Logo
    main-post-cover

    Çinin qrafit bombaları bütöv şəhərləri elektrik enerjisindən məhrum edə bilər (VİDEO)

    Elm & Texnologiya
    01.07.2025
    Emil
         Çinin dövlət televiziya kanalı CCTV Çin istehsalı olan yeni silahın - qrafit döyüş başlığına sahib raketin - animasiyalı videosunu nümayiş etdirib. Bu raket bütöv regionların enerji təchizatını iflic edə biləcək gücə malikdir. İstehsalçıların fikrinə görə, bu silah binaları və texnikanı məhv etmir, əvəzində enerji sistemlərini sıradan çıxararaq tam qaranlıq effekti yaradır. Döyüş başlığında 90 alt-sursat var və raket buraxıldıqdan sonra havada açılaraq karbon liflərini ətrafa səpir. Bu liflər yüksək gərginlikli elektrik şəbəkələrində qısaqapanmalar yaradır və nəticədə kritik infrastruktur obyektlərini - yarımstansiyaları, elektrik ötürmə xətlərini və transformatorları - faktiki olaraq “söndürür”. Zərbə sahəsi azı 10 000 kvadrat metr təşkil edir. Raketin fəaliyyət radiusu isə 290 kilometrdir.
         Analitiklərin qiymətləndirməsinə görə, bu silah Çin hərbi doktrinasında yer alan “sistemləri iflic edən müharibə” konsepsiyasına mükəmməl şəkildə uyğundur. Bu yanaşma fiziki məhvetməni deyil, əsasən rabitə, enerji təchizatı və düşmənin komanda mərkəzlərinin iflic edilməsini hədəfləyir. Qrafit bombaları hərbi texnologiyada yeni deyil. Onlardan ABŞ əvvəllər Yuqoslaviya və İraq əməliyyatları zamanı fəal şəkildə istifadə edib. Məsələn, İraqda bir zərbədən sonra Nasiriya şəhəri 30 gündən artıq müddətdə işıqsız qalmışdı. Lakin indi Pekin bu texnologiyanı təkmilləşdirir.
         Analitiklər qeyd edirlər ki, bu cür silah düşmənin infrastrukturuna genişmiqyaslı dağıntılar və itkilər olmadan zərbə vurmağa imkan verir. Lakin burada bir məqam var: işıqlar sönəndən sonra humanitar fəlakət başlayır - su, rabitə, tibbi yardım və nəqliyyat olmadan. Çin bu silah üçün əsas komponent olan qrafitin istehsalına tam nəzarət edir. Eyni zamanda raketlərin kütləvi istehsalı üçün sənaye bazasına da sahibdir. “Partlayışsız müharibə” dövrü artıq fantastika kimi görünmür. Çin qrafit bombası - infrastruktur müharibələri üçün gələcəyin silahıdır.
     
    Paylaş