'Creative Business Cup' Azərbaycan 2018 startap proqramının Ölkə Finalı başa çatdı!

10.10.2018 0 PAYLAŞIM 281 OXUNMA

“Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı, “Azərkosmos” ASC və “SOCAR” AQŞ-nin əsas tərəfdaşlığı ilə beynəlxalq “Creative Business Cup (CBC)” Azərbaycan 2018 startap proqramının Ölkə Finalı keçirildi!

CBC Dünyanın 70-dən çox ölkəsində keçirilən startap proqramıdır. Final günündə 13 startap komandası yerli və xarici mütəxəssislərdən ibrarət münsiflər heyəti qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün bir biri ilə yarışdı. Ümumilikdə 70-dan çox ölkənin hər birinin ölkə finalının qalibi olan startap komandaları 2018-ci ilin noyabr ayında Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək Dünya Finalında öz ölkələrini təmsil edəcəklər.

Qalib startaplar və əldə etdikləri imkanlar:

1-ci yerin qalibi: Ay-try (http://ay-try.com/) - sağlam həyat tərzinə yeni bir moda gətirən startap – öz unikal idman alətləri və yeriş stili vasitəsilə əzələlərin 90% məşq prosesində işləkliyini təmin etməklə yanaşı, buna iki dəfə az müddətdə nail olmağa imkan verir. Startap komandası 25-29 noyabr tarixlərində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Dünya Finalında Dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında öz məhsullarını təqdim edəcək, investisiya əldə etmək və eyni zamanda ölkəmizin uğuru üçün yarışacaq.

2-ci yerin qalibi: PictoFy (https://goo.gl/n2DazW) - idman və əyləncə tədbirləri zamanı çəkilmiş fotoşəkilləri sürətli (real-time) rejimində fotokameradan istifadəçilərə / tədbir iştirakçılarına bir neçə saniyə müddətində ötürmək imkanı verən mobil tətbiqdir. PictoFy platformasından fotoşəkilləri fotoqrafların və tədbir təşkilatçılarının seçimlərindən asılı olaraq pulsuz və ya ödənişli əldə etmək mümkündür. Startap komandası 6-7 noyabr tarixlərində Çində keçiriləcək CBC Çin Finalında Dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında öz məhsullarını təqdim edəcək, investisiya əldə etmək və eyni zamanda ölkəmizin uğuru üçün yarışacaq.

3-cü yerin qalibi: Musicbeez (https://www.musicbeez.com/) - Musicbeez musiqi dinləyicilərinə istədikləri hər hansı bir sənətçinin ifasında hər hansı bir mahnı dinləmək üçün fürsət verən bir platformadır. Musicbeez dünyanın bütün yerlərindən eyni fikirli musiqi dinləyicilərinə bir araya gəlmək və hər hansı bir mahnını öz sevimli sənətkarlarının ifasında eşitmək üçün toplanmış bir sorğu (istək, sifariş) göndərməyə imkan verir. Startap komandası 26-29 Oktyabr tarixlərində Bakıda Keepface startapı tərəfindən keçiriləcək “Global Influencer Day” (https://influencerday.org/) tədbirinə bir ədəd tam giriş (“All-access”) bileti qazandı.

Ən Yaxşı Xanım Sahibkar nominasiyası qalibi: Otmilk (http://otmilk.com/) komandasının üzvü Bilgeis Hacıyeva Ölkə Finalında möhtəşəm performansına görə Ən Yaxşı Qadın Sahibkar mükafatına layiq görülmüşdür. Sil. innovasiya mərkəzindən smartfon və Buket.al (https://www.buket.al/) startapından gözəl bir çiçək buketi hədiyyəsi aldı!

Qlobal turda təqdim olunan mükafatların ümumi dəyəri 100.000 ABŞ dollarından çoxdur. Bu il Azərbaycandan proqrama qəbul olunan 13 startap komandası sürətləndirilmiş pre-akselerator proqramını bitirərək Danimarkada keçiriləcək qlobal final və aşağıdakı mükafatlar uğrunda yarışıblar! Dünya finalında Azərbaycanı təmsil edəcək startap komandasının bütün xərcləri qarşılanır.

CBC Global Finalının mükafatları:

– Birinci yer: € 7,000 avro,

– İkinci yer: € 3,500 avro,

– Üçüncü yer: € 1,500 avro.

– 4 fərqli mövzu mükafatı (cəmi: € 17,000 avro).

Hər bir ölkənin qalib startap komandası Dünya Finalında bir yerə toplanacaq və Dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimat edəcəklər. Dünya Finalında dünyanın 70-dan çox ölkəsindən qoşulan 1000 nəfərlik bir proqramda qalib startapımız ölkəmizin uğuru üçün yarışacaq.

Sil. Innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Bir daha qeyd edək ki, “Creative Business Cup” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzidir. “Sil.” innovasiya mərkəzinin əsas tərəfdaşları “Azərkosmos” ASC və “SOCAR” AQŞ-dir.

Proqramın digər tərəfdaşları Vita1000 meyvə şirələri, Fransız Azərbaycan Universiteti, Buket.al startapı, IRS Cizgi və Keepface startapıdır. Proqramın Media tərəfdaşları Technote Media, Edumap və REAL TV təşkilatlarıdır.