Çinin Chang'e-6 aparatı uğurlu şəkildə Ayın qaranlıq tərəfinə eniş edib (VİDEO)
Elm & Texnologiya
03.06.2024
Emil Nəcəfov
Çinin Ay səthində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş Chang’e-6 aparatı dünən səhər uğurlu şəkildə Ayın qaranlıq tərəfinə eniş edib. Aparatın əsas məqsədi isə Ayın qaranlıq tərəfindən süxur nümunələrinin yığılmasıdır. Chang’e-6 aparatının uğurlu enişi barəsində Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat verib. Məlumatda qeyd edilib ki, aparat daha öncədən təyin edilmiş yerə eniş edib. Söhbət, Ayın qaranlıq tərəfinin cənub hissəsində yerləşən və onun ən böyük krateri kimi bilinən Cənub qütbü-Eytken daxilindəki Apollo adlı daha bir kraterdən gedir. Aparatın enişi üçün Ay səthinin bu sahəsinin seçilməsinin əsas səbəbləri arasında sözügedən sahənin elmi dəyərə sahib olması, aparatdan distant şəkildə idarə üçün əlverişli rabitə şərtləri və nisbətən yastı relyefdir.
Eniş prosesinin yekunlaşmasından sonra Chang’e-6 aparatı 2 gün ərzində Ay süxur nümunələrini yığmalıdır. Bunun üçün aparat səthaltı nümunələrin əldə edilməsinə istiqamətlənmiş xüsusi qazma təchizatından və səth üzərindəki nümunələrin əldə edilməsi üçün xüsusi robot əldən istifadə edəcək. Məlumatda qeyd edilib, Ayın qaranlıq tərəfində yerləşən aparat ilə rabitə əlaqəsinin qurulması üçün Queqiao-2 adlı rabitə peykindən istifadə edilir. Lakin Ay tərəfindən olan məhdudiyyətlər səbəbilə Ayın görünən tərəfi ilə müqayisədə qaranlıq tərəfində rabitə üçün nəzərdə tutulmuş müddət qısadır. Buna görə də Chang’e-6-ya Ay süxur nümunələrinin yığılması üçün cəmi 14 saat vaxt verilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Ayın görünən tərəfində fəaliyyət göstərmiş Chang’e-5 aparatı süxur nümunələrinin yığılması üçün 22 saat vaxta sahib idi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!