
Çinin XPeng şirkəti öz uçan elektromobilinin yeni konsept versiyasını sərgiləyib (VİDEO)
Elm & Texnologiya
30.10.2022
Emil
Quançjouda baş tutmuş Tech Day adlı tədbir çərçivəsində Çinin XPeng şirkəti özünün Aeroht adlı uçan elektromobilinin yeni versiyasını sərgiləyib. Şirkət həmçinin bu uçan elektromobilin prototipini hazırlayıb və həmin prototip ilk uçuşunu uğurla yekunlaşdırıb. Aeroht adlı uçan elektromobilin yeni versiyası əvvəlki versiyalardan çox fərqlənir. İndi bu elektromobil həm adi yolda hərəkət edə həm də havada uça bilir. Şirkət tərəfindən təqdim edilmiş konsept videodan da görmək olar ki, uçan elektromobilin yuxarı hissəsində 4 ədəd böyük ölçülü pər var. XPeng Aeroht-un yeni versiyası çoxlu sayda fırlanan pər konstruksiyasını və yüksək səviyyəli təhlükəsizlik ilə etibarlı uçuşun təmin olunması üçün təkmilləşdirilmiş konstruksiyanı əldə edib.
Şirkətin verdiyi məlumata əsasən adi yolda hərəkət çərçivəsində Aeroht funksionallıq baxımından ənənəvi avtomobillər ilə rəqabət apara bilər. Uçuş zamanı adi idarəetmə sükanından və sükanın sağ hissəsində yerləşən keçid sistemindən istifadə edilir. Həmin keçid sistemi öz növbəsində uçuş trayektoriyasının tənzimlənməsi, elektromobilin havaya qalxması və havada stabilizasiyası üçün nəzərdə tutulub. Uçan nəqliyyat növünün idarəsi adi yolda yüngül avtomobilin idarəsi qədər asan səviyyədə reallaşdırılıb. Şirkətin fikrincə bu faktor uçan elektromobilin bazarda uğur qazanmasını təmin edəcək. Sözügedən uçan elektoromobilin hansı texniki özəlliklərə sahib olduğu barəsində məlumat verilməyib. Bununla yanaşı onun kommersiya məqsədli versiyasının nə zaman istehsal ediləcəyi, nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı da bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
