
Çinli tələbə dünyanın ən sürətli dronunu hazırlayıb
Elm & Texnologiya
16.05.2025
Emil
Çinli tələbə Xu Yang Ginnesin Rekordlar Kitabı üçün 250 qramadək kütləyə malik dronla sürət üzrə yeni dünya rekordu müəyyən edib. Mikrodron 340.78 km/saat sürətə çatıb. Halbuki əvvəlki rekord 219 km/saat idi. Qeyd etmək lazımdır ki, tələbəyə bu işdə əvvəllər uğur qazanmış aviamodelçi rekordçular məsləhətləri ilə dəstək veriblər. Yeni rekordçu öz ixtirasını sirr saxlamayacağını, təcrübəsini paylaşmağa hazır olduğunu bildirib. Rekordu qazanmaq üçün Xu Yang dronun pərvanelərini, gövdəsini özü dizayn edib və elektronik hissələri yığıb. Raket başlığını xatırladan gövdənin qalınlığı cəmi 0.4 mm-dir.

O, karbon plastikdən hazırlanıb və bu da konstruksiyanın nisbətən möhkəm olmasını təmin edir. Tələbə prototipin sınaqlarına hələ ötən payızdan başlayıb və nəticələri tədricən yaxşılaşdırıb. Lakin noyabr ayında mühərrik nasazlığı səbəbindən əvvəlki modeli sıradan çıxıb. Rəsmi olaraq bu nailiyyət 2025-ci il martın 23-də qeydə alınıb. Özəl hazırlanmış dron 480 qramlıq çəki ilə 340.78 km/saat sürətə çatıb. Qanadverici külək şəraitində isə sürət 358 km/saat olmuşdu.

Maraqlıdır ki, əvvəlki hesablamalara əsasən, dronun maksimum sürəti yalnız 320 km/saat ola bilərdi. Lakin real nəticə gözləntiləri üstələyib. Əvvəllər bu səviyyədə sürətlərə yalnız 500-1000 qramlıq ağır dronlar çatırdı. Çinli tələbə isə bu göstəriciyə daha yüngül qurğu ilə nail olub. Burada ona həm ixtiraçılığı, həm də müəyyən qədər cəsarəti kömək edib. Məsələn, uçuşdan əvvəl o, batareyaları 40 dərəcə Selsiyə qədər qızdırıb ki, bu da məhsuldarlığı artırır. Lakin belə bir addım məişət şəraitində qətiyyən tövsiyə olunmur. Bu, batareyanın partlamasına səbəb ola bilər. İstisna deyil ki, yaxın gələcəkdə yeni rekord müəyyən olunacaq. Çünki yeni nailiyyətlərə can atmaq qarşısıalınmaz bir istəkdir.
Mənbə: South China Morning Post
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
