
Çinin təcrübi 6G şəbəkəsi rekord yükləmə sürətini sərgiləyib
Elm & Texnologiya
24.07.2025
Emil
Dünya hələ 5G texnologiyasını mənimsəmək mərhələsində olduğu halda, Çin artıq növbəti nəsil rabitəyə doğru irəliləyir. Telekommunikasiya şirkəti China Mobile 6G texnologiyasının testində irəliləyiş əldə etdiyini açıqlayıb və saniyədə 280 Gbit sürəti nümayiş etdirib. Bu sürət 50 GB-lıq bir faylı cəmi 1.4 saniyəyə yükləməyə imkan verir və bu göstərici ən sürətli müasir bağlantılardan dəfələrlə yüksəkdir. Test üçün dünyada ilk dəfə 10 məntəqədən ibarət kiçik ölçülü 6G şəbəkəsi qurulub. Layihə tamamilə tədqiqat xarakteri daşıyır və kommersiya istifadəsini nəzərdə tutmur. Test zamanı əldə edilən 280 Gbit/s sürəti 5G texnologiyasının nəzəri maksimumundan təxminən 14 dəfə yüksəkdir.

Bu o deməkdir ki, 4K formatında 2 saatlıq bir Blu-ray filmi cəmi 2 saniyəyə yükləmək mümkündür. Bu nailiyyət streaming, oyunlar, virtual reallıq, tibb və əşyaların innterneti (IoT) sahələrində yeni imkanlar açır. China Mobile növbəti nəsil texnologiyalara aktiv şəkildə investisiya yatırır. Şirkət artıq 6G sahəsində tədqiqatlara 5.4 milyard dollardan çox vəsait sərf edib. Bundan əlavə, China Mobile 4 dövlət elmi-texniki təşəbbüsündə iştirak edir və 10 əsas 6G texnologiyasının hazırlanması üzərində çalışır. Ötən il şirkət yüksək sürətli məlumat ötürülməsi üçün nəzərdə tutulmuş aşağı gecikməli peyki orbitə buraxaraq yerüstü şəbəkələrin hüdudlarından kənarda da öz imkanlarını genişləndirmişdir.

6G-nin inkişafı ilə paralel olaraq China Mobile həm də 5G və 5G-A sahəsində mövqeyini gücləndirməkdə davam edir. Şirkət dünyada ən böyük 5G şəbəkəsini qurub - bu şəbəkə 2.4 milyondan çox baza stansiyasını əhatə edir ki, bu da dünya üzrə ümumi sayın 30%-dən çoxunu təşkil edir. Bu şəbəkə Çinin inzibati bölgələrinin 90%-dən çoxunu əhatə edir və 5G üzrə 300-dən artıq beynəlxalq standartlara cavab verir, keyfiyyət və əhatə baxımından lider mövqe tutur. 6G rabitəsinin kommersiya məqsədli tətbiqi 2030-cu ildən tez olmayaraq gözlənilir, baxmayaraq ki, bəzi mütəxəssislər ilk kommersiya istifadələrinin artıq 2028-ci ilə qədər baş tuta biləcəyini proqnozlaşdırırlar. Bu müddətə qədər isə bir çox texniki və normativ məsələlərin həll olunması tələb olunur.
Paylaş