
Çin polisi insanabənzər robotu xidmətə cəlb edib
Elm & Texnologiya
07.05.2025
Emil
Çinin Şençjen şəhərində polis ilk dəfə olaraq ictimai yerlərdə patrul xidməti aparmaq, itkin düşmüş uşaqları axtarmaq və turistlərə yardım göstərmək məqsədilə humanoid (insanabənzər) robota müraciət edib. Engine AI şirkəti tərəfindən hazırlanmış PM01 adlı robot, ictimai təhlükəsizliyin dəstəklənməsi məqsədilə robot texnologiyalarının geniş tətbiqi təşəbbüsü çərçivəsində ictimaiyyətə təqdim olunub. Lakin cəmiyyətin bu robotlaşdırılmış patrula reaksiyası əsasən tənqidi olub. İnsanabənzər robotlar əvvəllər dəfələrlə xəbərlərin qəhrəmanına çevrilib - onlar yerindən geriyə və yana salto edə bilir, peşəkarcasına rəqs edir, kunq-fu hərəkətlərinə yiyələnib, qoz qırır və tost qızardırlar. İndi isə görünür, onların peşə siyahısına polis işi də əlavə olunub.
Şençjen şəhərində humanoid polis robotu PM01 ilk dəfə aktiv patrul xidmətinə çıxıb. Hündürlüyü 140 sm, çəkisi isə 40 kq olan bu robot, real polis işçilərinə ictimai yerlərin monitorinqi və turistlərə yardım kimi gündəlik tapşırıqlarda kömək edəcək. PM01 tamamilə avtonom icraçı deyil, daha çox polisə gündəlik vəzifələrin yerinə yetirilməsində kömək göstərmək üçün nəzərdə tutulmuş dəstək sistemidir. O, parlaq rəngli jilet geyinir və sənaye səviyyəli ötürücülərlə, həmçinin 320 dərəcə dönə bilən gövdə ilə təchiz olunub ki, bu da ona ayaqlarını tərpətmədən ətraf mühiti skan etməyə imkan verir. Robot üz tanıma sisteminə malik kameralara və mikrofon massivinə sahibdir.
O, həm mandarin, həm də kanton dialektlərini anlayır, yoldan keçənləri salamlayır, itmiş uşaqlar haqqında məlumat verir və şübhəli aktivliklər barədə məlumatları dispetçer mərkəzinə ötürə bilir. PM01-in qiyməti təxminən 14 000$ təşkil edir və onun şəhərlərdə geniş istifadəsi nəzərdə tutulur - yalnız polis deyil, həm də mülki qurumlarda. PM01 ilk dəfə 2025-ci il fevralın 26-da Çin xəbər agentliyi CGTN tərəfindən yayımlanan 40 saniyəlik videoçarxda təqdim olunub. O vaxtdan bəri bu mövzu YouTube və Reddit kimi platformalarda geniş məşhurluq qazanıb. İstifadəçilərin reaksiyası əsasən mənfidir - bir çoxları bu robotu “qorxunc”, “antiutopik” və ya hətta “xəstə” kimi xarakterizə edir. “Robocop” və “Terminator” kimi müqayisələr geniş yayılıb, insaniləşmənin itməsi, empatiyanın olmaması və mümkün etik nəticələrlə bağlı narahatlıqlar tez-tez səsləndirilir.
Mənbə: Notebookcheck
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
