Coinbase mühəndisi milçək beyni simulyasiyasını kripto treyderinə çevirib
Elm & Texnologiya
12.09.2026
“Coinbase”də çalışan mühəndis erkək meyvə milçəyinin beyin və göz simulyasiyasını kriptovalyuta treyderinə çevirib. “Stonkfly” adlı layihədə virtual milçəyə qiymətin əvvəlki dövrlərdə necə dəyişdiyini göstərən şam qrafiki göstərilir. Simulyasiya qrafikə baxaraq valyutanı almaq, satmaq və ya saxlamaq qərarı verir. Layihənin kodu hamı üçün açıqdır və onu “GitHub”dan yükləmək olur.
Virtual milçək kriptovalyutaların qrafiklərinə növbə ilə baxır və qazanc gətirən əməliyyata görə mükafat siqnalı alır. Portfelin, yəni hesabdakı aktivlərin ümumi dəyəri artanda 15 hüceyrəyə dopamin ötürülür. Zərər olduqda xoşagəlməz reaksiyanı ifadə edən 2 hüceyrə işə düşür. Əməliyyat haqqı da zərər kimi hesablanır. Müəllif vurğulayır ki, simulyasiyada ağrı və emosiyalarla bağlı mexanizmlər yoxdur.
Virtual beynin 166 700 neyronu və 25,6 milyon bağlantısı var. Milçəyin sol və sağ gözü qrafiki mərkəzdə üst-üstə düşən 320 x 180 ölçülü görüntü kimi görür. Gözlərdəki işığa həssas hüceyrələr qiymətin özünü deyil, piksellərin qırmızı, yaşıl və mavi rəng (RGB) dəyərlərini qəbul edir. Simulyasiya hər 500 millisaniyədə, yəni yarım saniyədə bir qərar verir. Bazar məlumatları 60 saniyədə bir yenilənir. “Stonkfly” gündə ən çox 24 əməliyyat edə bilər. Hər əməliyyata 10 dollar (təxminən 17 manat) ayırmaq olur.
Simulyasiya borc götürərək daha böyük məbləğlə əməliyyat apara və qiymətin enəcəyinə mərc edə bilmir. Müəllifə görə, təcrübə yalnız daxil olan məlumatlar, görmə siqnalları və neyron əlaqələrindəki dəyişikliklər arasındakı bağlılığı göstərir. Bu, virtual milçəyin real bazarda ticarət bacarığı olduğunu sübut etmir. Kriptovalyutaların qiyməti ümumilikdə qalxanda sadəcə alış edən istənilən sistem uğurlu görünə bilər. Ona görə nəticələrə əsasən investisiya qərarı vermək olmaz.
İlkin ayarlarda proqram real pulla işləmir. Sınaq əməliyyatları 100 dollar (təxminən 170 manat) virtual balansla aparılır. Qiymətlərsə real BTC və USDC bazar məlumatlarından götürülür. “Stonkfly” layihəsini “macOS” və ya “Linux” sistemində işlətmək üçün kompüterdə 16 GB RAM olmalıdır. Həmçinin “Python 3.11” və C++17 kompilyatoru tələb olunur. Kodda canlı hesabı qoşmaq və simulyasiyanı real əməliyyatlarla yoxlamaq üçün təlimatlar da var.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...