Logo
    main-post-cover

    Çin Starlink-in analoqunu yaratmağa çalışır

         Yerin aşağı orbitində (1900 km-ə qədər yüksəklikdə) yerləşən peyklər rabitə, naviqasiya və kəşfiyyat məqsədləri üçün olduqca vacibdir. Starlink-ə rəqib olmaq istəyən Çin şirkətləri iki böyük peyk şəbəkəsinə böyük vəsait yatıraraq təxminən 27 000 peyk buraxmağı planlaşdırıblar. Lakin bu günə qədər planlaşdırılmış sayın cəmi 1%-dən azı orbitə yerləşdirilə bilib. Gecikmənin əsas səbəblərindən biri etibarlı və çoxistifadəli daşıyıcı raketin olmamasıdır. ABŞ Kosmik Qüvvələrinin və kosmik məlumatların toplanması ilə məşğul olan qeyri-kommersiya təşkilatı CelesTrak-ın məlumatına görə, SpaceX indiyədək orbitə təxminən 8000 Starlink peyki çıxarıb və hər ay üstünlüyünü artırır. SpaceX ABŞ hökuməti ilə casusluq, düşmənin aşkar edilməsi və raketlərin izlənməsi məqsədilə peyklərin hazırlanması və buraxılması üzrə müqavilələr bağlayıb.
         Şirkət eyni zamanda digər müdafiə sənayesi podratçıları tərəfindən istehsal edilən peykləri də buraxır. Çin rəsmiləri SpaceX-in fəaliyyətindən narahatdırlar və bu şirkəti Pentaqonla ayrılmaz şəkildə bağlı hesab edirlər. Çin Xalq Azadlıq Ordusunun tədqiqatçıları proqnozlaşdırırlar ki, bu peyk şəbəkəsi ABŞ Silahlı Qüvvələrinin döyüş sisteminə dərindən inteqrasiya olunaraq raket hücumları barədə erkən xəbərdarlıq və müdaxilə məqsədilə istifadə ediləcək. Çin də ABŞ kimi, kosmosda mövcudluğun milli təhlükəsizlik baxımından əhəmiyyətini anlayır. Hökumət həmçinin kommersiya kosmos layihələrini dəstəkləyir və 344 milyard dollarlıq bir bazar formalaşdırmaq niyyətində olduğunu bəyan edib. “Ucsuz-bucaqsız kainatı araşdırmaq və kosmosda güclü dövlət qurmaq - bu, bizim daimi kosmik arzumuzdur” - deyə Çin lideri Xi Jinping keçən il bildirmişdi.
         Lakin hələlik Çin şirkətlərinin səyləri gözlənilən nəticələri verməyib. Qianfan adlı meqalayihə ilin sonuna qədər orbitə təxminən 650 peyk çıxarmalı idi. Lakin məlumatlara görə, bu şəbəkənin arxasında duran Shanghai Spacesail Technologies şirkəti cəmi 90 peyk buraxa bilib. Başqa bir peyk layihəsi olan Guowang isə daha da geri qalır. Gələn 10 il ərzində təxminən 13 000 peyk buraxılması planlaşdırılsa da, bu günə qədər orbitdə cəmi 34 aparat mövcuddur. Məsələ ondadır ki, Çin SpaceX kimi raket istehsalı sahəsində əsas problemi hələ həll etməyib. Gecikmənin əsas səbəblərindən biri etibarlı çoxistifadəli daşıyıcı raketin olmamasıdır. Çin şirkətləri hələ də peykləri birdəfəlik istifadə üçün olan raketlər vasitəsilə orbitə çıxarır. Peyklər buraxıldıqdan sonra raketin hissələri Yerə düşür və ya kosmik tullantıya çevrilir. Halbuki SpaceX-in əsas işçi raketi olan Falcon 9 qismən çoxistifadəlidir.
