çin kommersiya məqsədli elektrikli nəqliyyat növlərinin istehsal sahəsində qlobal mərkəzə çevrilib. Belə ki, Çində istehsal olunan elektrikli taksilər, avtobuslar və yük maşınları qərbdə daha məşhurdur. Bu hələ o halda baş verir ki, çinli istehsalçıların qərbdə rəqibləri hələki yoxdur. Çinin özündə isə şəhərlər daha aktiv şəkildə elektrikli nəqliyyat növünə keçid edirlər. Şanxayın Automotive Foresight saytının hesablamalarına əsasən 2014-cü ildən 2017-ci ilə kimi çinli istehsalçılar 358.000 ədəd elektrikli avtobus istehsal ediblər. Bu isə Çinin bütün avtomobil sahəsinin 50% ilə eynidir. Məhz bu sayda olan elektrikli avtobuslar bütün dünya üzrə fəaliyyət göstərirlər.
        The Wall Street Journal saytının məlumatına əsasən bu sahədə çinli istehsalçıların rəqibləri yoxdur. Onlar yerli müştərilərin sifarişlərini yerinə yetirirlər və tədricən xarici bazarlara da çıxırlar. “Çin yeganə oyunçudur. Bütün elektrikli avtobuslar çinli şirkətlər tərəfindən istehsal edilir” – deyə məlumatda qeyd edilib. Məlumata əsasən məsələn Almaniyanın şəhərlərində də artıq sərnişinlər üçün nəzərdə tutulmuş elektrikli nəqliyyat növlərinin istifadəsinə start verilib. Lakin heç orda da lokal istehsalçılara diqqət verilmir. Elektrikli nəqliyyat növlərinin istehsalı və istifadəyə verilməsindən Çin cavabdehdir.
        Son illərdə bu bazarın liderlərindən biri də BYD şirkəti olub. Belə ki, o, 50 ölkəyə elektrikli nəqliyyat növlərinin satılması ilə məşğuldur. Şirkətin ikimərtəbəli elektrikli avtobusları London küçələrində fəaliyyət göstərir. Bundan əlavə olaraq BYD şirkəti Kaliforniyada elektrikli nəqliyyat növlərinin istehsalı üçün nəzərdə tutulmuş zavoda da sahibdir. Şirkət amerikalı müştərilərə artıq minimum 750 ədəd elektrikli avtobus satıb. BYD şirkətinin təmsilçiləri güman edirlər ki, müxtəlif bazarlara vaxtından əvvəl çıxmaq, gələcəkdə ABŞ və Avropa regionlarının müxtəlif təmsilçiləri ilə lazımi səviyyədə rəqabət aparmaq imkanını verəcək. Hal hazırda şirkət əsas diqqəti taksilərə və ictimai nəqliyyat növlərinə ayırır. Lakin gələcəkdə şirkət yüngül elektromobil istehsalçıları olan Tesla Volkswagen kimi şirkətləri geridə qoymağı da planlaşdırır.
        Çində elektrikli nəqliyyat növünün məşhurlaşması daha çox dövlətin və hökumətin yaratdığı stimulların nailiyyətidir. Belə ki, elektrikli nəqliyyat növləri Made in China 2025 strategiyasının əsas komponentidir. Bu strategiyaya əsasən Çin xarici istehsalçılardan öz asılılığını maksimal dərəcədə azaltmalıdır. Ölkədə elektromobillərin satışları getdikcə artır. Bu ilin yanvar ayından oktyabr ayına kimi şirkətlər ümumilikdə 746.000 ədəd yüngül elektromobil modeli reallaşdırıblar. Həmin vaxt ərzində şirkətlər həmçinin ictimai istifadə üçün 114.000 ədəd elektrikli avtobus, taksi və digər növ avtomobillər satıblar.
        Bu sahə üzrə Çində olan güzəştlərin miqyası həqiqətən də heyrətləndirir. Belə ki, ABŞ strateji və beynəlxalq tədqiqatlar mərkəzinin məlumatına əsasən 2009-cu ildən 2017-ci ilə kimi Çin elektrikli nəqliyyat növlərinin subsidiyalaşdırılmasına 48 milyard dollar xərcləyib. Məsələn dövlət dəstəyi sayəsində Şençjen şəhəri ilin sonuna kimi öz bütün avtobus və taksi sistemini elektrikləşdirilmiş sistemə keçirəcək. Qərb şirkətləri bu sahədə geridə qalsalar da rəqabət aparmaqdan heç də imtina etmirlər. Məsələn Scania Volvo kimi şirkətlər Çin bazarı üçün elektrikli yük maşınları və adi elektromobilləri istehsal etməyi planlaşdırır. Nissan artıq Çinin Dongfeng adlı şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrikli yük maşınlarını istehsal edir. Yerli istehsalçılar ilə həmçinin Renault şirkəti də çalışır.
        Analitiklər etiraf edirlər ki, xarici istehsalçıların bir əsas üstünlükləri var. Söhbət, onların nüfuzlarından gedir. Belə ki, çinli istehsalçılar tərəfindən istehsal olunan avtomobillər çox zaman tənqidə məruz qalırlar və bir çoxları həmin avtomobilləri güvənli hesab etmirlər. Bu isə öz növbəsində çinli istehsalçıların rəqiblərinin nəinki xarici bazarı, həmdə yerli bazarı ələ keçirtmək baxımından onlar üçün əsas üstünlük yaradır. Beləliklə bu iki tərəf arasındakı rəqabət çox maraqlı olacaq. Analitiklərin fikrincə xarici rəqiblərin bir dəfəlik aradan qaldırılması üçün Çin eyni anda istehsalat gücünün və keyfiyyətin yüksəldilməsi potensialına sahibdir. J.D. Power adlı analitik şirkətin proqnozlarına əsasən növbəti 2 ildə çinli elektromobil modellərinin bazardakı payları 40% yüksələcək. Artıq 2019-cu ildə hər bir yerli çinli istehsalçı minimum bir ədəd elektromobil modelinə sahib olacaq.
    Linki kopyala