COVID-19-un mənşəyi müəyyən edilib: Laboratoriyadan, yoxsa bazardan yayılıb?
Elm & Texnologiya
23.09.2024
Aslan
Covid-19, laboratoriyadan, yoxsa bazardan yayılıb? Yeni bir hesabatdan əldə edilən genetik sübutlar, koronavirus pandemiyasının böyük ehtimalla Wuhan bazarındakı heyvanlardan yayıldığını göstərir.
Alimlər, COVID-19 pandemiyasının mənbəyinin yoluxmuş heyvanlar olduğuna dair yeni sübutlar təqdim ediblər. Xüsusilə pandemiyanın Wuhan şəhərindəki bir bazardan yayılma ehtimalı, laboratoriya sızması nəzəriyyəsindən daha güclü bir izah kimi irəli sürülür. Tədqiqatçılar, 2020-ci ilin yanvarında Çində toplanmış yüzlərlə nümunəni təhlil edərək, virusun mənbəyi ola biləcək heyvanları araşdırıblar. Araşdırma nəticələri, xüsusən yenot itlərinin, viveraların və bambuk siçanlarının pandemiyanın mənbəyi ola biləcəyinə işarə edir. Lakin bu tapıntılar, hələ də qəti sübutlar təqdim edə bilmir. Alimlər, həmin heyvanların bazarda virusla birgə mövcudluğunu müəyyən etsələr də, onların virusu daşıyıb-daşımadığını dəqiq ortaya qoya bilməyiblər.
Araşdırmanın detalları, Çin rəsmilərinin 2020-ci ilin yanvarında topladığı ekoloji nümunələrin genetik analizinə əsaslanır. Bu nümunələr arasında heyvan qəfəslərindən və bazar piştaxtalarından götürülmüş nümunələr də var. Əldə edilən tapıntılar, COVID virusu və potensial heyvan mənbələrinin eyni yerlərdə ola biləcəyini göstərir. ABŞ və Fransadan olan alimlər, bu məlumatlarla daha dərin genetik təhlillər apararaq pandemiyanın erkən mərhələlərində virusun müxtəlifliyini araşdırmağa çalışıblar. Araşdırmada həm DNT, həm də RNT qalıqları vasitəsilə bazarda hansı heyvanların və virusların mövcud olduğu müəyyən edilib. ABŞ-ın Scripps İnstitutundan professor Kristian Andersen deyir: “Təkcə bir piştaxta səviyyəsində belə pandemiyanın yüksək ehtimalla mənbəyinin bazar olduğunu göstərən çox uyğun bir hekayə tapırıq”. Ancaq virusun həmin vaxt orada olması, onun heyvanlara yoluxduğunu göstərmir. Nümunələrdə ən çox rast gəlinən heyvan yenot iti olub. Bu heyvanın eksperimentlərdə həm COVID-ə yoluxduğu, həm də onu ötürdüyü müşahidə edilib.
Genetik analizin dərinliyi, satılan yenot itlərinin spesifik cinslərini müəyyən etməyə imkan verib. Onların xəzləri üçün yetişdirilən növlərindən daha çox Cənubi Çində vəhşi təbiətdə yayılmış növlər olduğu görülüb ki, bu da alimlərə gələcəkdə nələrə baxmalı olduqlarına dair ipucu verib. Araşdırma qrupu, həmçinin bazarda olan virus nümunələrinin genetik kodunu pandemiyanın ilk günlərində xəstələrdən götürülmüş nümunələrlə müqayisə edib. Virus nümunələrindəki müxtəlif mutasiyaları təhlil etmək də əlavə məlumat verib. Nümunələr, koronavirusun bazarda bir neçə dəfə ortaya çıxdığını və heyvanlardan insanlara 2 potensial yayılma hadisəsinin baş verdiyini göstərsə də, qəti sübut təqdim etmir. Professor Kristian Andersen isə bu nəticələrin tutarlı bir hekayə yaratdığını və pandemiyanın mənbəyinin bazar ola biləcəyini vurğulayır. Onun sözlərinə görə, pandemiyanın ilk günlərində rast gəlinən koronavirusun bütün genetik müxtəlifliyi həmin bazarda mövcud olub.
Arizona Universitetindən professor Michael Worobey də bu araşdırmanın erkən yoluxmalar və xəstəxanaya yerləşdirilənlərin bazarla əlaqəli olması kimi digər məlumatlarla birləşdirildikdə, COVID-in heyvan mənşəli olduğuna dair işarə etdiyini söyləyib. Worobey, “Bunun belə olması ağlabatan şübhələrdən kənardır” deyərək digər açıqlamaların xəyali və absurd olduğunu söyləyib. Laboratoriya sızması nəzəriyyəsi, virusun vəhşi təbiətdən yayılmaq əvəzinə, uzun müddət koronaviruslar üzərində işləyən Wuhan Viroloji İnstitutundan (WIV) yayıldığını müdafiə edir. İnstitut, bazardan avtomobillə 40 dəqiqəlik məsafədə yerləşir. 2023-cü ilin iyununda virusun mənbəyini araşdıran bütün əlaqədar qurumlar, həm sızmanın, həm də heyvan mənşəli bir virusun ağlabatan ssenarilər olduğunu demişdi.
Professor Andersen, laboratoriyada virus üzərində işin aparılması və bu laboratoriyanın bazaya yaxınlığı nəzərə alındıqda sızma fikrinin mümkün göründüyünü, lakin əslində vəziyyətin daha fərqli olduğunu vurğulayır. Alimin sözlərinə görə, real mərkəz bazar olub və hətta həmin bazardakı spesifik yerləri göstərən çox sayda məlumat var. Pandemiyanın mənbəyi ola biləcək heyvanların müəyyən edilməsi alimlərə heyvan mənşəli epidemiyalarla bağlı gələcəkdə nələrə diqqət yetirməli olduqları barədə ipucları verir. Ancaq pandemiyanın ilk günlərində təsərrüfatlar heyvanları məhv etdiyi üçün, artıq yeni sübutlar tapmaq çətin ola bilər.
Paylaş
Ən çox oxunanlar