         Raketin əsas mühərrikləri yerləşən birinci pilləsi dik şəkildə Yerə qayıdır, zədələnmir və digər missiyalar üçün yenidən istifadə oluna bilir. Bu, xərcləri əhəmiyyətli dərəcədə azaldır və buraxılışlar arasındakı vaxtı qısaldır. Məhz bu səbəbdən SpaceX rəqiblərini xeyli qabaqlamağa nail olub. SpaceX-in məlumatına görə, Falcon 9 raketləri son 6 ildə təxminən 500 missiyada istifadə olunub. Lakin çoxistifadəli raketin olmaması Çinin aşağı Yer orbitini fəth etməsindəki yeganə problem deyil. Peyklərin istehsalı mürəkkəb və əmək tələb edən bir prosesdir, və hətta çoxistifadəli raketlər olduqda belə, sabit və davamlı buraxılış cədvəli qurmaq asan məsələ deyil. Hazırda Çinin perspektivdə çoxistifadəli ola biləcək 3 raketi mövcuddur. Birincisi, Long March 8 raketinin təkmilləşdirilmiş versiyası olan Long March 8R-dir. İkinci potensial alternativ isə Çin şirkəti Landspace tərəfindən istehsal olunan Zhuque-3 daşıyıcı raketidir.
         Ötən il bu raket uçuş və eniş sınaqlarından keçib, bu ilin iyun ayında isə onun mühərrikləri 45 saniyə işləyib. Üçüncü alternativ Tianlong-3 raketi isə ötən il problemlə üzləşib. Statik sınaqlar zamanı raket bir neçə saniyəlik havaya qalxıb və partlayıb. Çin şirkətləri bu il texnoloji sıçrayış edə bilsələr də, buraxılışların qənaətbəxş etibarlılığını təmin etmək üçün onlara hələ də zaman lazım olacaq. Buna baxmayaraq, Çin artıq indi peyk xidmətlərini təşviq etməkdədir. Çin kosmik şirkətləri Starlink peyklərinə güvənməkdən çəkinən və ya daha sərfəli qiymətlər axtaran ölkələrin hökumətləri ilə əməkdaşlığı genişləndirməkdədir. Shanghai Spacesail Technologies özünün Qianfan adlı meqapeyk şəbəkəsinə çıxışla bağlı 30 ölkə ilə müqavilə danışıqları aparır. Ötən il şirkət Braziliyada internet təminatı üzrə saziş imzalayıb - bu, Braziliya məhkəməsinin Starlink-in yerli aktivlərini dondurmasından qısa müddət sonra baş verib.
         Spacesail Tailand və Malayziyada da internet təminatı üzrə digər razılaşmalara malikdir, həmçinin Qazaxıstanda törəmə şirkət yaradıb. Lakin bu xidmətlər hələlik istifadəyə verilməyib. 90 peykdən 13-ü ümumiyyətlə naməlum səbəblərdən lazımi orbitə çata bilməyib. Hal-hazırda danışıqları aparılan peyk interneti üzrə müqavilələr, Avropa Kosmik Siyasət İnstitutunun tədqiqatçısı Joao Falcao Serra-nın sözlərinə görə, “azad ticarətdən daha proteksionist və avtonomiyaya əsaslanan qaydalara doğru yönələn bir dünyada” iqtisadi diplomatiyanın mühüm elementi ola bilər. Onun fikrincə, bir ölkənin Starlink ilə müqavilə imzalaması həmin ölkənin siyasi loyallığının göstəricisi kimi də qiymətləndirilə bilər.
         Çindəki özəl və dövlət şirkətləri ilin birinci yarısında 30-dan çox buraxılış həyata keçirib ki, bu da ötən ilin göstəricilərini üstələyir. Rəsmi açıqlamalara və ABŞ Kosmik Qüvvələrinin topladığı məlumatlara görə, bu missiyalar nəticəsində kosmosa təxminən 150 peyk və iki kosmik aparat çıxarılıb. Bunlara aşağı, orta və uzaq orbitlərə edilən buraxılışlar daxildir. Bununla belə, Çin şirkətləri buraxılış tempini sürətləndirməlidirlər. Bu, xüsusilə ayrılmış radio tezliklərində işləmək hüququnu itirmək riski ilə üzləşən peyk qruplaşmaları üçün aktualdır. Tezlik bölgüsü ilə məşğul olan Beynəlxalq Telekommunikasiya İttifaqının qaydalarına əsasən, müraciət təsdiqləndikdən sonra 5 il ərzində peyklərin yarısı orbitə çıxarılmalı, tam yerləşdirmə isə 7 il ərzində başa çatdırılmalıdır. Hazırda Çin bu məqsədlərə çatmaqda geridə qalır. Lakin ekspertlər hesab edirlər ki, texnoloji sıçrayış vəziyyəti köklü şəkildə dəyişə bilər.
    Paylaş