Logo
    main-post-cover

    Çinlilər kosmosda təkmilləşdirilməsi mümkün olacaq yeni kosmik teleskop üzərində çalışırlar

    Elm & Texnologiya
    25.02.2025
    Emil
         Çinli alimlər NASA-nın ən güclü kosmik teleskopu olan James Webb-ə rəqib olacaq yeni kosmik teleskopun təfərrüatlarını açıqlayıblar. Əgər James Webb Yer kürəsindən 1.5 milyon kilometr uzaqlıqda, Günəş ətrafında orbitdə hərəkət edirsə, Çinin yeni Xuntian adlı teleskopu Yer orbitində, Tiangong kosmik stansiyasının yaxınlığında yerləşəcək. Alimlərin sözlərinə görə, Xuntian teleskopu James Webb teleskopu qədər güclü olacaq, lakin onun əsas üstünlüyü kosmosda təmir və modernizasiya edilə bilməsi olacaq. Bu, teleskopun daha uzun müddət fəaliyyət göstərə biləcəyi mənasına gəlir. Məlumata əsasən Çin teleskopunun imkanlarını təsvir edən məqalə arXiv preprint serverində yayımlanıb.
         James Webb kosmik teleskopunun büdcə problemləri səbəbindən planlaşdırıldığı qədər geniş müşahidələr apara bilmə ehtimalı azaldığı bir vaxtda, Çin NASA teleskopuna rəqib olacaq yeni bir kosmik teleskop inşa edir. Çinli alimlərin sözlərinə görə, Xuntian orbital teleskopunun əsas məqsədlərindən biri dərin kosmik müşahidələr aparmaq və bir sıra kosmoloji sirrləri həll etməyə çalışmaqdır. Xuntian teleskopunun 2026-cı ildə orbitə buraxılması planlaşdırılır. Onun əsas güzgüsünün diametri 2 metr olacaq. Bu ölçü Hubble teleskopunun güzgüsündən bir qədər kiçik olsa da, Xuntian-ın qabaqcıl optikası ona kosmosu ən azı 300 dəfə geniş bir sahədə müşahidə etməyə imkan verəcək.
    James Webb teleskopu:
         Teleskop geniş spektrdə müşahidələr aparacaq - yaxın ultrabənövşəyi diapazondan yaxın infraqırmızı diapazona qədər. Xuntian teleskopunun əsas üstünlüklərindən biri onun Çin kosmik stansiyası Tiangong ilə eyni orbitdə yerləşməsidir. Bu iki obyekt həmişə yanaşı olmayacaq, lakin müəyyən vaxtlarda bir-birinə yaxınlaşacaqlar. Bu, çinli astronavtlara teleskopun təmirini, texniki xidmətini və modernizasiyasını yerinə yetirməyə imkan verəcək. Bu üstünlük nə Yerə daha yaxın olan Hubble teleskopunda, nə də uzaq kosmosda yerləşən Webb teleskopunda mövcuddur. Beləliklə, Hubble və Webb teleskoplarının xidmət müddəti məhdud olsa da, alimlər hesab edirlər ki, Xuntian teleskopu orbitdə onilliklərlə işləyə və kainat haqqında qiymətli məlumatlar toplaya biləcək.
         Çinli alimlərin sözlərinə görə, yeni orbital teleskopun əsas məqsədlərindən biri zəif qravitasiya linzalanmasını ölçmək olacaq. Uzaq qalaktikalardan gələn işıq, aradakı qalaktikaların yaratdığı fəza əyriliyi səbəbindən azacıq da olsa, istiqamətini dəyişir. Alimlər 100 minlərlə qalaktikanı tədqiq edərək onların formalarındakı incə təhrifləri müəyyən etməyə çalışacaqlar. Bu araşdırma kainatda maddənin paylanmasını daha dəqiq şəkildə əks etdirən xəritələrin hazırlanmasına kömək edəcək. Bu xəritələr, həmçinin, kainatın böyük bir hissəsini təşkil edən, lakin birbaşa müşahidə edilə bilməyən qaranlıq maddənin təbiəti haqqında məlumatları verə bilər.
         Xuntian teleskopu daha böyük miqyasda kosmik boşluqları (void) və qalaktika qruplaşmalarını öyrənəcək. Kosmik boşluqlar qalaktikalar arasındakı nəhəng boşluqlardır, qalaktika qruplaşmaları isə sıx toplanmış qalaktika dəstələridir. Bu boşluqların və qruplaşmaların böyüklüyü və bir-birindən nə qədər uzaqda yerləşdiyi, kainatın genişlənməsini sürətləndirən qaranlıq enerjinin xüsusiyyətlərindən asılıdır. Buna görə də alimlər bu müşahidələr vasitəsilə qaranlıq enerjinin təbiətini daha yaxşı anlamağa ümid edirlər.
    Mənbə: Live Science
    Paylaş
    Bənzər xəbərlər